22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Qədim Nuh yurdunda xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. Artıq ənənə halını alan milli mətbəx günlərinin keçirilməsi, xalqımıza məxsus mətbəx nümunələrinin tanıdılması onların gələcək nəsillərə çatdırılması baxımındam mühüm əhəmiyyət daşıyır. Belə festivallardan biri də aprelin 16-17-də “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində keçirildi.

“Kətə” festivalına həm yerli sakinlər, həm də qonaqlar böyük maraq göstəriblər. “Ailə təsərrüfatları ili”nə təsadüf edən, hər il olduğu kimi, bu il də hamının səbirsizliklə gözlədiyi növbəti “Kətə” festivalının ikinci günü də rəngarəng olub. Festivalın sonuncu günü “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin nəticələri elan edilib. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçilərək festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşdirilib. Şahbuz rayon Aşağı Qışlaq kənd sakini Südabə Məhərrəmova, Culfa rayon Kırna kənd sakini Çiçək Bayramova, Babək rayon Babək qəsəbə sakini Güllü Əsgərova, Naxçıvan şəhər sakini Nümunə Məmişova müsabiqənin qalibləri elan olunublar. Şərur rayon Ələkli kənd sakini Sevda Kazımova, Sədərək rayon Sədərək kənd sakini Mehbarə Hüseynova, Kəngərli rayon Böyükdüz kəndindən Nəsibə Rzayeva ikinci, Ordubad rayon Yuxarı Əndəmic kəndindən Azadə Mirzəli isə üçüncü yerə layiq görülüblər. Qaliblərə və festivalda fərqlənən “Azad” şirniyyat müəssisəsindən Azad Quliyevə diplomlar təqdim olunub.

Müsabiqənin qaliblərindən Şahbuz rayon Aşağı Qışlaq kənd sakini, ailə təsərrüfatı başçısı Südabə Məhərrəmovanın dedikləri:
– Bir neçə ildir ki, ailə təsərrüfatı yaratmışıq. Təsərrüfatımızda süd və kənd təsərrüfatı məhsulları istehsal edirik. Bu festivalların təşkili məhsullarımızı nümayiş etdirməyə, onlara alıcı tapmağa da şərait yaradır. Buraya gələn qonaqlar isə kətələrin hazırlanmasını və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər. Bu cür tədbirlərin davamlı keçirilməsi xalqımıza məxsus mətbəx nümunələrini yaşatmaqda böyük rol oynayır. Göstərilən dövlət qayğısına, yaradılan şəraitə görə minnətdarlıq edirəm.
Digər müsahiblərim, ikinci yerə layiq görülən qadınlar da bu kimi tədbirlərin milli mətbəx nümunələrimizdən olan kətənin tanıdılmasında böyük rolu olduğunu qeyd edirlər. Bildirirlər ki, Naxçıvan mətbəxi öz bənzərsizliyi ilə seçilir. Özünəməxsus dad-tamı ilə qədimdən bəri mətbəximizdə yaşadılan kətə çeşidlərinin də tanıdılması üçün bu festivalların keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin hazır­lanması qaydalarının nümayiş olunduğu festivala şəhər sakinlərinin, qonaqların, xüsusilə gənclərin marağı böyükdür. Onların içərisində xarici ölkələrdən gəlib burada təhsil alan tələbələr də az deyil. Eləsi var ki, kətənin dadına ilk dəfə baxır və çox dadlı olduğunu deyib bunun necə hazırlanması ilə maraqlanır. Bu da başqa millətlərdən olan insanların kətənin xalqımızın mətbəx nümunəsi olduğunu öyrənmələrinə səbəb olur.
Festivalda həmsöhbət olduğumuz Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbə Özləm Nefis dedi ki, 4 ildir, Naxçıvanda yaşayıram. Bura təmiz, gözəl bir şəhərdir, insanları qonaqpərvərdir. İlk dəfədir, “Kətə” festivalında iştirak edirəm. Buna baxmayaraq, kətənin dadına bir neçə dəfə baxmışam. Təndirdə bişirilən kətəni isə ilk dəfə idi dadırdım. Çox dadlı və ləzzətlidir. Artıq necə bişirildiyini də öyrənmişəm.
İran İslam Respublikasının Urmiya şəhərindən gəlmiş Araz Əlizadə isə qeyd etdi ki, Naxçıvan mətbəxini hədsiz bəyənirəm. Naxçıvanda keçirilən “Plov”, “Göycə”, “Ailə təsərrüfatı məhsulları” festivallarının da iştirakçısı olmuşam. Belə festivallar insanları bir araya toplayır, adət-ənənələrin unudulmadığını göstərir, həmçinin milli və mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır.
Sədərək rayonundan gələn ailə təsərrüfatı sahibi Mehbarə xanım hazırladıqları kətə ilə bərabər, festivala Sədərəyin məşhur çörəyi olan dəstana da gətirmişdi. Onun dediyinə görə, bu gün bir saat ərzində 25-dən çox dəstana satıb. O vurğuladı ki, bişirdikləri 16 növ kətəyə də maraq çox olub.
Naxçıvanda keçirilən üçüncü “Kətə” festivalına yerli əhalinin və xarici qonaqların böyük maraq göstərmələri bunu bir daha sübut etdi ki, müxtəlif növ yeməkləri ilə yanaşı, Naxçıvan mətbəxinin ləziz dadı olan kətə hər zaman sevilə-sevilə hazırlanır və yeyilir.
Ötən iki gün ərzində buradakı qələbəlik zəngin xalq yaradıcılığımızın, milli dəyərlərimizin, bənzərsiz mətbəximizin təbliği baxımından belə festivalların təşkilinin əhəmiyyətinin çox böyük olduğunu bir daha nümayiş etdirdi.

 Ramiyyə ƏKBƏROVA