21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Dil xalqın tarixini özündə yaşadan bir vasitə olmaqla, həm də hər bir xalqı, milləti başqalarından fərqləndirən ən başlıca amildir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Xalqımız əsrlərboyu Ana dilimizin saflığını qoruyaraq bu dildə zəngin ədəbi nümunələr yaratmışdır. Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Məmməd Araz və başqa ­görkəmli söz ustaları bu dilin zənginliklərindən istifadə edərək ölməz sənət nümunələri miras qoyub getmişlər.
Dilin müstəqil inkişafı və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin əsas aparıcı atributlarından biri hesab olunur. Təsadüfi deyil ki, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəldi və hökumətin imzaladığı ilk sənədlə Azərbaycan dili dövlət dili elan olundu. Ümumilikdə, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına böyük qayğı göstərmişdir. Dahi rəhbər Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilini Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.

Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur. Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir” fikri dahi şəxsiyyətin siyasi hakimiyyətə ikinci qayıdışından sonra bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Belə ki, ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkə­mizdə kiril əlifbasından istifadəyə son qoyulmuş, latın qrafikasının tətbiqi ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Bu tarixi sənədlər Azərbaycanda dilçilik elminin nəzəriyyə və praktikasının təkmilləşməsinə, ana dilimizin ümumxalq dili kimi inkişaf etməsinə stimul olmuşdur.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilinə həssaslıqla yanaşmasının nəticəsidir ki, dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam milli əlifbamızla bağlı problemləri tamamilə həll etdi. Dövlət rəhbərinin müxtəlif sərəncamlarına əsasən çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Müvafiq sərəncamlar əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından işıq üzü görən yeni nəşrlər isə ölkə­mizdə kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirməklə yanaşı, həm də doğma dilimizin gənc nəslə təbliği baxımından geniş imkanlar açdı.
Dilçilik daim inkişaf edən, zənginləşən sahə olduğundan ölkə başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı milli terminologiyamızın inkişafına, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələlərinə öz töhfəsini vermişdir. Dövlət başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı isə Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsini nəzərdə tutur. Ümumilikdə, Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə dilimizin işləkliyi və düzgün təbliği diqqət mərkəzində saxlanılmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” fikirləri bu gün muxtar respublikamızda da özünün gerçək təsdiqini tapıb. Son illər muxtar respublikada nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənc­lərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırıb. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə, coğrafi ünvanlara doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi isə əsrlərdən bəri süzülüb gələn dilimizə xalq sevgisinin gerçək ifadəsidir.
Bu gün hər birimiz minillərboyu Qobustandan, Gəmiqayadan üzü bu yana çətin və şərəfli yol keçərək bugünkü səviyyəyə gəlib çatan dilimizin saflığının qorunmasında əsl vətəndaş mövqeyi sərgiləməli, harada olmağımızdan asılı olmayaraq dilimizi unutmamalıyıq. Ölkə Prezidentinin də dediyi kimi: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466439
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
915
5561
9395
130480
4466439

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter