21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Qədim Naxçıvan diyarında çoxsaylı tarixi abidələr mövcuddur. Hər bir abidə də tarixinə, tikilişinə, memarlıq xüsusiyyətinə görə fərqli çalarları özündə əks etdirir. Naxçıvanın mühüm memarlıq abidələri sırasında möhtəşəmliyi ilə ilk olaraq diqqəti özünə çəkən Əlincə qalasıdır. İnşası iki min il bundan əvvələ gedib çıxan qalanın yerləşdiyi coğrafi mövqeyi, əsrarəngiz görüntüsü yüz illər bundan əvvəl olduğu kimi, bu gün də buraya yolu düşənləri heyran edir. Əlincəqala, eyni zamanda Naxçıvanın mübarizlik simvolu kimi tanınır. Çünki uzun illər yadelli işğalçıların mübarizə meydanına çevrilmiş qala fatehlərin, böyük hökmdarların qarşısında dizini yerə vurmayıb. Əksinə, mərdliklə mübarizə apararaq Naxçıvanın qədim hərb tarixinə adını qızıl hərflərlə yazdırıb. Bu qalanın möhtəşəmliyi, məğlubedilməzliyi haqqında kimlər söz söyləməyib, kimlər tərif deməyib ki?
Qala əsrlərboyu strateji obyekt kimi Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin nəzarətində olub. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” əsərində də qeyd edir. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanmışdır. Hətta bəzi dövrlərdə buradakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə getmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Mənbələrdə də bununla bağlı məlumatlar var. Məsələn, sonuncu Atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından canını qorumaq üçün o, ilk növbədə, Naxçıvanda məskunlaşmağa çalışmışdı. İbn əl-Əsir 12 cildlik “Mükəmməl tarix” əsərində bu haqda yazır: “Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi”. Məlumatlardan o da aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincəqalaya çəkilmişdir. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi, dövlət xəzinəsinin məhz Əlincəqalada gizlədilməsi ərazinin və qalanın əhəmiyyətini bir daha göstərir.

Tarixi mənbələrdə məlumat verilir ki, Əlincə XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında isə Cəlairilərin hakimiyyəti altında olmuşdur. XIV əsrin 80-90-cı illərində qala dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymura qarşı mübarizənin əsas istinadgahına çevrilmiş və 14 il mərdliklə müdafiə olunmuşdur.
Əlincəqalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı ­Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Ancaq Əlincəqala uzun illər müasir tarixin diqqətindən kənarda qalıb. İnsanlar onun adını rəvayətlərlə xatırlayıb.
Sevindirici haldır ki, müstəqilliyimizin ikinci baharında muxtar respublikamızın digər tarixi abidələri kimi, Əlincə qalası da yenidən elmi əsaslarla bərpa olunaraq xalqımızın yaddaşına qaytarılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. 2014-cü ilin 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanıb. Bu sərəncamdan sonra başlanılan bərpa zamanı qalaya qalxmaq üçün düzəldilmiş yolda daş pilləkənlər salınıb, pilləkənlərin sağ və sol tərəflərində yağış və sel sularından qorunmaq üçün arxlar qurulub. Qalanın qapılarına, bürcləri əhatələyən divarlarına yeni həyat verilib, ərazidəki daş hovuzlar təmizlənib, hovuzları su ilə təmin edən daş arxlar əvvəlki vəziyyətinə qaytarılıb. Bundan əlavə, qalanın daha hündür hissəsinə gedən yolda daş qayalar kəsilərək pillələr yaradılıb, həmçinin Xanəgah kəndi istiqamətinə baxan digər qala qapısının divarları da bişmiş kərpiclə bərpa olunub. Eyni vaxtda aparılan bərpa işləri zamanı ərazidə iki otaq və ekspozisiya zalından ibarət “Əlincə­qala” Muzeyi də yaradılıb. Ekspozisiya zalında ümummilli lider ­Heydər­ Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı nəşrlər, bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
Bu gün Əlincəqalanın zirvəsində Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Bu bayraq qalanın möhtəşəmliyini təbliğ etməklə yanaşı, həm də Əlincənin milli dövlətçiliyimizin inkişafındakı yerini göstərir.

Gülcamal Tahirova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299610
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3432
4291
11378
84256
3299610

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter