14 Noyabr 2019, Cümə axşamı

Bu ünvan muxtariyyətimizlə eyni – 95 yaşda olan, lakin qədim Naxçıvanımızın neçə-neçə minilliklərinin sığdığı Naxçıvan Dövlət Tarix Muzeyidir. Bu ünvanın həyətindəki daş fiqurlardan tutmuş muzeyin qapısından içəriyə girdiyim andan qarşılaşdığım bütün guşələr, eksponatlar, tablolar, rəsmlər məni minilliklər öncəyə uzun bir səyahətə – beşminillik yaşı olan qədim Naxçıvanımızın bu günündən dünəninə aparır. Bu virtual aləm illərlə kitablardan oxuduğum qədim və möhtəşəm tarixin bütün dövrlərinin insanına çevirir məni.

Budur eramızdan əvvəl III minillikdəyəm. Nuh tufanının uğultuları çınlayır qulaqlarımda. Bu tufanın sakitləşərkən yer üzünə bəxş etdiyi Naxçıvanın tarixi həmin tufanın Gəmiqayadan, Duzdağdan qopardığı daşlara və sal duz parçalarına həkk olunub. O daşlar, duz parçaları dilə gəlib günümüzə minilliklər öncədən söhbət açır, Ulu Yaradanın Naxçıvana bəxş elədiyi Duzdağ möcüzəsindən, Qazma mağarasından, Nuh Peyğəmbərin torpağa endirdiyi ehtimal olunan Gəmiqayadan danışır. Gəmiqaya daşlarının üzərinə insanların həkk etdikləri təxəyyül məhsulları – təsvirlər onların zəkasını duz sallarının füsunkar parıltısında əks etdirir.
Qarşıda sanki Gəmiqayadan sıldırımlıq alan Əshabi-Kəhf tarixin minilliklərindən boylanır. Neçə yüzilliklərdir, Tanrıya sığınan, niyyət və arzularının gerçəkləşməsini ümid edən, inamı ilə pənah gətirən insanların dəstə-dəstə axışdığı bu dini-mədəni abidə İslam mədəniyyətinin beşiyi olan Naxçıvanın müqəddəs torpaqlarından, bu torpaqların tarixin neçə-neçə hadisələrinə şahidliyindən söhbət açır.
Əcdadlarımızla yaranan ilk insan cəmiyyətinin formalaşması “İbtidai insanların maketi”, “İbtidai insanların məişəti”, “Odun əldə edilməsi” adlı 3 qrafik əsərlə, bineyi-qədimdən zəhmətsevər olan insanların əmək alətləri, məişət əşyaları ilə ibtidai icma quruluşunun canlı mənzərəsini yaradır. İnsanların odu necə əldə etmələri kimi təsəvvürləri kətan üzərində yağlı boya ilə həkk edən Toğrul Nərimanbəyovun “İbtidai insanların ov səhnəsi” adlı əsəri möhtəşəmliyi və canlılığı ilə diqqətlə baxdıqda səni oradakı obrazlardan birinə çevirmək gücündədir.
Eramızdan əvvəl II və III minilliklərin sonlarını əhatə edən Şahtaxtı və Yaycı kəndlərinin ərazilərindən tapılan monoxrom və II Kültəpə ərazisindən aşkar olunan, IV-III minilliklərdə Kür-Araz mədəniyyətini əks etdirən manqal, polixrom, həm də ağızlarında heyvan başları təsvir olunmuş boyalı qablar, II minilliyin sonuna aid tunc bəzək əşyaları – boyunbağı, qolbaqlar, boz rəngli qablar bu böyük dövrlərə kiçik səyahətdə həmin əsrlərdə yaşayan insanların təfəkkür, dünyagörüş və zövqünü gözlər önündə sərgiləyir. Eradan əvvəl II minilliyə aid təsərrüfat küpləri, keramika məmulatları – kəmər, silahlar, bizlər, əqiq muncuqlar və boyunbağlar, III minilliyə aid gürz və çəkiclər, daş həvənglər, dəstlər, IV minilliyə məxsus ocaq qurğuları, dən daşları, I əsrə –Dəmir dövrünə məxsus xəncərlər, ətir saxlamaq üçün şüşə qablar zaman-zaman insanların təxəyyüllərinin inkişafından, dünyagörüşlərindən “söhbət açır”.

Son Tunc, Erkən Dəmir dövrlərində Şahbuz rayonu ərazisindən tapılan qəbir abidələri – daş qutu qəbir modeli, küp qəbir və kurqanlar insanların İslamdan əvvəl hansı şəkildə dəfn olunduqları haqqında geniş və maraqlı məlumat verir.
Şahbuz rayonunun Kolanı kəndi ərazisindən əldə edilmış böyük daş üzərində Günəşin sxematik təsviri, Zəngəzur mahalının Urud kənd qəbiristanlığından tapılmış XV-XVI əsrlərə aid sənduqələr, Naxçıvan şəhər qəbiristanlığında rast gəlinən, üzərində müqəddəs “Qurani-Kərim”dən ayələr həkk olunan epiqrafik abidə, məzarüstü Gəmiqaya təsvirlərini yaradan insanların davamçılarının sonrakı əsrlərdə düşüncə və idraklarının daşlarda yeni əksidir sanki.
Minilliklərə səyahətim məni XII əsrə – Əcəmi Əbubəkir oğlu Naxçıvani dövrünə gətirib çıxarır. Böyük memarın gözəl diyarımıza bəxş etdiyi bir-birindən gözəl abidələr arasında dolaşıram. Tarixin izləri üzərinə həkk olunan Möminə xatın məqbərəsindən, Yusif Küseyr oğlu türbəsindən, Cümə məscidindən Memar Əcəminin: “Biz gedəriyik, dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik – bu, bizdən xatirə qalar. İlahi, bədnəzərdən uzaq elə” kimi dəyərli fikirlərini eşidirəm. Naxçıvan memarlıq məktəbini yaradan bu bənzərsiz memarın tarixi abidələrin tikintisində istifadə etdiyi inşaat materialları parçalarının keyfiyyəti, rəng çalarları qarşısında heyranlıq duyuram. Bu arada nəzərimi cəlb edən rəssam Eyyub Hüseynovun kətan üzərində yağlı boya ilə işlədiyi “Möminə xatın məqbərəsinin layihəsinin müzakirəsi” adlı əsəri ilə, sanki əsrlər öncəyə qayıdır, bu layihəni müzakirə edənlərə qoşulur və tarixdə iz qoyanlardan birinə çevrilir insan.

XIV əsrə doğru yolçuluqda Naxçıvanımın memarlıq abidələrini özündə əks etdirən Telman Abdinovun “Naxçıvan abidələri” əsəri qarşısında xeyli vaxt dayanmalı oluram. Bir-birindən möhtəşəm, bu diyarın tarixi, qədimliyi, kimliyi üzərinə həkk olunan abidələri dünənimizdən bu günümüzə bir ərməğandır. Şamil Qazıyevin “Naxçıvanqala” əsəri, Qarabağlar türbəsinin maketi, bütün abidələrimizin rəsmləri “dil açıb” minilliklərdən soraq verir. XII-XIV əsrlərə aid şirli qablara isə sanki möhtəşəm abidələrimizin üzərindəki naxışların kiçildilmiş forması həkk olunub. Tamamilə təbii boyalarla və rəngarəng çalarlarla işlənən nəfis, neçə-neçə yüzilliklər sonra olduğu kimi qalan naxışlar dövründə şirli qabların yaratdığı böyük bir mədəniyyəti sərgiləyir.
Budur ayrıca böyük bir otaq dövlətçilik tariximizin Atabəylərlərindən, Qaraqoyunlularından, Ağqoyunlularından, