19 Sentyabr 2019, Cümə axşamı

Xalqımızın tarixi keçmişini, milli irsini əks etdirən mədəniyyət nümunələrindən biri də papaqçılıq sənətidir. Bu sənət xalqımızın məişəti və mədəniyyəti ilə sıx şəkildə bağlı olub, zamanın süzgəcindən keçərək böyük bir inkişaf yolu keçib. Əsas milli baş geyimlərindən olan papağa xalqımız hər zaman xüsusi ehtiramla yanaşıb. Papaq ta qədimdən cəsarət, ləyaqət, şərəf rəmzi hesab olunmaqla yanaşı, həm də hörmət simvolu sayılıb. Odur ki, papaqçılıq tarixboyu mühüm sənətkarlıq sahələrindən olub.

Milli mədəniyyətimizin digər sahələri kimi, qədim papaqçılıq sənəti də bu gün muxtar respublikamızda qorunub yaşadılır. Ömrünü bu sənətə həsr etmiş insanlardan biri də İsmayıl Babayevdir. 30 ildən artıqdır ki, Naxçıvan şəhərində papaqçılıqla məşğul olan İsmayıl usta deyir ki, bu sənəti seçən insanda gərək həvəs və istək olsun. Bunlarsız keyfiyyətli iş də ortaya çıxmaz.
Sənətini ürəkdən sevən İsmayıl Babayev gördüyü işdən həm də zövq almağı bacarır. Onun tikdiyi papaqlar gözəlliyi və keyfiyyəti ilə seçilir. Usta hazır papaq nümunələri ilə yanaşı, sifarişçinin zövqünə, sənətinə uyğun papaqlar da tikir. Deyir ki, əvvəllər kişilər daha çox buxara, çapma, şiş, sarıq kimi papaq növlərinə üstünlük verirdilər. Bu gün isə, əsasən, kepkatipli papaqları daha çox sifariş edirlər. Təbii ki, günümüzün dəb və zövqünə uyğun olaraq bu növlərin bir çoxu istifadə edilmir. Bununla belə, yaşlılar arasında buxara papaq tikdirmək istəyənlər də az deyil.
İsmayıl usta bizə bu sənətin tarixi barədə də məlumat verir. Onun dediklərindən: “Tarixboyu ölkəmizdə papağın bir çox növlərindən istifadə edilib. Onların müxtəlif formaları və özünəməxsus adları olub. Məsələn, oğlan uşaqları üçün hazırlanan papaqlara “tərlik” deyirlər. Ancaq tərlik papaq qədər qalın olmur və açıq qırmızı rəngdə bir qat toxunan formaya malikdir. Bu papaq formasının Səfəvi hökmdarlarının “Qızılbaş” ordusundan qalması ehtimal edilir. Milli geyimlərimizin mühüm elementlərindən biri olan araqçının isə forması onun daşıyıcısının sosial vəziyyətinin göstəricisi sayılırdı. Xalqımız arasında ən geniş yayılan papaqlardan biri də motal papağı olub. Ondan, əsasən, yoxsul təbəqəyə mənsub insanlar və çobanlar istifadə edərdilər. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqə isə buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya itiuclu formada hazırlayırdılar. Buxara papağa “şiş papaq” və ya “bəy papaqları” da deyilirdi”.

Papaqçı onu da qeyd etdi ki, papaqların hazırlanmasında müxtəlif növ materiallardan istifadə edilsə də, dəridən hazırlanan papaqlar daha çox üstünlük təşkil edir.
Papaqlar milli geyimlərimizdə dərin kök salıb. Bu mədəni irsi qoruyub saxlamaq, inkişaf etdirmək qarşımızda duran mühüm vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı isə belə xalq yaradıcılığı nümunələrinin yaşadılmasına geniş imkanlar açıb. Bu sərəncamdan irəli gələn vəzifələr muxtar respublikada uğurla yerinə yetirilir, hər il bu istiqamətdə geniş tədbirlər keçirilir. Milli-mədəni dəyərlərə yüksək qiymət verilməsinin ifadəsidir ki, 8 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər” festivalı keçirilib. Festivalda milli baş geyimimiz olan müxtəlif papaqlar da nümayiş etdirilib və böyük maraqla qarşılanıb.
Qürurvericidir ki, bu gün doğma Naxçıvanımızda müxtəlif sənət sahələrinin qorunub yaşadılmasına və inkişafına göstərilən diqqət və qayğı davamlı xarakter alıb. Sənətkarlar üçün emalatxanaların yaradılması, onların sərgilərinin təşkil olunması bunun əyani göstəricisidir. Papaqçılıq da bu sahədə önəmli yerə malikdir.
Bir məsələni də vurğulayaq ki, bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində çalışan dərzilər həm də papaq tikməyə maraq göstərirlər. Hazırda müasir dövrün tələblərinə uyğun olaraq yeni papaq növləri tikilir. Onu da qeyd edək ki, min illərlə yaşı olan papaqlarımız bu gün də öz dəyərini saxlayır.

Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR