Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “İnformasiya cəmiyyətinin formalaşmasında elektron kitabxananın rolu” mövzusunda konfrans keçirilib. İctimaiyyətin nümayəndələrinin, tələbələrin və şagirdlərin iştirak etdiyi konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq mövzu ilə bağlı məruzə edib. 
Qeyd olunub ki, kitab və kitabxana cəmiyyətin vacib atributudur. Kitabxanaların ən başlıca vəzifəsi kitabxana fondlarını oxucuların tələb və maraqlarına uyğun formalaşdırmaqdan ibarətdir. Bir çox kitabxanalar ənənəvi kitablarla yanaşı, fondlarını elektron kitablarla da zənginləşdirir. Kitabxanalar informasiya cəmiyyətinin formalaşmasında xüsusi rol oynayır. Kitabxanaçı istifadəçi ilə informasiya arasında vasitəçidir. Müasir kitabxanaçı informasiya resurslarının axtarılması və seçilməsi məsələsinin həllinə kömək edir.

Aytəkin Qəhrəmanova deyib ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında Elektron kitabxananın yaradılması da öz əksini tapmışdı. Kitabxananın 90 illik yubiley tədbirləri çərçivəsində bu istiqamətdə mühüm işlər həyata keçirilib, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yeni Elektron kitabxana yaradılıb, elektron kataloq sistemi və internet saytı fəaliyyətə başlayıb. Bu günə qədər kitabxanada müxtəlif mövzulu 532 kitabın və “Şərq qapısı” qəzetinin elektron kataloqu hazırlanıb, kitablar elektron formada şəbəkədə yerləşdirilib. Bundan başqa, kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulub. Surətköçürmə aparatı köhnə kitabların bərpasına imkan verir. Elektron oxu zalında 12 kom­pyuter oxucuların istifadəsinə verilib. Kitabxanaya müraciət edən hər bir oxucu bir dəqiqə ərzində elektron formada qeydiyyatdan keçir və üzvlük vəsiqəsi alır. Bundan sonra abunəçi ona verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilər. Sistem oxuculara kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanı yaradır. Bu da oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulması, istifadəçilərə keyfiyyətli xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Sonra kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədovanın, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi İman Alırzayevin, kitabxana­nın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmovanın çıxışları olub.
Slaydlarla müşayiət edilən çıxışlarda belə bir fikir xüsusilə vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid prosesi çox sürətlə gedir. Muxtar respublikada kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulması ilə yanaşı, belə mədəniyyət müəssisələrinin müasir tələblərə cavab verən texnologiya ilə təmin edilməsi istiqamətində də kompleks tədbirlər görülür.
Sonda tədbir iştirakçıları kitabxananın elektron zalı ilə tanış olublar.

 

Xəbərlər şöbəsi