28 Sentyabr 2020, Bazar ertəsi

Ulu Tanrının bəndələrinə bəxş etdiyi nemətlər arasında duz və çörək xüsusi yer tutur və müqəddəslik nümunəsi sayılır. Xörək duzu bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Qədim yunan filosofu Platon  demişdir ki, duz allahların xüsusi qiymətləndirdiyi maddədir. Duza dini mərasimlərdə, ayrı-ayrı şəxslər və dövlətlər arasında müqavilələr bağlanan zaman xüsusi önəm verilmişdir. Bu kimi hallar bütün dövrlərdə və ölkə­lərdə baş verdiyindən onları bütün bəşəriyyət üçün ümumi sayılan ənənələr hesab etmək olar. 

Bütün türk xalqları kimi, azərbaycanlıların da ən qədim andı torpaqla, çörəklə bağlı olub. Ona görə də həlledici anlarda, səadət, etibar andı içəndə, alqış deyəndə “And olsun kəsdiyimiz çörəyə”, “Torpağın bərəkətli olsun”, “Ağ günlü, ağ urvalı olasan”, – deyirlər. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Qadir Qədirzadənin dili ilə desək, “Çörək bütün qidaların əsasını təşkil edir. Yaşam uğrunda mübarizə indiki anlamda “bir parça çörək qazanmaq” ifadəsinə gəlib çıxmışdır. Bütün qidaların başı sayılmışdı çörək. Ancaq tək yox, duzla birlikdə – duz-çörək. Digər yerlərdən fərqli olaraq Naxçıvanın duzu da özündəndir, taxılı da. Ona görə də biz duz-çörəyi ən müqəddəs nemət hesab etmişik. Amma onun yanına bir ifadə də əlavə etmişik: “duz-çörək, düz çörək”. İnsanları bir-birinə duz-çörək qədər bağlayan ikinci bağ yoxdur. Duz-çörək kəsən insanlar uzun illər keçsə də, onu unutmurlar. Onlardan biri digərinin qapısına gedib canını belə istəsə, digəri onu da əsirgəməz. Biz belə görmüşük. Duz-çörək bütün davaların, mübahisələrin, qan-qadaların qarşısını alıb. “Mən filankəslə duz-çörək kəsmişəm, ona xəyanət edə bilmərəm”. Duz-çörəyin gücü-qüdrəti budur. Birinin evinə qonaq gedəndə dost da olsa, düşmən də olsa, duz-çörəklə qarşılayarlar. Ortalığa duz, çörək gəldisə, deməli, orada dostluq mühitindən özgə nəsə düşünməyə dəyməz. Duz-çörək kəsmək bir-birinə qarşı olan umu-küsüləri, iddiaları aradan qaldırır. Yaxınlıq, doğmalıq isə gələcəkdə mübahisələrin qarşısını alır. Amma təəssüf ki, çox vaxt belə olmur.

Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verib, duz-çörək kəsdik. Lakin zaman keçdikcə duzumuza, çörəyimizə, özümüzə, torpağımıza xəyanət etdilər. O duz-çörəkdən ki onun qədir-qiyməti ­Əzraili belə, ram edə bilib.
Belə rəvayət edirlər ki, fərzi tamam olmuş, bütün ömrünü xeyir­xahlıq içində yaşayıb, hər kəsə əl tutmuş aqil bir insanın canı alınmazdan öncə Əzrail bu pirani qocanın gözünə görünür və ondan son diləyini soruşur. Xoş rəftarla Əzraili süfrəsinə dəvət edən müdrik onunla duz-çörək kəsir və həmin duz-çörəyə and verir ki, yarımçıq qalan işlərini başa vuranadək ona möhlət versin. Üzünü Allaha tutub: “Mənimlə duz-çörək kəsib, ey Uca Yaradan, ölümdən möhlət istəyir bu Adəm oğlu, canını necə alım?” – deyən Əzrail belə, kəsdiyi duz-çörəyin qarşısında aciz qalıb.
Azərbaycanlılar da duz-çörək kəsdiyi insanlara heç vaxt xəyanət etməyiblər. Qılıncın kəsərindən daha çox duz-çörəyin gücünə inanıblar. Ulu babalarımız dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Bu inam zaman-zaman məsəllərdə, atalar sözlərində, şeirlərdə özünə yer alıb. Xalq şairi Süleyman Rüstəm yazırdı:

Oxu öyüdümü sən sətir-sətir,
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!

Xalq arasında bu iki nemətlə bağlı bir çox inanclar vardır. “Süfrəyə duz dağılanda dava düşər”, – deyib onun üstünə qənd və ya çörək parçası qoyarlar. “Çörəyi bir əllə kəsməzlər” kimi inanclar xalqın sınaqdan keçirdiyi, təsadüfi hadisələrin belə proseslərlə üst-üstə düşməsi nəticəsində formalaşmışdır. Nikahdan sonra oğlan və qızı duz-çörək ilə qarşılayır, çörəyi gəlinin cehizi ilə birlikdə ər evinə aparardılar. Çağaya göz dəyməməsi üçün beşiyinə çörəklə bərabər duz da qoyardılar. Uzaq səfərə gedənlər yolda xata-baladan uzaq olmaqdan ötrü özləri ilə duz, çörək aparırdılar. Əkinləri tufanın vura biləcəyi ziyandan qorumaq məqsədilə hava korlanmazdan əvvəl çörəyi tabaq və ərsinlə birlikdə çıxarıb küçəyə qoyardılar. Yazda ağaclar çiçək açanda aramsız yağan yağışı dayandırmaq üçün evin ilk övladının ovcuna duz tökülmüş bir parça çörək qoyar yağışın altında saxlayardılar. Bunun gur yağışı səngidəcəyinə inanardılar. Kimə isə “göz dəyib” deyiləndə bir çimdik duzu həmin adamın başının üstündə gəzdirdikdən sonra ocağa atmaqla bəd nəzərdən xilas olduqlarına inanırlar.
Duz-çörəyə inam təkcə insanlar­arası münasibətlərdə deyil, müəyyən heyvanların şərini qovmaqda də istifadə edilməkdədir. Həyətə ilan və ya bayquş gələndə ev sahibi onun qarşısına duz-çörək qoyub deyərdi: “Səni and verirəm duz-çörəyə kimsəyə zərər vermədən get bu həyətdən”. Yaşlı insanlar bu sözlərdən sonra həmin heyvanların getdiyini söyləyirlər.
Qədim diyarımız bu gün həm də duzu ilə məşhurdur. Duzdağ isə dünyanın ən qədim duz mədəni olmaqla bərabər, həm də təbii şəfa mənbəyi kimi tanınır. Hər il minlərlə insan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Bütün bunlar bir daha göstərir ki, Naxçıvanın duz yaddaşı qədimdir, onu öyrənmək isə tariximizi öyrənmək qədər mühüm və olduqca əhəmiyyətlidir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR