26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tarix və mədəniyyət abidələri yüksək dövlət qayğısı ilə əhatə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına uyğun olaraq 2005-ci ildən başlayaraq burada olan tarix və mədəniyyət abidələrinin qeydə alınması davam etdirilməkdədir. Son illər aparılan araşdırmalar zamanı Naxçıvanda formalaşan qədim mədəniyyətlərin Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyəti olduğunu təsdiq edən yeni abidələr aşkar olunub.

Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin mövcudluğu uzun müddətdir ki, qafqazşünas arxeoloqların diqqətini cəlb etməkdədir. R.Munçayev, O.Həbibullayev, İ.Nərimanov, T.Axundov və digərləri Yaxın Şərq mədəniyyətlərinin Cənubi Qafqaza yayılması ilə bağlı müxtəlif fikirlər söyləyiblər. Bu əlaqələrin mövcudluğu indiyədək tək-tək tapıntılarla təmsil olunurdusa, hazırda arxeoloji materialların bütöv kompleksi ilə təsdiq edilir. Belə ­arxeoloji material mənbələrindən biri də Dalma təpətipli keramika ilə xarakterizə olunan Naxçıvan təpə yaşayış yeridir.
Bu yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir və vaxtilə buradakı yarğanın üzərində salınıb. Ehtimal ki, çay yaşayış ­yerinin yaxınlığından keçirmiş, hazırda isə ondan 200 metr aralıdadır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalıb, bir hissəsi isə Naxçıvançay üzərindən körpü çəkilərkən dağıdılıb. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır.
Araşdırmalara əsasən demək olar ki, Naxçıvan təpə yaşayış yerinin sakinləri ilk dövrlərdə bir tərəfi ana torpaqda qazılmış, digər qismi isə kərpiclə hörülmüş yaşayış evlərindən istifadə ediblər. Bu tip yaşayış evlərinin qalıqlarına Ovçular təpəsində və Yeni yol yaşayış yerində də rast gəlinir. Sonrakı mərhələdə kərpicdən inşa olunmuş dördkünc formalı evlərdən istifadə olunub.

Yaşayış yerindən aşkar olunan arxeoloji materialların əksəriyyəti keramika məmulatı və obsidian parçalarından ibarətdir. Belə məmulatların əsas xüsusiyyəti Dalma təpətipli boyalı və basma naxışlı keramikanın olmasıdır. Keramika məmulatı gil laylarını bir-birinin üzərinə yapışdırmaq və bir-birinin üzərinə qoymaqla, yəni lent üsulu ilə hazırlanıb. Bəzi qabların üzəri incə təbəqə ilə suvanıb. Araşdırma göstərir ki, bu, bəzi hallarda qabların rəng tonunu dəyişmək, bəzən isə ornamentasiya məqsədilə edilib. Bu, xüsusilə barmaq basqısı ilə naxışlanmış keramikaya aiddir. Səliqəsiz və qarışıq barmaq basqı­ları qabların üzərinə ayrıca layların yapışdırılması ilə bağlı olub. Lakin bəzən bu üsuldan qabların təmir edilməsi üçün də istifadə edilib. Keramika məmulatı başlıca olaraq saman qarışığı olan gildən hazırlanıb və qırmızı rəngin müxtəlif tonlarında bişirilib. Qum qarışığı olanlar tək-tək nümunələrlə təmsil olunub. Rəng tonları sarı və qırmızının müxtəlif tonları ilə təmsil edilib. Az miqdarda boz rəngli qablara təsadüf olunur. Bu məmulatlar başlıca olaraq eramızdan əvvəl V minilliyin birinci yarısı üçün xarakterikdir. Bu tip keramika məmulatları ilə xarakterizə edilən yaşayış yeri Cənubi Qafqaz­da ilk dəfədir ki, aşkar olunur. Naxçıvan yaşayış yerinin tədqiqi yalnız Azərbaycanın deyil, bütövlükdə, Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənməyə imkan verir.
Yaşayış yerindən aşkar olunan heyvan sümüklərinin analizi buradakı insanların heyvandarlıqla məşğul olduğunu, əsasən, mal-qara və xırdabuynuzlu heyvan saxladıqlarını göstərir. Ovçuluqdan çox az istifadə olunub.
Araşdırmalar Dalma təpətipli keramikanın cənuba doğru irəlilədikcə azaldığını göstərir. Öncə Urmiya gölünün cənubunda və qərbində yayıldığı güman edilən bu keramika Urmiyanın şimalında, hazırda isə Naxçıvanda aşkar olunmuşdur. İran Azərbaycanında bu mədəniyyət Culfa Kültəpəsi, ­Ahranjan təpə, Lavin təpə, Qoşa təpə, İdir təpə və Baruj təpə yaşayış yerlərinin qazıntısı zamanı aşkar edilib. Yaşayış yerlərinin bir qismi oturaq əhaliyə, bir qismi isə köçmə maldarlıqla məşğul olan insanlara məxsusdur. Tədqiqatçıların fikrinə görə, bu mədəniyyət Şimal-Qərbi İranda çiçəklənib və Urmiya ­gölünün cənubuna yayılıb. Dalma təpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərir. Yaşayış yerinin alt təbəqəsindən götürülən kömürün analizi onun eramızdan əvvəl 4945-ci­ ilə aid olduğunu göstərir. Bu yaşayış yerinin, həmçinin Sirabçay hövzəsində yerləşən digər abidələrin tədqiqi Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Eneolit mədəniyyətini dövrləşdirməyə ­imkan verir.
Məlum olduğu kimi, Eneolit dövrünün erkən və orta mərhələsinə aid arxeoloji tapıntılar Cənubi Qafqazda yox deyiləcək qədər azdır. Bu isə həmin dövrün kifayət qədər yaxşı öyrənilmədiyini göstərir. Bu baxımdan Sirabçay hövzəsində aşkar olunan Uzun oba və Uçan ağıl yaşayış yerlərinin böyük əhəmiyyəti vardır. Bu yaşayış yerlərindən götürülən karbon analizlərin nəticələri eramızdan əvvəl 4690-4450-ci illəri göstərməklə Ovçular təpəsi ilə təmsil olunan Son Eneolit dövründən əvvəlki dövrə aiddir.
Dalma təpətipli boyalı keramika məmulatı Naxçıvanda hələlik Uzun oba və Uçan ağıl yaşayış yerlərindən tək-tək nümunələrlə məlumdur. Barmaq basqılı keramika isə hələlik Uçan ağılda bir nümunə ilə təmsil olunur. Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülöv qaya yaşayış yerində Dalma təpətipli boyalı keramikanın aşkar olunması bu tip keramikanın gələcəkdə başqa abidələrdən də tapılacağını ehtimal edir. Dalma təpətipli basma naxışlı keramika tək-tək nümunələrlə Qarabağ abidələrindən də məlumdur. Qeyd etmək lazımdır ki, Dalma təpə mədəniyyətinə aid keramika məmulatının bir qrupu qırmızı rəngdə boyanması ilə xarakterizə olunur. Bu tip keramika Uçan ağıl, Uzun oba, Bülöv qaya yaşayış yerlərindən, həmçinin Qarabağ abidələrindən məlumdur. Yeri gəlmişkən qeyd edək ki, qırmızı rənglə anqoblanmış keramika Naxçıvanda Xələc yaşayış yerində geniş yayılmışdır. Xələc kеrаmikаsının fоrmаcа Urmiya hövzəsindəki Göytəpə yaşa­yış yerindən aşkar olunan qablarla bənzər оlmаsınа bахmаyаrаq, bоyаmа mоtivləri tаmаmilə fərqlidir. Lаkin Göytəpədə də аnqоbüstü nахışlаrа rаst gəlinir. Yаnıqtəpə ilə də bəzi müqayisələr аpаrmаq mümkündür. Yаnıqtəpə qаblаrındа Xələc üçün хаrаktеrik оlаn enli pаrаlеl хətlərə rаst gəlinir. Xələc keramikasının bəzəmə motivi yахın­lıqdа yerləşən Tilkitəpə və Tехut keramikasından fərqlənərək Mil düzünün аbidələri, xüsusilə Kəbirli keramikasının nа­хışlаrı ilə uyğundur. Оnlаr nахışlаrın çəkilmə tехnikаsına görə də еynidir. Bəzi hаllаrdа burada Xələcdə olduğu kimi аnqоbüstü naxışlardan istifadə olunub. Xələc keramikasının nахış motivlərinin bənzər olduğu abidələrdən biri Nоrşuntəpədir. Lаkin Nоrşuntəpədə bоyа аnqоb üzərinə deyil, qabın sахsısı üzərinə çəkilib. Xələc bоyаlılаrın bəzi bəzəmə mоtivləri Хаlаftipli qаblаrdа da işlənib. Araşdırmalar qırmızı anqoblu keramikanın Eneolit dövrünün ­erkən mərhələsi üçün xarakterik olduğunu, Eneolitin orta mərhələsində də mövcud olduğunu göstərir.
Uzun oba və Uçan ağıl keramikasının araşdırılması onların eramızdan əvvəl V minilliyin birinci yarısına və Ovçular təpəsindən əvvələ aid olduğunu təsdiq edir. Bu, abidələrdən götürülən karbon ­nümunələrinin analizi ilə də təsdiq olunub. Uçan ağıl yaşayış yerindən, Culfa Kültəpəsindən məlum olan Dalma təpətipli boyalı keramika parçalarının aşkar olunması bu yaşayış yerləri arasında əlaqələrin olduğunu təsdiq etməkdədir. Qeyd edək ki, Uçan ağıldan aşkar olunan boyalı keramika nümunələrinin biri də Mesopotamiya abidələrində yayılan boyalılarla bənzərdir. Bununla bərabər, Sirabçay hövzəsindən aşkar olunan Son Eneolit dövrü keramikası Ovçular təpəsi mədəniyyətində fərqli xüsusiyyətlərə malikdir. Ovçular təpəsindən fərqli olaraq Sirabçay hövzəsinin Son Eneolit keramikasında darama bəzəmələr yoxdur. Ovçular təpəsindən sonraya aid olan bu mədəniyyət sarı və qırmızı rəngli, saman qarışığı olan keramika ilə təmsil olunub. Saman qarışığı olan keramika nümunələrinin bir qismi cilalanıb. Həmin nümunələrin bir qismi isə qaba qum qarışığı olan gildən hazırlanıb. Bu yaşayış yerlərinin araşdırılması Naxçıvanın Erkən və Son Eneolit dövrü mədəniyyətinin Urmiya hövzəsi və Şərqi Anadolu ilə əlaqələr şəraitində ­inkişaf etdiyini təsdiqləyir.
Araşdırmalar göstərir ki, bu mövsümi yaşayış yerləri Göyəm, Dərələyəz və Zəngəzur dağlarında yerləşən metal və qeyri-metal yataqların istismarında müəyyən rol oynayıb. Zirincli yaşayış yerində mis filizinin qalıqlarına və metal qəliblərə rast gəlinməsi bu yaşayış yerlərində ­metal emalının mövcud olduğunu göstərir. Bu yaşayış yerindən aşkar olunan gil qəlib standart yastı baltalar tökmək üçün olub və yaşayış yerində bu tip baltaların ardıcıl ­şəkildə düzəldilməsinə işarə edir. Ovçular təpəsində isə metaləritmə sobaları üçün körük ucluğu tapılıb. Məlum olduğu kimi, mis ilə zəngin Zəngəzur dağlarının yataqlarından qədim dövrdə istifadə olunub. Zəngəzur yataqlarında qədim mədənlərə və mis emalının izlərinə də rast gəlinib. Şübhə yoxdur ki, qədim ­insanların köç yolları üzərində salınan bu yaşayış yerləri Zəngəzur mis yataqlarının Naxçıvanda məskunlaşan tayfalar tərəfindən istismar edildiyini göstərir.
Naxçıvanın Eneolit abidələrinin bir qismində Sünik yataqlarının ­obsidianlarından istifadə olunması da bunu təsdiq edir. Araşdırmalar Urmiya hövzəsinin yaşayış yerlərində başlıca olaraq Sünik obsidianından istifadə olunduğunu göstərir. Naxçıvan abidələrində isə əsasən, Göyçə obsidianından istifadə edilib. Sünik obsidianı faiz etibarı ilə azdır və ikinci yerdədir. Ehtimal ki, Urmiya hövzəsində yaşayan insanlar Zəngəzur dağlarındakı xammal mənbələri ilə Naxçıvançay vadisində yaşayan insanlar vasitəsilə əlaqə saxlayıblar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda Naxçıvançay vadisindən üzərində mis filizinin izləri olan mədən alətinin tapılması bu əlaqələrin yalnız obsidianla deyil, həm də mis yataqları ilə bağlı olduğunu göstərir.
Yeni abidələrin, xüsusilə Naxçıvan təpə yaşayış yerinin tədqiqi Cənubi Qafqazın Eneolit mədəniyyəti haqqında bitkin təsəvvür əldə etməyə imkan verir. Bu abidələrin tədqiqi, həmçinin Cənubi Qafqazın, o cümlədən Azərbaycanın eramızdan əvvəl V-IV minilliklərə aid Eneolit abidələrini yenidən dövrləşdirməyə imkan verir.

Mübaliğəsiz deyə bilərik ki, son illər Naxçıvan abidələrinin öyrənilməsi sahəsindəki uğurlar Cənubi Qafqaz arxeologiyasında inqilabi dəyişikliklər yaradıb, elmi fikirləri və ədəbiyyatı tamamilə dəyişdirib. Mədəni irsimizin öyrənilməsindəki bu uğurlar məqsədyönlü humanitar siyasətin, tarixi keçmişimizə göstərilən yüksək diqqətin nəticəsidir. Heç şübhə etmirik ki, yaxın illər ərzində minillik tariximizdən xəbər verən abidələrimizin tədqiqi yeni uğurlara imza atmağa imkan verəcəkdir.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3068849
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2881
4574
11782
120180
3068849

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter