22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

  Azərbaycan tarixində elə nəsillər var ki, onlar xalqımıza böyük simalar – hərbçilər, siyasətçilər, elm və sənət adamları, ədəbiyyatçılar, musiqiçilər, aktyorlar, rəssamlar bəxş ediblər. Bu görkəmli nəsillər içərisində Bakıxanovlar nəslinin də özünəməxsus yeri vardır. Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov da Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısıdır. 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib, bir sözlə, musiqinin bütün janrlarında yazıb-yaradıb. Azərbaycan musiqi xəzinəsini zənginləşdirən sənətkarın əsərləri bu gün dünyanın 50-dən çox ölkəsində səslənir. 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olan Tofiq Bakıxanov musiqi sahəsindəki əməyinə görə yüksək mükafatlara layiq görülüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev görkəmli ­sənətkarımız haqqında demişdir: “Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir”.

Sənət taleyinin və yaradıcılığının əsas hissəsi qədim diyarımızla bağlı olan, Naxçıvana növbəti dəfə səfər edən ­tanınmış bəstəkarla görüşüb həmsöhbət ­olduq:

–Tofiq müəllim, xoş gördük sizi yenidən Naxçıvanda. Siz böyük bir nəslin layiqli davamçısısınız. Maraqlıdır, Bakı­xanovlar nəslinin sizin həyatınızda rolu nədən ibarət olub?
– Çox xoşbəxtəm ki, mənim nəsil- nəcabətim xalqımızın görkəmli ziyalıları olub. Böyük bir nəslin nümayəndəsi olmaq nə qədər xoşbəxtlikdirsə, bir o qədər də məsuliyyətlidir. Odur ki, erkən yaşlarımdan indiyə qədər daim bu nəslin adını uca tutmağa, onların yolunu layiqincə davam etdirməyə çalışmışam. Tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş atam Əhmədxan Bakıxanov çox istedadlı, mahir bir tarzən olub. Onun sənət aləmində xüsusi xidmətləri vardır. Hər gün evimizdə tarın sədalarını eşidərdim. Demək olar ki, mənim də musiqiyə sevgim elə o tardan başlayıb. Təhsil illərim çox maraqlı və uğurlu keçib. Mən dəfələrlə dahi Üzeyir bəyin qarşısında çıxışlar etmişəm və o da məndən çox razı qalıb. Bu mənada, 1940-cı illər mənim yaradıcılığımın ən məhsuldar dövrü olub. Həmin xatirələr mənim üçün olduqca unudulmazdır. Sənətdə qazandığım uğurlara görə həmişə boya-başa çatdığım ailəyə, mənə yol göstərən müdrik sənətkarlara və unudulmaz müəllimlərimə minnətdaram.
– Dəfələrlə Naxçıvanda olmusunuz. Bu dəfə Naxçıvan sizdə hansı təəssüratları yaratdı?
– Öncə bütün naxçıvanlıları muxtar respublikanın 95 illiyi münasibətilə təbrik edirəm. Naxçıvan mənim sevimli şəhərimdir. Bu qədim diyarda dəfələrlə olmuşam və bu gün də burada olmaqdan çox məmnunam. Naxçıvan hər görüşdə gözümə daha gözəl görünür. Buranın havası, suyu, təbiəti məni yeni yaradıcılıq uğurlarına ruhlandırır. Digər tərəfdən, Naxçıvanda yaradılan qayda-qanun məni həddindən artıq sevindirir. Bu yaxınlarda Bakıda radioların birindən sürücülərin maşınla gedərkən küçələrə zibil atdıqlarını eşitdim. Məncə, onlar Naxçıvandan nümunə götürməlidirlər. Bura dünyanın bir sıra qabaqcıl ölkələri ilə belə, müqayisə edilməyəcək qədər təmiz şəhərdir. Hər gəlişdə Naxçıvanda yüksək mədəniyyətin şahidi oluram.
–Bəs sizi Naxçıvana bağlayan əsas səbəb nədir?
– Mənim Naxçıvana bağlılığım, ilk növbədə, yüksək səviyyəli insanlarla, dostlarımla əlaqədardır. Məni ilk dəfə bu gözəl diyarla tanış edən, yaradıcılığıma Naxçıvan mövzusunu gətirməyimdə böyük rolu olan insan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov olub. Digər tərəfdən, istər akademiklər, istərsə də şair və yazıçılar, bəstəkarlar olsun, hamısı mənə və yaradıcılığıma yüksək dəyər verirlər. Onu da deyim ki, mən mərkəzi mətbuatda tez-tez ­yazılarla çıxış edirəm. Yazılarımın əsas mövzusu isə doğma Naxçıvanla bağlı olur. Naxçıvanlı bəstəkar, Əməkdar incəsənət xadimi Kamal Əhmədovun ­ 70 illik yubileyi ilə əlaqədar, Naxçıvanın incəsənət, musiqi mədəniyyətindən bəhs edən digər yazılarım qəzetdə tez-tez dərc edilir. Naxçıvanı tərənnüm və təbliğ edən yazılar yazmağa bundan sonra da davam edəcəyəm.
Mən bu gəlişimdən çox razıyam. Naxçıvan mənim üçün mənəvi dayaq olub. Hər yerdə deyirəm, 89 yaşım var və əgər Naxçıvanla bağlı xatirələrim olmasaydı, bəlkə də, heç belə uzun ömür sürə bilməzdim. Hazırda məni yaşadan Naxçıvanda yaradıcılığıma verilən dəyərdir, yazdığım əsərlərin Naxçıvanla bağlılığıdır. Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Filarmoniyasında yaradıcılığımın 60 illiyi rəsmi qaydada qeyd edildi. Həmin tədbirdə ifa olunan ilk və sonuncu əsərlər məhz Naxçıvan haqqında idi. Sevinirəm, ona görə ki, həyatımın bir hissəsi məhz bu diyarla bağlı olub. Arzum budur ki, mən 90 yaşımda da yenidən Nuh yurduna – Naxçıvana qayıdım.
– Muxtar respublikada müntəzəm olaraq yaradıcı ziyalıların, xüsusən görkəmli mədəniyyət xadimlərinin yubileyləri keçirilir. Elə sizin özünüzün 70, 75, 80 illik yubileyləriniz də Naxçıvanda yüksək səviyyədə qeyd edilib.
– Bəli, muxtar respublika rəhbəri digər sahələrlə yanaşı, mədəniyyəti də daim diqqət mərkəzində saxlayır. Sizin dediyiniz kimi, mənim 70, 75 və 80 illik yubileylərim Naxçıvanda təntənə ilə qeyd olunub. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə mənə “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət ­xadimi” fəxri adı verilib. Bundan başqa, 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş “Qızıl medal” mükafatçısıyam, 2017-ci ildən isə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəxri üzvüyəm. Burada təkcə mənim yox, ailə üzvlərimin də yubiley tədbirləri keçirilib. Yaxşı yadımdadır, 2014-cü il iyulun 2-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram ­Teatrında mənim ulu babam Abbasqulu ağa Bakıxanovun 220 illik yubiley tədbiri yüksək səviyyədə qeyd edildi. Bütün bunlar müstəqil ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elmə və yaradıcı şəxslərə verilən qiymətin ifadəsidir.
– Tofiq müəllim, yaradıcılığınızın yeni bir qolunu təşkil edən, həm də muxtariyyətimizin 95 illiyinə layiqli töhfə olan “Naxçıvan təranələri” kitabınız necə ərsəyə gəldi?
– Mənim qəlbimdə həmişə Naxçıvana qarşı böyük sevgi olub. “Naxçıvan təranələri” də, mən deyərdim ki, məhz bu sevginin təzahüründən meydana gəlib. Naxçıvanın inkişafı buraya hər gəlib-gedəndə məni yeni yaradıcılıq uğurlarına sövq edib. Arzum olub ki, vaxtilə tanıdığım şairlərin yazdıqları, mənə təqdim etdikləri şeirləri unutmadığımı göstərim və həmin yaradıcılıq irsini yenidən naxçıvanlı sakinlərlə bölüşüm. Sevincliyəm, arzuma çatdım. Naxçıvan Dövlət Universitetində “Naxçıvan təranələri” kitabının təqdimat mərasimi keçirildi. Mənə bu şəraiti yaratdığına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm.
Adıçəkilən kitab bu il anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız böyük ədib Hüseyn Cavidin nakam oğlu, Bakıda doğulub, Naxçıvanda dünyasını dəyişmiş bəstəkar Ərtoğrol Cavidin əziz xatirəsinə həsr olunub. Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi ­Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının xəttilə “Mütərcim” nəşriyyatında işıq üzü görən məcmuənin redaktorları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovadır. Bu kitabda toplanmış musiqi əsərləri bilavasitə Naxçıvanda doğulub böyümüş şairlərin, onların bu qədim diyara olan sevgi, məhəbbət və rəğbətlərini özündə əks etdirən sözlərinə yazılıb. Kitabda görkəmli şair Adil Babayevin “İnsan ürəyi”, “Nurlu bir ümid”, “Dənizə baxan zaman”, İslam Səfərlinin “Payız da gəldi”, “Sevgilim”, böyük ədib Cəfər Cabbarlıya həsr edilmiş “Cəfərim mənim”, “Könül deyir yaşa hələ”, şair-dramaturq Asim Yadigarın “Batabat dağları”, akademik İsa Həbibbəylinin “Arpaçay” şeirlərinə bəstələnmiş romans və musiqilər yer alıb. Kitabda adıçəkilən insanların həyatı və yaradıcılığı haqqında da yığcam məlumat verilir.
– Naxçıvan haqqında deyilməli o qədər ifadələr var ki…

Qoca Şərqin qapısında
Düşmənlərə gözdağıdır.
Ulu Heydər, Cavid, Bəhruz
Əcəmilər ocağıdır.
Müjdə dolu sabahları
Xoş qədəmli illərdədir.
İlham kimi elə bağlı
Etibarlı əllərdədir.

Bu, şair Ramiq Muxtarın “Naxçıvan” şeiridir. Həmin şeirə bəstələnən mahnı da “Naxçıvan təranələri” kitabına daxil edilib. Bunlar hələ Naxçıvana həsr edilən mahnıların çox az bir hissəsidir. Naxçıvan qoca Şərqin qapısıdır, qədim Nuh yurdudur. Bu diyar minlərlə tarixi abidələr məkanı, ziyalılar məskənidir. Buranın dağları, çayları, göllərinin özü belə, bir bəstə olub dildən-dilə gəzir.
– Maraqlı müsahibə üçün sağ olun.

 Güntac ŞAHMƏMMƏDLİ