22 Sentyabr 2019, Bazar

Bura təbiətin qoynuna tələsənlərin “məkanıdır”

Yaşıl rənglərin ən gözəlidir, – desəm, yanılmaram. Çünki ana təbiətimizin rəngidir bu rəng. Yazın əvvəlindən torpağın bağrını yarıb çölü-düzü, dağı-daşı bəzəyən yaşıl çəmən daha sonra digər rənglərə öz qoynunda yer verir. Ağ, sarı, qırmızı, bənövşəyi gül-çiçəklə bu yaşıl çəmən insan ruhunun həmdəminə, məlhəminə çevrilir. Bəlkə, elə buna görədir ki, insanlar yaşıl rəngin vurğunudurlar. Füsunkar təbiətə malik muxtar respublikamızda son 25 ilə yaxın bir dövrdə iməciliklər yolu ilə salınan yaşıllıqlar, yaradılan gülkarlıqlar bu diyarı indi bağlar, güllər-çiçəklər məkanına çevirib. Ulu Yaradan ucqar kəndlərimizə, yaylaqlarımıza, dağlarımıza təbiətin əvəzsiz yaşıl görüntülərini bəxş etsə də, bunu deməyi özümə mənəvi borc bilirəm ki, şəhər və rayon mərkəzlərində, aran kəndlərimizdə yaşıllıqlar illər öncə bu qədər deyildi. Ötən illər yaşıllaşdırma sahəsində görülən işlər, sözün həqiqi mənasında, Naxçıvanımızın iqlimini dəyişib. Artıq burada şəhərlər, rayonlar da dəniz səviyyəsindən yüz metrlərlə yüksəklikdə yerləşən kəndlərimiz, yaylaqlarımız qədər yaşıl, yaşıl olduğu üçün də bol oksigenli, təmiz havalıdır. Yaşıllaşdırma ilə bağlı son illərin statistik məlumatlarına baxılarsa, sözsüz, digər məmləkətlər, şəhərlər diyarımızın kölgəsində qalar.  

 Elə bu düşüncələrlə yolumu yeni ağac, gülyetişdirmə sahəsindən – “İqlim otağı”ndan saldım. Ömrünün fidan çağını yaşayan güllərin, ağacların “məkanı” məni xəyalən 1990-cı illərə apardı – muxtar respublikamızın blokadaya salındığı ilk illərə. Elektrik enerjisinin, təbii qazın kəsilməsi səbəbindən bağ-bağçalarımızda, yol kənarlarında, meşələrdə, sanki biləyimizi kəsirmiş kimi doğrayıb sobamıza qoyduğumuz, kötüyü “qan ağlayan” ağacları xatırlayır, bir də bu gün diyarımızda hara üz tutsan, çiyin-çiyinə vermiş, bir-birinə hayan, qol-qanad ağacları, bütün bunların fonunda əsrarəngiz yaşıllıqları göz önünə gətirirəm. Qonşumuz Həsən kişinin o illərdə həyətindəki ağaclar kəsilərkən göz yaşlarını xatırlayıram. Biz milli dəyərlərimizə görə “Kişi ağlamaz”, – deyə tərbiyə almışıq. Həsən kişi ağlayanda böyüklərimdən eşitdiyim bu sözləri xatırlayır, “Kişi də ağlayar?” – deyə düşünürdüm. Ondan ağlamasının səbəbini soruşanda verdiyi cavabı da yaxşı xatırlayıram: “Gəlin kəsin mənim əllərimi, amma ata-babamın saldığı, vedrə-vedrə su daşıyıb dibinə tökərək böyütdüyü ağacları kəsməyin. Bu ağaclara endirilən balta, sanki köksümə saplanır”. Bir qədər sonra çarəsizlikdən Həsən kişinin özünün əlinə balta götürdüyünü görəndə bütün qonşuların ağladığı isə blokadanın acılarına şahid gəncliyimin ən məyus­edici xatirəsidir.

