23 Sentyabr 2019, Bazar ertəsi

Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaradıb. Xüsusilə yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində görülən işlər öz nəticəsini verir. Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılıb. Laboratoriya üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilib, iyul ayının 2-də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bütün yeraltı və yerüstü suların analiz prosesini həyata keçirən bu laboratoriyanın qurulmasında əsas məqsəd suyun ekoloji vəziyyətinə nəzarət, su mənbələrinin çirklənməsinin qarşısının alınması və suda yaşayan canlıların qorunmasıdır. Yeni laboratoriyanın digərlərindən fərqi həm də qonşu ölkələrdəki çaylarda suyun ekoloji vəziyyətinə nəzarət etməkdir.
Bu günlərdə həmin laboratoriyada olduq. Baş laborant – müdir əvəzi Yalçın Əliyev bildirdi ki, ölkə əhəmiyyətli Su Monitorinq Laboratoriyası dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilib. Onun Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda yerləşməsi həm də müşahidə olunacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verir. Ona görə də işə məsuliyyətlə yanaşılır, analizlərin dəqiq aparılması diqqətdə saxlanılır.

Laboratoriyada analiz, nümunələrin hazırlanması və qəbulu üçün xüsusi otaqlar mövcuddur. Bu otaqlarda bir çox avadanlıq və cihaz yerləşdirilib. Avadanlıqlar içərisində fərqli funksiyalı kolbalar, kimya stəkanları, menzurkalar, pipetkalar və digərləri var. Bu avadanlıqlar müxtəlif ölçülərdədir. Hər bir cihaz özünəməxsus iş prinsipinə malikdir. Bu cihazlara suda radioaktiv çirklənmənin və ağır metalların təyini, konduktometr (suda elektrik keçiriciliyi), codluluq, duzluluq, oksimetr (suda həll olmuş oksigenin təyini), sorucu şkaflar (iş zamanı yaranan iyin və ya qazın çölə xaric edilməsi), kimyəvi maddələri saxlamaq üçün şkaf, termoreaktor (nümunənin qızdırılması), teledyne (nümunə götürən cihaz), distilyator (suyun saflaşdırılması), termostat (avadanlıqların qurudulması), uğur (soyuducu şkaf), laboratoriya duşu (ani qəza zamanı bədən nahiyəsinin yuyulması), spektrofotometr üçün test kitləri aiddir. Laboratoriyada suyun radioaktiv çirklənməsi, suda olan ağır metal ionlarının təyini, suyun codluğu, duzluluğu, elektrik keçiriciliyi, turşuluq, qələvilik və suda həll olmuş oksigen miqdarı təyin edilir.
Hazırda laboratoriyaya Araz çayı, Naxçıvançay, Şirarxı, Arpaçay sularından nümunələr gətirilərək analiz prosesləri davamlı olaraq həyata keçirilir. Əvvəlcə müəyyən olunmuş məntəqədən teledyne cihazı vasitəsilə su nümunəsi götürülür. Bu cihaz fərqli ölçüdə və fərqli vaxtlarda aralıqlı olaraq su nümunəsi götürmək funksiyasına malikdir. Daha sonra götürülmüş su nümunəsi laboratoriyada nümunə qəbulu otağında qeydə alınır. Sonra prosedurlara uyğun olaraq analiz üçün hazırlanır və ağır metalların təyini üçün su nümunəsi spektofotometr adlanan cihaza qoyulur. Burada bir çox ağır metal təyin edilir. Bununla yanaşı, hazırlanmış su nümunəsi Tri Carb cihazına qoyularaq suda H3 tritiumun radioaktivlik dozası müəyyən olunur. Tri Carb üçün hazırlanmış su nümunəsi minimum 1 saat qaranlıq şəraitdə saxlanılmalıdır. Analiz 1 saat ərzində aparılmalıdır. Ötən ay Naxçıvançay, Arpaçay, Araz çayı və Şirarxından götürülərək su nümunələrinin analiz nəticələrinin ekoloji normativlərə uyğun olduğu qeydə alınıb.
Göründüyü kimi, laboratoriya fəaliyyətə başladığı qısa vaxt ərzində öz işini Ali Məclis Sədrinin kollektiv qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində qurub.

Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR