Avqustun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.
Məlumat verilib ki, Biznes Mərkəzində 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Cari ildə “İslam ­Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar və əl işləri burada nümayiş etdirilir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin kollektivləri Heydər Əliyev Muzeyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Dövlət Bayrağı Meydanı və Muzeyini, Mədəniyyət Nazirliyinin əməkdaşları Ədəbiyyat Muzeyini, Gənclər və İdman Nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyini, Təhsil Nazirliyinin əməkdaşları “Xan Sarayı” Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Xalça Muzeyini, Səhiyyə Nazirliyinin əməkdaşları “Əlincaqala” Tarix-Mədəniyyət Muzey Kompleksini, Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin kollektivi Duz Muzeyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Bəhruz Kəngərli Muzeyini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Dövlət Statistika Komitəsinin əməkdaşları Cəlil Məmmədquluzadənin, Dövlət Miqrasiya Xidmətinin kollektivi isə Cəmşid Naxçıvanskinin ev-muzeylərini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Xatirə Muzeyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.

Xəbərlər şöbəsi