Düşünürəm ki, gör biz hansı illərdən hansı illərə gəlib çıxmışıq. Yenə blokada şəraiti, lakin o illər, bu illər… İndi o illər kəsilən bir ağacın yerinə on yox, onlarla ağac əkilib. Üstəlik, yeni-yeni bağlar salınıb. Meşə sahələri yaradılıb. Bir vaxtlar iməciliklərə qəribə münasibətlə yanaşan bəzi insanları belə ötən illərin uğurlu nəticələri indi yaşıllıqların salınması işinin ən fəal üzvlərinə çevirib. Təbiətin qoynuna tələsən bu bitki aləmini gəzərkən, ötən illər bax belə səhifələnir gözlərim önündə.
“İqlim otağı”nın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışında yaşıllaşdırma sahəsində ötən illərlə bu günün müqayisəli portretini yaradan dəyərli fikirləri o acınacaqlı mənzərələri gözlər önünə gətirir. Ali Məclisin Sədri demişdir: “Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublika təbiətinə də təsir etmiş, ağaclar kütləvi qırılmış, yaşıllıqlar məhv edilmişdi. 1995-ci ilin statistikasına əsasən həmin dövrdə muxtar respublikada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada ümumi ərazinin 20 faizə yaxını yaşıllıqlardır. Həmçinin muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, eyni zamanda mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir”.
Naxçıvan Yaşıllaşdırma Xidmətinin 6 saylı Tingçilik Sahəsinin rəisi Yasin Babayevlə söhbət edə-edə ərazidə gəzərkən o, bizi burada tikilmiş 8 parnik və 4 binada işçilər üçün yaradılmış lazımi şəraitlə, iş otaqları ilə tanış etdi. Əsas binada gül-bəzək kollarının və meyvə ting­lərinin yetişdirilməsi üçün yaradılan “İqlim otağı” ilə bağlı dedi: – Muxtar respublikada yaşıllıqların sahəsi ilbəil artırılır, yeni meyvə bağları salınır. Elə buna görə də yeni tingçilik təsərrüfatlarının inkişafına ehtiyac yaranır. Bu gün müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması da bu sahədə görülən işlərin davamıdır. Burada yetişdiriləcək ağac tingləri və gül kolları gələcəkdə Naxçıvanın gözəl təbiətini daha da zənginləşdirəcəkdir. Otaqda 108 rəf quraşdırılıb. Buradakı şərait toxum vasitəsilə 11 min 664, şitil və ya qələm vasitəsilə 4536 ədəd olmaqla, il ərzində 105 min müxtəlif növ ağac, gül və bəzək bitkiləri yetişdirməyə imkan verir. Otaq təbii hava şəraitindən tamamilə təcrid olunub, avtomatlaşdırılmış işıqlandırma, suvarma, havalandırma, isitmə və nəmləndirmə sistemləri ilə təchiz edilib. Buradakı süni iqlim şəraiti istənilən növ bitkini yetişdirməyə və digər növ istixanalarla müqayisədə bitki yetişdirilməsi sahəsindəki məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir.
“İqlim otağı”nda yetişdirilən bitkilər təbii şəraitə uyğunlaşdırılmaq üçün daha sonra müvəqqəti saxlanma anbarına veriləcək və satışa çıxarılacaq. Yasin Babayev ərazidə mağazanın, gübrə və digər vasitələrin saxlanması üçün anbar yaradılmasını, bütün binaların istilik, elektrik və su sistemləri ilə təchiz olunduğunu da qeyd etdi.
“İqlim otağı”nın operatoru Elməddin Səmədov isə bizi toxum və qələməkmə prosesi ilə tanış edib dedi: “Əvvəlcə ting və toxum iş otaqlarında torf və torpaq qarışımında xüsusi qablarda əkilir və “İqlim otağı”ndakı rəflərə yerləşdirilir. Burada onlara qulluq edilir”.
O, fidan ömrünü yaşayan ting və güllərdən də danışdı. Bir-birindən gözəl qızılgülləri, atlası, qar, barama, gümşad güllərini, körpə şam tinglərini göstərərək onların yaxın gələcəkdə muxtar respublikamızın şəhər və rayonlarını bəzəyəcəklərini bildirdi.
Ali Məclisin Sədri “İqlim otağı” istifadəyə verilərkən demişdir: “Bu günə qədər muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın bir hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin yaradılan şərait imkan verəcəkdir ki, tələbat tamamilə yerli istehsal hesabına ödənilsin, ərazilərə uyğun meyvə və həmişəyaşıl tinglər, bəzək kolları və güllər yetişdirilsin. Müasir avadanlıqlarla təmin olunmuş “İqlim otağı”nda tinglər və gül kolları açıq havaya nisbətən daha tez böyüyür. Bu da daxili tələbatı iki dəfədən artıq ödəməyə imkan verir. Muxtar respublikanın aid təşkilatları ilə tingçilik sahəsi arasında qarşılıqlı əlaqə yaradılmalı, sifarişlər qəbul olunmalıdır. Kollektiv həm dövlət təşkilatlarının, həm də əhalinin tələbatına uyğun ağac və bəzək kolları yetişdirməlidir”.
Bu dəyərli fikir və tövsiyələri kollektiv üzvləri fəaliyyət proqramına çeviriblər. Onların həm yaşıl­laşdırma sahəsində, həm də iş otaqlarında səylə çalışmaları, işə məsuliyyətlə yanaşmaları bunu bir daha göstərir.
“İqlim otağı”ndakı rəngarəng güllərin, ting və bəzək kollarının yaxın gələcəkdə təbiətin qoynuna “yolçuluğunun” yaşıllıqlar içərisində olan şəhər və rayonlarımızın, park və ­xiyabanlarımızın hüsnünə vuracağı naxışlar göz önünə gəlir. Bu füsunkarlıq qarşısında heyran qalaraq düşünürəm: Vaxt gələcək ki, Naxçıvandan söhbət açanlar muxtar respublikamızı təbiətin ona bəxş etdiklərini insan əllərinin daha da zənginləşdirməsi ilə sahib olacağı görüntülər­lə “yaşıl diyar” adlandıracaqlar.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR