20 Noyabr 2019, Çərşənbə

Bu il Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının yaradılmasının 60 illiyi tamam olur.
Bu münasibətlə sentyabrın 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 1959-cu ilin sen­tyabr ayında yaradılan Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı fəaliyyətə başladığı gündən Azərbaycanın bütün bölgələrində, Orta Asiya, Qafqaz ölkələrində qastrollarda olur, çıxışları ilə dinləyicilərin rəğbətini qazanır. Muxtar respublikada gənc kadrların yetişməsində “Araz” Dövlət Mahnı və Rəqs Ansamblının böyük xidmətləri olub. Ansambl ətrafına topladığı istedadlı musiqiçilərin uğurlu fəaliyyəti nəticəsində kifayət qədər böyüyüb, professional ifaçılıq qabiliyyətinə görə mükəmməl kollektivə çevrilib.

Qeyd edilib ki, 1983-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılıb. İlk illərdə burada Xalq Çalğı Alətləri və Kamera orkestrləri, eləcə də Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərib. 2010-cu ildə xor kollektivi, 2012-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılması haqqında” Sərəncamı ilə filarmoniyanın Estrada Orkestri yaradılıb. Bu gün filarmoniyada 7 professional kollektiv fəaliyyət göstərir.
Filarmoniyanın bu günədək keçdiyi inkişaf yolundan da danışan nazir qeyd edib ki, filarmoniya Azərbaycanın müxtəlif bölgələrində və dünyanın bir neçə ölkəsində keçirilən mədəni tədbirlərdə, həmçinin muxtar respublikada təşkil edilən dövlət səviyyəli konsertlərdə uğurlu çıxışlar edib. Buradakı yaradıcı kollektivlər milli-mədəni dəyərlərimizin, yallılarımızın, xalq mahnılarının geniş vüsət almasına çalışaraq layiqli sənət töhfələri ilə musiqisevərlərin rəğbətini qazanıb.
Bildirilib ki, Naxçıvan Dövlət Filarmoniyasına gənc kadrların cəlbi də daim diqqətdə saxlanılır. Muxtar respublikada istedadlı gənclərin ortaya çıxarılmasında, onların ixtisasları üzrə təkmilləşməsində və gələcəkdə həmin gənclərin şəxsində peşəkar musiqi sənətinin yaşadılmasında filarmoniyanın xidmətləri böyükdür.
Nazir deyib ki, mədəniyyətin bütün sahələri kimi, Naxçıvan Dövlət Filarmoniyasının da professional musiqi kollektivi kimi formalaşmasına və fəaliyyətini uğurla davam etdirməsinə dövlətimiz tərəfindən daim qayğı göstərilir. Bu mədəniyyət müəssisəsinin maddi-texniki bazası daim möhkəmləndirilir, kollektivlər üçün lazım olan geyim dəstləri, avadanlıqlar və musiqi alətləri alınır.
Filarmoniyanın üzvlərinin əməyi də dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib, burada fəaliyyət göstərən 2 nəfər “Xalq artisti”, 9 nəfər “Azərbaycan Respublikasının Əməkdar artisti”, 3 nəfər “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi”, 20 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 4 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 25 nəfər Prezident mükafatına layiq görülüb. Həmçinin kollektiv üzvlərindən 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Vurğulanıb ki, Naxçıvan Dövlət Filarmoniyası bu gün muxtar respublikanın aparıcı mədəniyyət ocaqlarından biri kimi qədim Naxçıvan diyarında həm mədəniyyətimizin təbliği və inkişafında, həm də gənc istedadların aşkar edilərək peşəkar musiqi sənətinə cəlb edilməsində müstəsna rola malikdir.
Sonda Natəvan Qədimova yubiley münasibətilə filarmoniyanın bütün üzvlərini, həmçinin musiqisevərləri təbrik edib, kollektivə yaradıcılıq uğurları arzulayıb.
Sonra filarmoniyanın kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər. Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, rəqs qrupu və xor kollektivinin, filarmoniyanın solistlərinin ifaları alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR