23 Sentyabr 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilib.

Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, xal­qımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir. Çünki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər.
Qeyd olunub ki, şəhidlərimizə ehtiram əlaməti olaraq muxtar respublikamızda fəaliyyət göstərən yaradıcı insanlar, o cümlədən rəssamlar da bu mövzuya tez-tez müraciət edirlər. Bu gün təşkil olunan sərgidə də 20 Yanvar faciəsi rəsm əsərlərinin dili ilə nümayiş olunur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Bəstəkar­lar Birliyinin sədri Yaşar Xəlilov, Memarlar Birliyinin sədri Heydər Əhmədov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov 20 Yanvar faciəsinin Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi tariximizə daxil olduğunu bildiriblər. Vurğulanıb ki, bu qəhrəmanlıq səhifəsi şair və yazıçılarımızın, bəstəkar və rəssamlarımızın daim müraciət etdiyi mövzu olub. “Unutsaq, unudularıq” adlı rəsm sərgisində də xalqımızın qəhrəmanlıq salnaməsi nümayiş etdirilən əsərlərin dili ilə tamaşaçılara bir daha çatdırılır.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə nümayiş olunan rəsm əsərləri içərisində gənc rəssamların əsərləri xüsusilə diqqəti çəkir. Bu da, öz növbəsində, faciənin yetişməkdə olan gənc nəslin yaddaşından heç bir zaman silinməyəcəyini və belə yaradıcılıq nümunələri ilə gələcək nəsillərə də aşılanacağını göstərir. 21 rəssamın 31 rəsm əsərinin nümayiş etdirildiyi sərgi yanvarın 25-nə kimi davam edəcəkdir.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR