23 Sentyabr 2019, Bazar ertəsi

1992-ci ilin may ayının 18-də Laçında – Kiçik Qafqaz dağlarının bu füsunkar təbiətə malik ərazisində açılan güllər ömrünü yaşamamış soldu, erməni vandalizmi və vəhşiliyi 18 uşağın həyatını yarıda qoydu, 31 körpə hər iki valideynini itirib yetim, kimsəsiz qaldı, 300 nəfərdən çox insan şəhidlik zirvəsinə ucaldı, 103 nəfər əbədi əlil arabasına məhkum oldu. O gün əzəli türk yurdu olan Laçını – Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji ünvanı itirdik. Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması mümkünsüz olacaqdı. Çünki Ermənistandan Qarabağa gedən yeganə və əsas nəqliyyat dəhlizi Laçın idi.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən yaşayış məntəqələrini də zəbt edən Ermənistan silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutmağa başladılar. Həmin il mayın 18-də Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etdi. Rayonu ələ keçirən düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə əraziyə daxil oldu. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, işğal edilən rayonlarımızın sırasına Laçın da daxil oldu.

İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olub, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Ermənilər rayonu ələ keçirdikdən sonra 13 min 745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırdabuynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58 min 736 laçınlı öz doğma torpağından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb.
Qədim Azərbaycan yurdu olan Laçında məskunlaşmanın tarixi eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Maraqlı məqam ondan ibarətdir ki, Qobustan və Gəmiqayadan sonra məhz Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılıb. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir.
Laçın ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.
Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk “Abdal” tayfasının adından götürülüb. 1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanıb. Bu ad Ağ Hun tayfasının adını əks etdirir. Əsasında Abdal tayfasının adı olan etnotoponimlərə başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə rast gəlinir. Hələ VI əsrdə suriyalı tarixçi Zaxari Ritor Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli Abdal tayfasının da adını çəkib, alban tarixçisi Musa Kalankatlı Albaniyada yaşayan Abdal tayfasının adını qeyd edib. “Abdal” adına ölkəmizin digər əraziləri ilə yanaşı, Ordubad rayonu ərazisində də rast gəlinir.
1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilib. Şəhərin adı ­görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq “Laçın” adlandırılıb. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.
Tarixçilər onu da vurğulayırlar ki, ermənilərin bu ərazidə məskunlaşması 1828-ci il Rusiya-İran müharibəsindən sonraya təsadüf edir. Həmin ildən Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanılıb. O zaman bu torpaqlara səfil, ac-yalavac gələn ermənilər 1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar törədib və nəticədə, təxminən, yarım milyon müsəlman həlak olub.
Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman ermənilərin Qarabağ ərazilərinə əsassız iddialarını bilən, bu əzəli Azərbaycan torpaqlarının inkişafına və tərəqqisinə çalışan ulu öndər Heydər Əliyev Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul edib, qısa zaman kəsiyində Laçının sürətli ­inkişafına nail olunub. İstər iqtisadi cəhətdən, istərsə də abadlıq-­quruculuq sahəsində dağ rayonları sırasında o zaman Laçın birinci yerdə dururdu.
Biz Azərbaycan ərənləri sözümüzə sadiqik. Ağrılı-acılı 27 ilin Laçın həsrətinə son qoymaq üçün Laçına mütləq qayıdacağıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını dəfələrlə bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə olunacağını da qətiyyətlə vurğulayır. Ordumuzun Cocuq Mərcanlıdan, Günnütdən başlanan zəfər yürüşü buna bir daha inamımızı artırır. Günnüt zəfərinin dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsi də böyük qələbəni daha da yaxınlaşdırır.

Arif BAYRAMOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR