28 May 2020, Cümə axşamı

 Fəal tələbə gənclər ekskursiya zamanı Azərbaycanın incisi Ordubadla daha yaxından tanış olublar

Martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu  və Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə gənclərin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunub. Ekskursiyada iştirak üçün seçilən 180 nəfər gənc “Novruz qatarı” ilə Ordubada yola düşüb. Ekskursiyanın keçirilməsində məqsəd Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və dərslərində müvəffəqiyyət qazanan tələbələrin Novruz bayramı tətilində asudə vaxtlarının mənalı təşkili, onların Ordubad rayonunda keçirilən el şənliklərində iştirakının təmin edilməsidir. Həmçinin qədim diyarımızın milli dəyərləri yaşatması, özünəməxsus Novruz adət-ənənləri və ayinləri ilə seçilən Ordubadda turizmin təbliği və bu ekskursiya vasitəsilə ictimai nəqliyyat növü olan dəmir yolundan istifadə edilməsinə marağın artırılmasıdır.

 Qeyd edək ki, “Novruz qatarı”nda “Kosa”,  “Keçəl” və “Bahar qızı” adlı 3 müasirtipli sərnişin vaqonu hazırlanıb. Yolboyu hər bir vaqonda  Novruz bayramının simvolu olan oyunlar təşkil olunub, müxtəlif yarışlar keçirilib, rəngarəng musiqi nömrələri səsləndirilib. Vaqonlarda sərinişlərə nümunəvi xidmət göstərilməsi məqsədilə müxtəlif bayram şirniyyatlarının da yer aldığı çay süfrəsi təşkil edilib. Kupelər Novruz bayramına məxsus atributlarla bəzədilib.

“Novruz qatarı” ilə Ordubada gələn gənclər əvvəlcə bu rayonda Novruz bayramında keçirilən “Xan bəzəmə”  adlanan el şənliyində iştirak ediblər. Gənclər Naxçıvan şəhərindən gətirdikləri Novruz xonçasını ordubadlı gənclərə veriblər və rayon mərkəzindəki el şənliyində milli rəqsimiz olan yallı və digər milli oyunlar  nümayiş etdiriblər. Gənclərin yüksək bayram əhval-ruhiyyəsi, fəallığı yerli sakinlər və orada olan əcnəbi qonaqlar tərəfindən də maraqla qarşılanıb.

Sonra gənclər rayon ərazisindəki XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Burada gənclərə məlumat verilib ki, rayona gələn hər bir qonağın baş çəkdiyi və Ordubadla bağlı yüksək təəssürat yaradan Tarix-Diyarşünaslıq Muzeyində xalq sənətkarlarının əsərləri, tətbiqi-sənət nümunələri, rayon ərazisində aşkara çıxarılmış arxeoloji tapıntılar  sərgilənir.  Burada Ordubadın tarixi ilə bağlı ətraflı məlumata yiyələnmək, tarixi özündə yaşadan eksponatlarla da tanış olmaq mümkündür. 

Daha sonra gənclər üçün  Ordubad şəhərinin mərkəzində yerləşən “Dübəndi” ailəvi istirahət mərkəzində Ordubad nemətlərinin yer aldığı çay süfrəsi təşkil edilib. Sonda gənclər onlar üçün xüsusi ayrılmış avtobuslarda  Ordubad dəmiryolu stansiyasına gələrək Naxçıvan şəhərinə yola düşüblər. Yolboyu müxtəlif oyunlar oynanılıb, “Novruz qatarı” xoş anlarla yadda qalıb.

Biz də ekskursiyada iştirak edən bir neçə gənc ilə həmsöhbət olduq. Onların bayram təəssüratlarını öyrəndik.

Günay Abbasova:- Novruz bayramı ən əziz, doğma və sevimli bayramlarımızdan  biridir.  Bu təzə ildə “Novruz qatarı”nda  muxtar respublikamızın səfalı bölgələrindən birinə -- Ordubada səyahət etmək, bu xoş mənzərələri bir də qatardan seyr etmək mənim üçün yaddaqalan oldu. Ordubad şəhərində  “Qeysəriyyə” tarixi memarlıq abidəsini ziyarət etdik, burada yerləşən Tarix-Diyarşünaslıq muzeyi haqqında ətraflı məlumatlandırıldıq.  Xüsusilə də Ordubad rayonunda təntənə ilə qeyd edilən Novruz  şənliyində iştirak uzun müddət yaddaşımda qalacaq. Əyləncəli, eyni zamanda səmərəli vaxtın təşkilinə görə layihə təşkilatçılarına minnətdarlığımı bildirirəm. Bir daha bayramınız mübarək olsun!.

Fuad Nəcəfzadə:- Bu il milli bayramımız olan Novruzda gənclərlə birgə xoş və maraqlı anlar, əsl bayram ovqatı yaşadıq. Qatarla ekskursiyamız elə bilirəm bütün iştirakçıların hafizəsinə həmişəlik həkk olundu. Yolboyu Novruz əhval-ruhiyyəsini özündə yaşadan maraqlı və intellektual oyunlar oynanıldı, canlı musiqilər səsləndirildi. Biz gənclərə xüsusi diqqət və qayğı göstərildi. Digər tərəfdən Azərbaycanın incisi hesab olunan, Novruz bayramının bir qədər fərqli və diqqətçəkən xüsusiyyətlərlə qeyd olunduğu  Ordubadda olmaq, “zəhmli”, çox ciddi görkəmdə olan “Xan”ın da olduğu meydanda xüsusi rəqslərlə  çıxış etmək mənə elə gəlir ki, digər gənclər üçün də çox xoş idi.  Həmçinin “Dübəndi” adlanan istirahət mərkəzində bizim üçün təşkil edilən xüsusi çay süfrəsində Ordubadın ləziz bayram şirniyyatlarından daddıq. Bir sözlə, saf havası, özünəməxsus təbii gözəllikləri və qədim tarixi abidələri, qonaqpərvər insanları olan bu cənnət məkanda gənclərlə birgə xoş vaxt keçirdik.

Çilənay Paşayeva:- Xalqımızın əziz bayramı olan Novruz bayramının ilk gününü gənclərlə birgə böyük təntənə ilə qeyd etdik. Mən ilk dəfə idi ki, qatarla səyahət edirdim.  Novruz qatarında keçirilən intellektual oyunlar, müsabiqələrdə  iştirak etməklə  vaxtımı  səmərəli keçirdim. Ordubadda mənim üçün ən yadda qalan xatirə Novruz şənliyində iştirak etmək idi. Çünki, ilk dəfə idi, bayramın ilk gününü Ordubadda qeyd edirdim. Burada gənclərlə birgə milli rəqsimiz olan yallı və digər yaddaqalan oyunlar nümayiş etdirdik. Onu da deyim ki, Novruz qatarı kimi layihələrin təşkili muxtar respublikamızda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, xüsusilə də gənclər arasında təbliği  baxımından mühüm əhəmiyyət kəsb edir. Gəncləri yenidən gözəl bir təşəbbüslə bir araya gətirdiyi üçün Naxçıvan Muxtar Respublikasının Gənclər Fonduna minnətdarlığımı bildirirəm.

Rəmzi Məhərrəmov:- Qatarla səyahət etmək mənim çoxdankı arzum idi. Bu gözəl və əziz bayramda “Novruz qatarı”nda seçilən gənclər arasında olduğum üçün şadam. Əzəldən insanlar arasında birliyin və mehribanlığın möhkəmlənməsində, onların bir-birinə diqqət göstərməsində sağlam bir təməl yaradan bu müqəddəs bayram biz gəncləri bir daha fərqli bir ideya ilə bir araya gətirdi. Ordubadda keçirdiyim vaxt isə mənim üçün başdan-başa ruh yüksəkliyi, coşqunluq,  maraqlı hisslərlə yadda qaldı.  Novruz ənənələrinin qorunub saxlanıldığı muxtar respublikamızda  gənclərin asudə vaxtının səmərəli təşkili üçün həyata keçirilən müxtəlif layihələrdən biri olan “Novruz qatarı” bir daha biz gənclərə göstərlən diqqət və qayğının təzahürü idi.

Qeyd edək ki, gənclər qatarda səyahət zamanı, eləcə də, Ordubad rayonundakı el şənliyində çəkilən ən maraqlı fotoları  #NovruzQatarı  həştəqi ilə sosial şəbəkələrdə  paylaşacaqlar.  Seçilmiş ən yaxşı fotoşəkil qalib elan olunaraq mükafatlandırılacaqdır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR