14 Noyabr 2019, Cümə axşamı

Şeir və poemaları, dünənli, bu günlü və sabahlı zəngin poeziyası ilə həmişə yaddaşlarda qalacaq əsl xalq şairi, böyük Vətən oğlu Məmməd Araz… Zəngin yaradıcılığı ilə insanı düşündürən, kədərləndirən, sevindirən görkəmli ziyalı. Keşməkeşli, şərəfli, bütövlükdə, Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayan heyrətamiz şəxsiyyət... Qələmi “söz qardaşı”, əlində ən etibarlı söykənəcək, möhkəm dayaq bilən, qələmi ilə, sözün əsl mənasında, sözə xidmət edən sənətkar. Qüdrətli xalqının qəlbində daimi yuva quran dağ kimi yenilməz, əyilməz Xalq şairi.

Tərcümeyi-halını şeirlərində gizlədən, öz yazılarının baş qəhrəmanı olan, yaşadığı həyatı sətirlərə işləyən bu qeyri-adi sənətkarın sənətinin də başlanğıcı, uşaqlıq və ilk gənclik illərinin istinadgah yeri məhz qədim Naxçıvan diyarı olub. Onun sənətkar ruhu Şahbuz dağlarının özünəməxsus ab-havası, yayda Günəşi, qışda qarı bol olan təbiətindən qidalanıb, poetik təəssüratları Çadırdaş ətəyindən, Nursu bulağından ilhamlanıb, Arazın tərənnümü ilə daha da zənginləşib. Bir sözlə, bütün dünyaya “ürəyinin bir parçası” adlandırdığı Naxçıvandan baxıb, şeirlərində doğulub boya-başa çatdığı qədim diyarı sonsuz sevgi və məhəbbətlə vəsf edib:

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.

Məmməd Araz ucalığı, dünyagörüşü atası İnfil kişinin halallığı və zəhmətkeşliyi, anası Cahan xanımın səmimiyyəti, şirin söhbəti, nənəsi Zöhrə xanımın milli folklor nümunələrini həvəslə öyrətməyi ilə formalaşıb, insanlıq zirvəsinə çatıb. Gələcək poeziyasının, zəngin yaradıcılığının ilk cücərtiləri də məhz bu vaxtdan özünü göstərib. Bununla da nəsillərdən-nəsillərə keçib gəlmiş bu müqəddəs ata ocağının layiqli varisi, etibarlı qoruyucusu yetişib.
Doğulub böyüdüyü Nursu kəndinin təmiz havası, suyu, bolsulu bulaqları, könüloxşayan dağları, yaylaqları Məmməd Arazı o qədər ilhamlandırıb ki, elə ilk qələm təcrübələrini də məktəbdən sonra qoyun-quzu otardığı bu sirli dağların döşündə qələmə alıb. Milli şeirimizin “daş əsgəri” ilk şeirlərini yaşadığı kəndin “sal daşları üstündə” yazıb. Sonralar onun yaradıcılığında aparıcı mövzulardan birinə çevrilən daş motivi, şairin qələmindən çıxmış və məşhur zərbi-məsələ çevrilmiş “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” misrası ilə bütövlük, Vətənə, torpağa bağlılıq, əsl vətəndaşlıq himni kimi səslənir. Vətəni Azərbaycanın zəngin tarixi keçmişi, bu günü, Araz dərdi Məmməd Araz poeziyasının əsas mayasını təşkil edir. Vətəninin sərhədləri onun sözünün sərhədindən başlanır və bu sərhədlə də bitir. Həmin söz ki büllur su, qaynar bulaq kimi aşıb-daşır, ürəklərə yol tapır. Bu şeirlərin hamısı sevgi, insanlıq, dostluq, lirika, insani hisslərlə yoğurulub.
Hər şair millətini, xalqını, Vətənini poetik sözün ucalığı ilə təmsil edə bilmir. Bu mənada, Məmməd Araz Azərbaycan poeziyasında xalqın ürəyində yer tapan, orada əbədi məskən salan şairlərimiz içərisində ön sıralarda durur. Əsl soyadı İbrahimov olsa da, özünə “Araz”ı təxəllüs kimi seçir. Əvvəlcə Vətəninə və onun bir parçası Araza bağlılığı özünə bu təxəllüsü seçməyi zəruri edir. Bundan sonra səsi, sözü, öz sağlam və mənəvi ziyalı potensialı ilə əsl “Araz şairi” kimi xalqına, ən əsası isə həqiqətə xidmət edir.
Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir məktəbindən faydalanan Məmməd Araz sözün məsuliyyətini dərindən dərk etməyi, bədii sənətin qüdrətini yaşatmağı bacarmağı, zəngin və ötkəm şeirləri ilə ən böyük insan haqlarının tərənnümçüsü olmağı onlardan öyrənib, lakin özündən əvvəlki şairlərin heç birini təkrar etməyib. XX əsrin altmışıncı illərindən etibarən ana Vətəninin dərd-sərini, məhəbbət və kədəri qələmə alan şairin yaradıcılığı XX əsrin 60-90-cı illərində bir çox şairlər üçün məktəb rolunu oynayıb.
Məmməd Araz şeirinin özünəməxsusluğu da məhz onun millilik və müasirliyində, dərin lirizm, bəşərilik və xəlqiliyində idi. Məmməd Araz poeziyasında İkinci Cahan müharibəsindən sonrakı Azərbaycan kəndinin, kəndlisinin taleyi əsas xətt kimi keçir və obrazlı şəkildə mənalandırılır. Məhz ötən əsrin səksəninci illərinin sonlarından başlanan milli azadlıq hərəkatının ön cərgələrində qələmi ilə mübarizə aparan şairlər içərisində ön sıralarda dayanan, öz yaradıcılığı ilə xalqı ayağa qaldıran, mübarizəyə səsləyən İstiqlal şairi Məmməd Araz idi. Onun Vətənimiz haqqında ən sanballı, yaddaqalan, ilhamlı və təsirli şeirlər silsiləsindən dillər əzbəri olanlardan biri – “Azərbaycan – dünyam mənim” şeiridir:
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Bu şeirdə “Azərbaycan” sözü qürurla səslənir. Onun yaradıcılığının baş qəhrəmanı da məhz Azərbaycandır. Buna görədir ki, XX əsrin doxsanıncı illərində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Məmməd Arazın şeirləri ilə boy atır, daha da böyüyür. Vətənimizi düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün xalqı haraya, köməyə çağıran görkəmli söz ustasının qələmə aldığı “Ayağa dur, Azərbaycan!” şeiri poeziyamızda vətənpərvərlik mövzusunda yazılan ən yaxşı əsər, ölkə­mizin müstəqillik uğrunda mübarizə marşı kimi qiymətləndirilir. Şeirdə şairin daxili harayı, vətəndaş yanğısı hər misrada hiss olunur:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Özünü bu mübarizənin ön cərgəsində görən Məmməd Araz hamını, bütün Azərbaycanı mübarizəyə səsləyir. Məhz bunun nəticəsidir ki, xalqımız “ölümü ilə qalımını” ayırd edə, ayağa qalxaraq Azərbaycanın bütövlüyünü təmin edə bildi. Bununla da Azərbaycan öz müstəqilliyini qazandı, milli azadlığına nail oldu.
Ötən əsrin 80-90-cı illərində Məmməd Arazın vətəndaşlıq poeziyası yüksəldi, o, bir şair kimi xalqın ən çox sevilən sənətkarına çevrildi, hər bir şeiri böyük sevgi və rəğbətlə qarşılandı. O dövrün sərt ideoloji təqiblərinə baxmayaraq, ədəbiyyatımızda gerçəkliyi mənalı və münasib şəkildə əks etdirən “Məndən ötdü qardaşıma dəydi”, “Vətən mənə oğul desə”, “Yenə Arazı gördüm”, “Bu millətə nə verdik ki”, “Ağlama” kimi səfərbərlik və çağırış ruhlu şeirləri məhz şairin böyük ilhamının və istedadının nəticəsi idi.
Azərbaycan poetik-fəlsəfi fikrinin ən yaxşı nümunələrini yaradan Məmməd Arazın ötən əsrin 70-ci illərindən başlayaraq qələmə aldığı insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Onun poetik irsində dünya və bəşəriyyəti düşündürən vacib problemlər şairin özünü də düşündürür, o, fikir və qayğılarının sonunda yenə də “Azərbaycan dünyasından baxır dünyaya”. Bu gün misraları zərbi-məsələ, hikmətli sözlərə, musiqiyə çevrilib könlümüzü oxşayan şairin bəşəri-fəlsəfi səpkidə qələmə aldığı “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri də insanı “ömür-gün naxışı” ilə bəzənmiş dünyanın “gəlimli-­gedimli” olduğu fikri ilə düşünməyə sövq edir.
“Ürəyimsiz kəlmə yazan deyiləm”, – deyən şair səmimi, kövrək, həssas və mərd taleyi ilə həm də ürək şairi idi. Onun ürəyi poeziya ilə döyünürdü.
Poemaları da şeirləri kimi bənzərsiz olan Məmməd Araz ədəbiyyatımızda poema janrını yeni mərhələyə çatdırıb. Onun “Üç oğul anası”, “Paslı qılınc”, “Atamın kitabı”, “Mən də insan oldum”, “Qayalara yazılan səs”, “Araz axır” poemaları həyati mətləblərini özündə əks etdirən, insan mənəviyyatının dərin qatlarına enib, fəal vətəndaşlıq mövqeyi və müasirlik, milli taleyimizin əhatəli təqdimi ilə yüksələn əvəzsiz nümunələrdir.
1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olan ədibin çoxcəhətli yaradıcılığında bədii publisistika da özünəməxsus yer tutur. Həyatın sərt reallıqlarının şeirin poetik ölçülərinə sığışmadığı bir vaxtda Məmməd Arazın şair qələmi alovlu publisist qələminə çevrildi. Onun qələminə məxsus yaradıcılıq nümunələri aradan uzun illər keçsə belə, bu gün də aktuallığını və müasirliyini itirməyib. XX əsr boyu fərqli, ideoloji sistemlərdə yaşayıb-­yaratmasına baxmayaraq, ədəbiyyatda və ictimai həyatda həmişə Azərbaycançılıq mövqeyinin böyük müdafiəçisi olan Məmməd Arazın yaradıcılığı bu baxımdan misilsiz örnəkdir.
Xalqının ürəyində, düşüncəsində məskən salıb əbədi yaşamaq haqqı qazanan Məmməd Araz “Xalq şairi” fəxri adını, “İstiqlal” ordenini, Əməkdar incəsənət xadimliyini, Dövlət mükafatını Vətənə və xalqına xidmət edərək qazanıb.
Böyük söz ustadının dünyaya gəldiyi Şahbuz rayonunun Nursu kəndində şairin ev-muzeyi yaradılıb.
Məmməd Araz o şairlərdəndir ki, şəxsiyyəti, yaradıcılığı ilə “Ölməzlik” qazanıb və əsl şair kimi daim qəlbimizdə yaşayır, yaşayacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR