22 Noyabr 2019, Cümə

Oktyabrın 3-də “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalı çərçivəsində keçirilən “Yurdumun rəngləri” adlı müsabiqənin qalibləri mükafatlandırılıb.
Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu çıxış edib. Tədbirin davamı olaraq Rəssamlar Birliyinin üzvü olan 15 rəssam “Saat Meydanı”nda muxtar respublikanın 95 illiyinə həsr edilmiş müxtəlif mövzularda rəsm əsərləri çəkiblər, eyni zamanda burada iştirak edən gənc tələbələrə ustad dərsləri keçiblər.

Sonra “Yurdumun rəngləri” adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək festival iştirakçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib. Qeyd edib ki, Ali Məclisin Sədri 2019-cu il 25 may tarixində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazırlanması məqsədilə Sərəncam imzalayıb. Festival çərçivəsində “Yurdumun rəngləri” adlı müsabiqə keçirilib. Müsabiqəyə Rəssamlar Birliyi üzvlərinin müxtəlif nominasiyalar üzrə muxtar respublikanın 95 illik inkişaf və quruculuq tarixini əks etdirən rəsm əsərləri təqdim olunub. Müsabiqə iştirakçıları müxtəlif nominasiyalar üzrə I, II, III və həvəsləndirici yerlərə layiq ­görülüblər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında qeyd edib ki, doğma Azərbaycanın qədim guşəsi olan Naxçıvan artıq “festivallar diyarı” adlandırılır. Naxçıvanın iqtisadi-siyasi, elmi-mədəni inkişafı rəssamlarımıza böyük ruh verir. Muxtar respublika rəssamları əsərlərində bu inkişafı, gözəlliyi daim vəsf edirlər. Qədim diyarımızda rəssamlara böyük diqqət və qayğı göstərilir. Bu qayğının növbəti nümunəsi Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalının keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamıdır. Bu sərəncamda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinə aid Ehtiyat Fondundan Rəssamlar Birliyinə on beş min manat vəsait ayrılıb. “Yurdumun rəngləri” adlı festival-müsabiqə də sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Bildirilib ki, müsabiqəyə təqdim edilmiş əsərlərə baxış və seçim mərhələsi olub, rəngkarlıq, qrafika, plakat, dekorativ-tətbiqi sənət, ümumilikdə, dörd nominasiya üzrə 29 rəssamın 39 əsəri təqdim edilib. Həmin əsərlər bir-birindən maraqlı və mövzu baxımından rəngarəngdir. Müsabiqədə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikasında rəssamlara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Sonra müsabiqə qaliblərinə mükafat, diplom və fəxri diplomlar təqdim olunub.
Sonda sərgiyə baxış olub.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR