15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Kino sənətinin bu növü real hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır, müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktları film formasında tamaşaçılara çatdırır. Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla qoyulmuşdur. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. 

Bu baxımdan Naxçıvan Dövlət Televiziyasının sənədli filmlər və dublyaj redaksiyasında muxtar respublikamızda doğulmuş elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından, diyarımızın hər daşında-qayasında, elində-obasında qədim tarix və adət-ənənələrimizi yaşadan ayrı-ayrı bölgələrindən, Naxçıvanın zəngin təbiətinin və bənzərsiz milli mətbəxinin özünəməxsusluğundan bəhs olunan sənədli filmlərin istehsalını bu il yaranmasının 120 illiyini qeyd etdiyimiz kino tariximizə verilən əvəzsiz töhfə hesab etmək olar. Ölkə Prezidentinin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə kinematoqrafiya sahəsində əməyi qiymətləndirilənlər arasında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları Vaqif Ağalarov və Ruhiyyə Rəsulovanın adlarının olması isə Azərbaycanda kino sənətinin inkişafında həmyerlilərimizin xidmətlərini göstərir və bu, hər birimizdə qürur hissi yaradır.

Azərbaycan kinematoqrafiyasını maraqlı sənədli və televiziya filmləri ilə zənginləşdirən muxtar respublikamızda sənədli film istehsalı haqqında daha ətraflı məlumat almaq üçün Naxçıvan Dövlət Televiziyasına üz tutub, sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərovla görüşüb söhbət etdik. Qeyd edək ki, Müzəffər müəllimin də bu sahədəki yaradıcı fəaliyyəti yüksək qiymətləndirilib. O, 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti”, 2017-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb. Onunla söhbət zamanı məlum oldu ki, həm xarici filmlərin dublyajı, həm də sənədli və televiziya filmlərinin hazırlanması ilə məşğul olan redaksiya 2003-cü ildən fəaliyyət göstərir. Son illər xüsusi diqqət və qayğı ilə əhatə olunan Naxçıvan tele­viziya və radiosunun maddi-texniki bazasının xeyli gücləndirilməsi, tele­radionun binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi, yeni çəkiliş studiyalarının yaradılması, 2014-ci ildə çəkiliş və dublyaj işinin keyfiyyətini artırmaq üçün redaksiyamıza müasir avadanlıqların verilməsi fəaliyyətimizə müsbət təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə 2018-ci il 6 fevral tarixli Sərəncamının icrası məqsədilə dünyanın qabaqcıl ölkələrinin istehsalı olan 163 min manat dəyərində müasir yayım və çəkiliş avadanlıqlarının alınması televiziyanın imkanlarını daha da artırıb. Ən son texnologiyaya əsaslanan, hər biri 4K keyfiyyətinə malik xüsusi sifarişlə yığılan mobil çəkiliş studiyası və çəkiliş pultu, əlaqə qurğuları, video­kamera qurğuları, professional fotokamera, “GoPro” kameraları, “Osmo” hərəkətli kamera, 2 ədəd SDCAM qurğusu, “Dynacord” səs pultu, “Sony” markalı əl mikrofonları, siqnalverici qurğular, 600 metrlik HD kabel və qutuları,”Canon” foto­aparat dəsti, “Slayder” müddətli elektron qurğusu, kamera dayaqları və sair avadanlıqlar televiziyanın digər redaksiyaları kimi, bizim redaksiyanın da fəaliyyətində müsbət dönüş yaradıb. Belə ki, bu avadanlıqlar səyyar çəkilişlərin operativliyi, sənədli filmlərin hazırlanması, çəkiliş və efir keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Ötən il yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” lə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin hər biri isə bizim iş prinsipimizə çevrilib, ortaya keyfiyyətli məhsul çıxarmağımıza stimul olub.
Müzəffər müəllim deyir ki, indiyədək redaksiyada 60-dək sənədli və televiziya filmi istehsal olunub. Bunlar arasında muxtar respublikanın ictimai-siyasi, elmi, mədəni həyatında xüsusi yeri olan Behbud ağa Şahtaxtlı, Bəhruz Kəngərli, Yusif Məmməd­əliyev, Məmməd Səid Ordubadi, Məmməd Araz, Məhəmməd ağa Şahtaxtlı, Cəmşid xan Naxçıvanski, Məhəmməd Tağı Sidqi, Əziz Şərif kimi dəyərli ziyalıların həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən “Vətən, sənə canım qurban”, “Sənətin Bəhruz zirvəsi”, “Elmin fəxri”, “Günəş doğan yerdə”, “Məndən bu dünyaya nə qaldı görən”, “Ziyalı”, “Sərkərdə”, “Xalqın müəllimi”, “Onun həyat amalı” adlı sənədli və televiziya filmləri xüsusilə seçilir. Naxçıvanın muxtariyyətində mühüm rol oynayan Moskva və Qars müqavilələrinin əhəmiyyətindən bəhs edən “Şərqin parlayan günəşi”, 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilən diyarımızda islami dəyərlərə və milli­-mədəni irsimizə göstərilən yüksək dövlət qayğısını tərənnüm edən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı”, bu qədim diyarın Dədə Qorqudla bağlılığından bəhs edən “Dədə Qorqud və Naxçıvan”, Azərbaycanda olan daş qoç heykəllərdən söhbət açan “Qoç heykəllər”, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyinə həsr olunan “Tarixin 90 ili”, Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə hazırlanan “Elm və bilik məbədgahı”, muxtar respublikamızın bugünkü ­siyasi-iqtisadi inkişafından bəhs edən “Naxçıvan doxsanlarda nə idi”, diyarımızın flora və faunasından, zəngin təbiət incilərindən, burada hələ də yaşadılan köçlərdən, obalardan bəhs edən “Naxçıvan təbiəti”, “Payızın melodiyası”, “Naxçıvan bulaqları”, “Ordubad dağları”, “Batabat”, “Obalar” sənədli və televiziya filmlərinin süjet xətləri isə hər daşının arxasından qədim tarix boylanan yurdumuza işıq salır, adət-ənənələrimizdən söhbət açır, filmlərdəki gözəl təbiət möcüzələri ruhları oxşayır.
Bu ilin ötən dövrü ərzində redaksiyada “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı”, “Şərqin polad yolları”, “Culfa dağları”, “Daş küftəsi” adlı sənədli və televiziya filmləri hazır­lanıb. Qeyd edək ki, yaradıcı kollektivin yaradıcı və yenilikçi fəaliyyətinin bəhrəsi və müasir texniki avadanlıqlar hesabına ərsəyə gələrək yüksəkkeyfiyyətli olması səbəbindəndir ki, bu filmlər Azərbaycan Dövlət Televiziyası, İctimai televiziya, AZƏRTAC İnformasiya Agentliyi, Türkiyə Respublikasının TRT, TRT Avaz kanalları vasitəsilə tamaşaçılara təqdim edilir. Eyni zamanda müxtəlif sosial şəbəkələrdən də həmin filmləri istənilən vaxt izləmək mümkündür. Beynəlxalq, tarixi və əlamətdar günlərlə bağlı keçirilən bütün tədbirlərin açılışında bu filmlərin nümayiş etdirilməsi isə qədim Naxçıvanımızın tarixi, mədəniyyəti, incəsənəti, ümumilikdə, dünəni və bu günü haqqında ətraflı və yaddaqalan şərh verir.
Hazırda kollektiv Azərbaycanın ilk səfiri, əslən ordubadlı olan İbrahim Əbilovun, nəğməkar şair İslam Səfərlinin həyat, fəaliyyət və yaradıcılığından bəhs edən sənədli televiziya filmi üzərində çalışır. Onu da vurğulamaq yerinə düşər ki, 2014-cü ildən redaksiyada xarici ölkələrin istehsalı olan 450-yə yaxın sənədli və televiziya filmi dublyaj olunaraq tamaşaçılara təqdim edilib.
“Sizcə, sənədli filmin məqsədi nədir və sənədli filmin ərsəyə gəlməsində hansı amillər şərtdir?” sualımızı Müzəffər müəllim belə cavablandırır: – Qısa desək, sənədli kino, həqiqətən, gerçəyin özünün sənətini yaradır. Sənədli film təsvir və tətbiqdən ibarətdir. Burada müəllif təsviri olaraq gerçək həyatdan parçalar seçir. Həmin parçalar – görüntülər beyində “sözlərə” çevrilib yeni yaranacaq sənədli filmin ssenarisini təşkil edir. Deməli, müəllif əvvəlcədən hadisələrin axarını gözləri önündə canlandırıb onu mətnə köçürür. Filmlərə yeni ideyaların tətbiqi, texniki incəlik, səsləndirmə, montaj məsələlərinə gəlincə isə deyə bilərəm ki, bu sahədə redaksiyamızda xarici ölkələrin istehsalı olan sənədli və televiziya filmlərinin dublyajı zamanı çox yeniliklər əldə edib, bunları öz filmlərimizə də tətbiq etmişik.
Sənədli və televiziya filmləri 30, bəzənsə 45 dəqiqədən ibarət olur. “Müxtəlif həyat hadisələrinin qısa zaman kəsiyində hərtərəfli canlandırılmasına bu dəqiqələr azlıq etmirmi?” sualımızı isə Müzəffər müəllim Amerika sənədli ekran ustaları Riçard Likok və Robert Dryunun düşüncələri əsasında cavab verərək deyir ki, onlar bu məsələni belə izah edirlər: “Bizim filmlərimizdə məntiqi əsas təsvirin və səsin özündən meydana gəlir. Yəni həmin əsas təsvirdə və yazılmış səsdə gizlənir. Vә әgər sənədli film yarım saat davam edir, təsviri müşayiət edən söz şərhi də yalnız iki dəqiqədən ibarətdirsə, filmi­miz uğurlu sayıla bilər. Yox, müşayiət edən mətn on beş dəqiqədirsə, filmi uğursuz hesab etmək olar. Bizim məqsədimiz sözə ehtiyacı olmayan əsərlər yaratmaqdır”.
Naxçıvan televiziyasının baş rejissoru, sənədli və televiziya filmlərinin əksəriyyətinin ərsəyə gəlməsində böyük zəhməti olan Fərhad Zamanbəyovun da fikirlərini dinlədik. O deyir: – Sənədli film üç ünsürün vəhdətindən yaranır: kameranın qarşısında cərəyan edən gerçəklikdən, həmin gerçəklik barədə yaradıcı kollektivin şəxsi düşüncələrindən və haqqında söhbət gedən gerçəkliyin ekranda əks olunmasından. Buna əsasən deyə bilərik ki, sənədli film kollektiv işidir. Burada hər kəs öz işinin öhdəsindən layiqincə gəldikdə, bir də ki, gözəl zövqə malik olduqda ortalığa yaxşı məhsul qoymaq mümkündür.
“Sənədli filmlərdə rolların ifa edilməsinə peşəkar aktyorlarla yanaşı, həm də qeyri-peşəkar, bu sahə ilə əlaqəsi olmayan insanların dəvət edilməsi çəkilişlərdə, yəqin ki, çətinlik yaradır” fikirlərimizə Fərhad müəllim belə aydınlıq gətirir: – Təbii ki, qeyri­-peşəkar adamlarla işləmək çox çətindir. Lakin aktyorların kinoda fərdin xüsusiyyətlərini üzә çıxarması nə qədər çətindirsə, o qədər də qiymətli və diqqətəlayiq olur. Aktyorların kənardan seçilməsi tamaşaçılar tərəfindən bəyənilir, eyni zamanda filmlərdə də bir fərqlilik yaradır. Xüsusilə də muxtar respublikamızın ictimai həyatında tanınan adamların rolları ifa etməsi daha yaddaqalan olur. Məsələn, Cəlil Məmmədquluzadə obrazını şair-publisist Qafar Qəribin, Eynəli bəy Sultanovu şair, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlunun, Bəhruz Kəngərlini rəssam Həbib Allahverdiyevin, Əziz Şərifi Naxçıvan Xalq Teatrının aktyoru Akif Əsədovun ­bacarıqla canlandırması tamaşaçılar tərəfindən çox maraqla qarşılanır.
Qeyd edək ki, Naxçıvan televiziyası ilə yanaşı, Naxçıvan Dövlət Universitetinin əsas yaradıcı heyəti Jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarət olan televiziyasında da sənədli filmlərin çəkilişinin məsuliyyətini çiyinlərinə ­götürən yaradıcı heyət formalaşıb. Bu heyət tərəfindən universitetin tanıtım filmi, “Vəhdətin dayaq nöqtəsi”, “Müdriklik fəlsəfəsi”, “Rənglər dünyası”, “Ecazkar mavi işıq”, “Vətən sığır ürəyimə”, universitetin real­laşdırdığı, beynəlxalq əhəmiyyətli “Elektron Naxçıvan” layihəsindən bəhs edən “Dünyaya virtual pəncərə”, “Bir ömrün simfoniyası”, “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu” adlı sənədli filmlər hazırlanıb kino arxivimizə təqdim olunub.
120 illik tarixi olan kino sənətimiz çətinliklərlə qarşılaşmasına, sovet rejiminin ağır senzura şəraitinə məruz qalmasına baxmayaraq, öz sözünü deyib və zaman-zaman yeni inkişaf mərhələlərinə qədəm qoyaraq bu sənətin gücünü Azərbaycandan kənarda da göstərməkdədir. Gerçəyin özünü yaşadan sənədli filmlərimiz isə 120 illik bu salnamənin parlaq səhifələrindəndir.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276794
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2236
4179
14563
61440
3276794

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter