Dünən Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konserti olub.
Orkestr dahi Üzeyir Hacıbəyovun milli musiqimizin incilərindən olan “Koroğlu” operasından möhtəşəm “Uvertüra”nı ifa edib. Bu ölməz musiqidən sonra xor kollektivinin ifasında böyük bəstəkarımız Qara Qarayevin “Xoşbəxtlik nəğməsi” səslənib. Onu da qeyd edək ki, kollektivin xormeysteri Naxçıvan ­Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərovadır.
Gənc müğənni İlkin Abdullayev görkəmli bəstəkar Süleyman Ələsgərovun Şıxəli Qurbanovun sözlərinə yazdığı “Baharın nəğməsi” mahnısını ifa edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli müasir bəstəkarlarımızdan Eldar Mansurovun “Bahar oğlu” mahnısını təqdim etdikdən sonra Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva Üzeyir Hacıbəyovun “Firuzə” operasından Firuzənin ariyasını səsləndirib. Gənc müğənni Rahim Əsgərzadənin Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın, “Koroğlu” operasından Həsən xanın ariyalarını ifa etməsi alqışlarla qarşılanıb.
Kamera orkestrinin Qara Qara­yevin ölməz “Yeddi gözəl” baletindən səsləndirdiyi “Vals” konsertə rəngarənglik qatıb.
Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Mübariz Əsgərovun ifa etdikləri Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı, “Qalalı” xalq mahnısı, Oktay Kazımovun “Bayram mahnısı” tamaşaçılarda xoş ovqat ­yaradıb.
Konsert böyük bəstəkarımızın “Koroğlu” operasından “Final”ın səslənməsi ilə başa çatıb.
Orkestrin bədii rəhbər və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

Əli RZAYEV