19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İncəsənətin ən çətin sahələrindən biri də təsviri sənətdir. Dünyanın mənəvi cəhətdən dərk edilməsində təsviri sənət geniş imkanlara malikdir. Gerçəkliyin müxtəlif cəhətlərinin estetik mənimsənilməsində rəssamın imkanları genişdir. Təsviri sənət obrazlarının əyaniliyi, həyat və zamana rəssamın öz münasibətini bildirmək və bunu tamaşaçıya aşılamaq baxımından da maraqlıdır. Yüksək renesans incəsənətinin əsasını qoyan dahi italyan boyakarı Leonardo da Vinçi bu sənətə qiymət verərək deyirdi: “Rəssamlıq lal poeziya, poeziya danışan rəssamlıqdır”.

Bu sənət yolunun 40 illik yolçularından biri də həyatını rənglər dünyasına bağlayan tanınmış sənətkar, bu günlərdə 65 yaşını tamam­layan Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovdur. Onu səciyyələndirən cəhət xarakterindəki zəhmət və istedadın vəhdətidir. Bu isə sənət adamı üçün vacibdir. Yorulmaq bilmədən işləmək, axtarmaq, öyrənmək, düşünmək, öz rəsm əsərlərini sevə-sevə yaratmaqla rəssam sanki sübut edib ki, bu sənətə təsadüfi deyil, ürəyinin çağırışı ilə gəlib.
Telman Abdinov 1954-cü il iyulun 1-də Şahbuz rayonunun Külüs kəndində dünyaya gəlib. Doğma yurdunun təbiəti, kəndin xalq yaradıcılığı ilə məşğul olan insanlarının söhbəti, toxuduqları xalçaların gözəlliyi özü də bilmədən onu rəssamlığa bağlayıb. Doğulduğu kəndin simasında dünyanın gözəlliklərinə vurularaq bu yaradıcılıq yoluna qədəm qoyub. Kənd məktəbində onun istedadını görüb istiqamət verənlər də tapılıb. Telman Abdinov arzusunu qətiləşdirib və bu sənəti seçib.

Ötən əsrin 70-ci illərinin əvvəllərində Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almağa başlayıb. Tələbəlik dövrü, görkəmli rəssamlarla görüşlər, onların emalatxanalarında olmaq, onların qayğısından bəhrələnmək və tələbə ikən sərgilərdə ilk əsərlərini nümayiş etdirmək Telman Abdinovun xatirəsində bu gün də yaşayır. 65 yaşın işığında ona rəssamlığın sirlərini öyrədən müəllimlərini, sənətkarları minnətdarlıqla xatırlayır. 1975-ci ildə tələbə ikən rəssamın Bakıda Səttar Bəhlul­zadə adına Sərgi Salonunda nümayiş etdirilən 3 əsəri – qobelen janrında işlədiyi “Abşeron ritmləri” və xalça texnikası üslubunda ərsəyə gətirdiyi qadın çantası onun ilk işləri idi. Elə həmin günlərdə görkəmli rəssam Toğrul Nərimanbəyov gənc tələbənin bu işləri haqqında “Ədəbiyyat və incəsənət” qəzetində yazmışdı: “Telman Abdinov tətbiqi sənətin qobelen üslubunda işlədiyi əsərlərlə Azərbaycan rəssamlığına yeni səsin, yeni nəfəsin gəldiyini xəbər verir. Bu tablolardakı rəng çalarlarının harmoniyası, müəllifin nəyi çatdırmaq istəyi, kövrək rəssam qəlbinin ağ kətan üzərinə köçürülmüş həzin pıçıltıları tamaşaçını düşünməyə sövq edir. Hiss edirsən ki, özünəməxsus duyum dünyası olan Telmanın hər rəssama məxsus olmayan güclü rəng duyğusu, rəng­lərin içərisində seçim hissi var. Bu duyğu və seçimlə hər tablosunda tamaşaçıya nə isə bir şey demək istəyir”.
Rəssamın çoxşaxəli və məhsuldar yaradıcılığı özünəməxsusluğu ilə seçilir. Portret, mənzərə, qrafika, natürmort və başqa mövzulu əsərlərdə rəng tonu, kompozisiya, bütövlük onun istedad və zəhmətinin vəhdəti kimi ortaya çıxır. Telman Abdinov yorulmaq bilmədən, zəhmətinə güvənərək təsviri incəsənətimizə fədakarlıqla xidmət edən rəssamlarımızdandır. Yaradıcılıq yolunda vətənsevərlik, zərif duyğular, incə qəlb onun əsas sirdaşıdır. Doğma yurdunun gözəlliklərini böyük sevgi ilə təsvir edən rəssamın Naxçıvan mövzusunda rəsm əsərləri çoxdur. “Günü-gündən gözəlləşən Naxçıvan” adlı əsərinə baxmaq kifayətdir ki, onun Vətən sevgisini, torpaq məhəbbətini duyasan.

Telman Abdinovun emalatxanasında dəfələrlə olmuşam. Etiraf edim ki, həmişə onu yeni əsər üzərində işləyən görmüşəm. Zarafatla: “Bir qədər istirahət et”, – dedikdə isə cavabı bu olub: “Emalatxana işləmək üçündür”.
Fırça ustasının yaradıcılığı müxtəlif mövzulu və janrlı rəsm əsərləri ilə seçilir. Rəssamın “Sönməz günəş”, “Zərifə Əliyevanın portreti”, “Ata yolunu davam etdirən oğul”, “Möminə xatın”, “Aza körpüsü”, “Batabat”, “Qürub çağı”, “Açıq səma”, “Rəssamın stolu” və başqa əsərləri ona uğur gətirib. “Xalçaçılıq emalatxanası”, “Yolda”, “Çərpələnglər”, “Yelləncəkdə” və başqa süjetli tabloları isə dolğunluğu və insanı duyğulandıracaq məqamları ilə diqqəti cəlb edir.
Rəssamın portret janrında ustalıqla yaratdığı əsərlərdə tamaşaçı ilə üzbəüz qoyduğu insanlar arasında tanınmış dövlət başçılarına, elm xadimlərinə, məşhur şairlərə, rəssamlara, aktyorlara, qayğısız uşaqlara, sadə peşə adamlarına rast gəlmək mümkündür. Onun “Çətirli qız”, “Gülümsəyən kişi”, “Gənc qız”, “Ağ köynəkli oğlan” portretlərində hamıya doğma olan hisslər hakimdir.
Rəssamın yaradıcılığı haqqında Azərbaycan Respublikasının Xalq rəssamları Ağəli İbrahimov, Hüseyn­qulu Əliyev, sənətşünas, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları dəyərli fikirlər söyləyiblər. Onun əsərləri indiyədək Moskva, Yekaterinburq, Sankt-Peterburq, İstanbul, Ərzurum, Qars, Bodrum və başqa yerlərdə nümayiş etdirilib. 2002, 2004, 2014-cü illərdə rəssamın fərdi sərgisi təşkil edilib.
Telman Abdinov, eyni zamanda muzeylərimizə ən çox rəsm əsərləri hədiyyə edən rəssamlarımızdandır. Onun əsərləri muxtar respublikamızın əksər muzeylərində vardır. Onu da deyək ki, bu yaxınlarda rəssam portret janrında çəkdiyi daha 5 əsərini muzeylərimizə hədiyyə edib.
Rəssamın özünəməxsus məhsuldar yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Telman Abdinov 2002-ci ildə rəssamlıq sənətinin inkişafındakı fəaliyyətinə görə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb. Rəssamın “Palitraya sığmayan rəng­lər” miniatür kataloqunda onun son illərdəki rəsm əsərləri əks olunub. 2015-ci il iyulun 1-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda həmin kataloqun təqdimat mərasimi olub.
Rəssam bu günlərdə muxtar respublikanın 95 illiyi münasibətilə təşkil ediləcək “Naxçıvanın görkəmli şəxsiyyətləri” adlı fərdi sərgisinə hazırlaşır.
Telman Abdinovun ata ocağının astanasından başlanıb əvvəlcə kənd yoluna çıxan, dağların üstündəki göyqurşağından rəng alan sənət ­cığırı onu sənət dünyasında tanıdıb. Tanınmış rəssamımızın zəngin yaradıcılığı bu sənəti sevən gənclərə əsl örnəkdir.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274150
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2971
5778
27315
105508
4274150

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter