23 Sentyabr 2019, Bazar ertəsi

Müasir dövrümüzdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazır­lanması və həmçinin müvafiq olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması zərurətini yaradır.
Onu da vurğulamaq lazımdır ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda təhdidlər kifayət qədər genişdir. Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir. Müasir dövrümüzdə gənclərimiz internet şəbəkələrində yayılan oyunların və digər əyləncəli proqramların belə təhlükələrini nəzərə almırlar. Son zamanlar gənclərin sevimlisi olan şəkilləri qocaldan “Face­App” mobil proqramı bu günlərdə sosial şəbəkələrdə, eləcə də həm “AppStore”da, həm də “Google Play”də ən populyar proqramlardan biridir. Təkcə “Google Play”də qeyd olunan proqramı 50 milyondan çox istifadəçi yükləyib. Bu proqram insanları əyləndirir, istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkanı verir və bu zaman real görüntülər yaradaraq milyonlarla insanı əhatə edən böyük auditoriyanı cəlb edir. Populyarlığın əsas səbəbi də budur.

Qeyd edək ki, bu, 2017-ci ildə yaradılmış proqramın yeni funksiyasıdır. Neyron şəbəkələr bazasında çalışan həmin proqramı Rusiyanın “Wireless Lab” şirkəti hazırlayıb. Hesab edirik ki, insanların fotolarını qocaldan “FaceApp” proqramı istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Fikrimizcə, bu, onlar üçün riskdir. “FaceApp” istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər. Diqqətinizə çatdıraq ki, fotoşəklini, adını və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qala bilər. Proqram onun yükləndiyi cihazlar vasitəsilə məlumat toplayır. Təbii ki, istifadəçini üzdən tanıyır, onun İP ünvanını və yüklədiyi digər proqramları bilir, yəni özü üçün həmin istifadəçinin profilini formalaşdırır. Beləliklə, sizə aid informasiyaların kimin əlinə keçə biləcəyini yalnız proqramın yaradıcıları bilir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi gənclərimizi təhlükəsizlik baxımından “FaceApp” proqramına aludə olmamağa çağırır. Eyni zamanda kompüterinizə və ya smartfonunuza yüklədiyiniz proqramlara, o cümlədən brauzerdəki genişləndirmələrə nəzər salmanızı, istifadə etmədiyiniz və ya çox da lazım olmayan proqramları silmənizi tövsiyə edir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin Elektron
Təhlükəsizlik Mərkəzi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR