17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Milli geyimlər maddi-mədəniyyətin bir növü kimi xalqı səciyyələndirən, fərqləndirən, milli cəhətdən sonrakı dövrlərə çatdıran vacib etnoqrafik faktlardır. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla, xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən, həm də coğrafi şəraitdən asılıdır. Maddi-mədəniyyətin digər sahələri kimi, geyimlər də sosial-iqtisadi həyat şəraiti ilə üzvi surətdə bağlı olub, xalqın əmək fəaliyyətini, onun bədii-estetik zövqünü, cəmiyyətin ictimai qrupları arasındakı sosial-zümrə fərqlərini aydın şəkildə özündə əks etdirir.

Naxçıvanda geniş yayılmış milli geyimlərin ən qədim nümunələri dövrümüzə qədər gəlib çatmasa da, bu geyimləri bəzəyən müxtəlif bəzək əşyaları muzeylərimizdə sərgilənməkdədir. Qədim yaşayış yerlərimizdən tapılmış iy ucluqları da onu deməyə əsas verir ki, ulu əcdadlarımız hələ eramızdan əvvəl V minillikdən yun əyirməyi və toxumağı bacarmışlar. Eramızdan əvvəl II minilliyə aid Qızılburun küpəsi üzərində milli geyimdə təsvir edilmiş kişi və qadın rəsmləri də geyim mədəniyyətimizin tarixinin nə qədər qədim olduğunu göstərən əsaslı dəlillərdəndir.
Milli geyim mədəniyyətimizdən danışarkən qeyd etməliyik ki, xalq geyimlərinin zənginliyi bilavasitə parça istehsalı, onun inkişaf dinamikası ilə sıx vəhdət təşkil etmişdir. Orta əsrlərə aid Xaraba Gilan sərdabəsindən tapılmış müxtəlif parçalar geyim mədəniyyətimizi öyrənmək baxımından əhəmiyyət daşıyır. Əldə edilən parça örnəklərindən məlum olur ki, Naxçıvan diyarında yaşayan insanlar parça toxumaq sahəsində hələ XIII əsrdə yüksək nailiyyət əldə etmişlər. Parça hazırlanmasında cecim toxuma üsulundan istifadə məhsulların yüksək keyfiyyətliliyini təmin etmişdir. Bu cür parçalardan hazırlanan geyimlər estetik baxımdan da gözoxşayan olmuşdur.

Naxçıvan diyarı uzun əsrlərboyu yüksəkkeyfiyyətli parça istehsal edən sənətkarlıq və istehsal mərkəzləri ilə də şöhrət qazanmışdır. Naxçıvan və Ordubad şəhərləri bu mərkəzlərin ən qabaqcıllarından olmuşlar.
Qeyd edək ki, XIX əsrin birinci yarısında Naxçıvanda cecim üsulu ilə toxunan parçaların istehsalında müəyyən durğunluq əmələ gəlmişdi. XIX əsrin ikinsi yarısından başlayaraq ölkədə baş verən müəyyən sosial-­iqtisadi dəyişikliklər bütün sənət sahələrində olduğu kimi, parça istehsalından da təsirsiz ötməmişdi. Artıq ipək parçalardan hazırlanan geyimləri sadə quruluşlu, həndəsi naxışlı geyimlər əvəz etməyə başlamışdı.

Kişi geyimləri. Kişi üst geyimləri içərisində üst köynəyi, arxalıq, çuxa, şalvar və kürk geniş yer tuturdu.
Kişi alt geyimlərindən olan can köynəklərindən, əsasən, payız və yaz aylarında, qışda isə “bambaz” adlanan parçadan hazırlanan köynəklərdən istifadə edilirdi.
Üst köynəkləri sadə formada tikilirdi. Xüsusi ölçü və formaya malik şalvarlar nazik parçadan və yundan hazırlanır, genbalaqlı və darbalaqlı olurdu.
Kişi üst geyimlərinə daxil olan əbalardan daha çox din xadimləri və mollalar istifadə edirdilər.
Naxçıvanda çuxalar da çox qiymətli geyim növü idi. “Oyma” yaxalı çuxalar Naxçıvan bölgəsi üçün xarakterik idi.
“Qılıncı-şal” adlanan arxalıq növü üst və ətəkdən ibarət idi. Zənginlər ikiqanad arxalıq geyinər, gənc­lər arxalığın üzərindən kəmər, yaşlılar isə qurşaq bağlayardılar.
Mövsümi geyim növü olan kürkdən daha çox şəhərdə, qismən dağ­ətəyi kəndlərdə istifadə olunurdu.
Üst geyimləri sırasında olan yapıncı, əsasən, elatlar (maldarlar) arasında geniş yayılmışdı.
Qadın geyimləri. Naxçıvan qadınlarının keyfiyyətinə, rənginə, mükəmməl ornamental həllinə görə göz­oxşayan ənənəvi üst geyimləri arasında “çəpkən”, “nimtənə”, “baharı” və “məndulə” adları ilə bəlli olan arxalıq xüsusi yer tutmuşdur. Bundan əlavə, küləcə, kürdü, katibi, döşlük və tuman kimi qadın üst geyimlərindən də istifadə olunmuşdur.
Qadın üst geyim növlərinin əsas elementlərindən biri köynək idi. Naxçıvanın dağlıq hissəsində, əsasən, uzunətək köynək geniş yayılmışdı. Topuğa qədər çatan belə köynəklərin biçim üslubunda fərq olmasa da, onlar həm uzunluğu, həm də ətəklərinin getdikcə enlənməsi ilə seçilirdi. Köynəyin uzunluğu yaşlı qadınlarda yarım arşına (45-55 santimetr) çatırdı. Belə köynəklərdə uzunluq nəzərə alınaraq yan çapıqlar daha böyük kəsilirdi. Naxçıvan bölgəsində belə köynəklər “oyma” adlanırdı. Naxçıvan qadınları, eyni zamanda “çəpkən” adlanan üst geyiminə də üstünlük verirdilər.
Azərbaycanın digər bölgələrində tumanların uzunluğu, adətən, topuğa qədər olduğu halda, bu qadın geyim növünün Naxçıvan-Ordubad zonasına aid formaları bir qədər qısa, 10-12 taxtadan ibarət olurdu. “Taxta” tumanın zolaqlarını ifadə edir. Zolaq dedikdə parçanın naxışları deyil, geyimin üzərindəki dalğaları nəzərdə tutulmuşdur. Bu dalğalara tumanın hissələri də deyilir. “Taxta” sözünün leksik mənası çoxdur. Əvvəllər parçaları müəyyən ölçülü taxtalarla ölçər­dilər. Əkin sahəsinin bərabər hissələrinə də taxta deyilir.
Bu bölgə üçün xarakterik olan “sırıqlı tumanlar” da olduqca maraqlıdır. İpək və yun parçadan tikilən bu geyimlərin üzlüyü ilə astarı arasına yun döşənərək sırınırdı. Onu “səltə” adlanan geyimin üstündən geyirdilər. Belə geyimlərin beli büzməli olub keçi qəzilindən hazırlanar, hər iki ucu rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazlı tumanbağı ilə bağlanardı. Onların ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və sair tikilərdi.
Baş geyimləri. İstər kişi, istərsə də qadın geyimlərində bu geyim növünün özünəməxsus yeri olmuşdur. Bu geyimlər soyuq və istidən insanı qorumaqla yanaşı, qeyrət və namus rəmzi sayılmışdır.
Naxçıvanın kişi baş geyimləri nəfis tərtibatı ilə göz oxşamışdır. Ənənəvi kişi baş geyimləri gecə və gündüz geyimlərinə ayrılır. Bundan əlavə, kişi baş geyimləri içərisində bağlama baş geyimləri (sarıq, baş dəsmalı, çalma) də mövcud olmuşdur. Baş geyimləri dəri, keçə, parça və sairdən hazırlanırdı. Bu geyimlərdən papaq, külah, araqçın, fəst (buna bəzən tərlik və təsək də deyilir) və digərlərinin adlarını çəkmək olar.
Naxçıvana xas qadın baş geyimlərindən cuna, qəşbənd, ləçək, tül, örpək, yaylıq, kəlağayı, araqçın və dingəni qeyd edə bilərik. Bunlar nazik pambıq parçadan və ya tənzifdən dördkünc və ya üçkünc kəsilərək kənarları bəzəkli və ya bəzəksiz baş geyimidir. Onlardan saçları bir yerə yığmaq, eyni zamanda başın tərləməsinin qarşısını almaq üçün istifadə edirdilər.
Naxçıvan milli geyimlərinin nəfis örnəklərindən olan baş örtükləri məşhur türk səyyahı Övliya Çələbinin də diqqətini cəlb etmiş və o, “Səyahət­namə”sində bu baş örtüklərinin Naxçıvandan çox-çox uzaqlarda da məşhur olduğunu qeyd etmişdi.
Naxçıvanda qadınların istifadə etdiyi baş örtüyü – ləçək kiçikölçülü olub yaylığın altından başa çalınır. Ləçəyin maraqlı bağlanma üsulu var. Qadınların ləçəyi başlarına düyün vurmadan möhkəm tarımla bağlamaları bu baş örtüyünün fərqli cəhətlərindən biridir.
Yaylıqların ən məşhuru kəlağayıdır. Kəlağayı böyükölçülüdür. XIX-XX əsrlərdə Naxçıvan kəlağayıları basma naxış üsulu ilə bəzədilmişdir. Bu üsul Azərbaycanın bir çox bölgələrində məşhur idi. Övliya Çələbi “Səyahətnamə”sində Naxçıvan, Ordubad şəhərlərinin özünün çit, basma-qələmkarlıq üsulu ilə bəzədilmiş məmulatları ilə dünya şöhrəti qazandığı haqqında məlumat verir. Naxçıvan kəlağayılarının bəzədilməsində birrəngli üsula tez-tez rast gəlinir. Bu üsulda indiqodan istifadə edilir. İndiqo göy, lilə, küp rəngi kimi də tanınmışdır. Toxuculuq məmulatlarının hazırlanmasında ondan geniş istifadə olunmuşdur.
Basma naxış üsulu ilə hazırlanan parçalardan müxtəlif baş örtükləri, geyimləri tikilmişdir. Naxçıvanda parçaların naxışlanmasında istifadə olunan basma sənətinin inkişafı yerli xammalın – ipəkçiliyin, pambıqçılığın, təbii boyaqların olması ilə əlaqədardır. Basma naxışlı parçalar ucuz başa gəldiyindən kütləvi şəkildə istifadə edilmişdir.
Ayaq geyimləri. Naxçıvan milli geyimlərinin ayrılmaz ünsürlərindən biri də ayaq geyimləridir. Kişi ayaq geyimlərinə çəkmə (boğazlı, xrom), çarıq, məst, başmaq, lapçın dolaq və corablar aiddir.
Hündürdabanlı, altına nal vurulmuş, aşılanmış göndən (müşkü, tumac, sağrı və sair) bəzəksiz hazırlanan kişi başmağının başlıca müştərisi şəhər əhalisi olmuşdu.
Qadın ayaq geyimlərinə başmaq, nəleyin, şətəl, çarıq, məst, çust, quşkeçməz, quşkeçər, badış və corablar daxildir.
Keçmişdə başmaq “zənanə” (qadın) və “mərdanə” (kişi) adlandırılan iki növdə hazırlanarmış. Biçim üsulu və tikiş texnikası baxımından bunlar bir-birinə çox yaxın olsalar da, bəzək tərtibatına və zərifliyinə görə qadın başmaqları seçilib fərqlənirdi. Bu başmaqların üstü çox vaxt məxmərdən tikilərək müxtəlif naxış növləri ilə bəzədildiyi halda, kişi başmaqlarına bəzək vurulmurdu.
Çarıq adı ilə tanınan ayaqqabıların altı düz olurdu. Çarıq sadə insanların daha çox istifadə etdiyi ayaqqabı növü olmuşdur. Çarıqların müxtəlif nümunələri muxtar respublikamızın tarix-diyarşünaslıq muzeylərində bu gün də qorunub saxlanılmaqdadır. Çarıq hazırlanmasının əyani formasını rəssam Şamil Qazıyevin etnoqrafik zənginliklərlə dolu tablolarından birində – “Çarıqçılar” tablosunda görə bilərik.
Uşaq geyimlərinə gəldikdə isə demək olar ki, onlar bütünlüklə böyüklərin (kişi və qadınların) milli libaslarının kiçik ölçüdə təkrarından ibarət olmuşdur.

Bu gün muxtar respublikamızda milli dəyərlərimizin qorunması, təbliği istiqamətində aparılan məqsədyönlü siyasət milli geyim mədəniyyətimizin gələcək nəsillərə çatdırılmasına da öz töhfəsini verməkdədir. Qədim diyarımızda xalq yaradıcılığı günlərinin keçirilməsi, tarix-diyarşünaslıq muzeylərinin milli geyimlərlə zənginləşdirilməsi, Naxçıvan milli geyimləri ilə bağlı nəşr olunan kitab və məqalələr bu maddi-mədəni irsimizin təbliği üçün çox əhəmiyyətlidir. Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək “Milli geyimlər” festivalı da milli ­geyimlərimizin təbliğində mühüm rol oynayacaqdır.

Fizzə Quliyeva
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri,
Asəf Orucov
tarix üzrə fəlsəfə doktoru, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283713
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2198
3444
21482
68359
3283713

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter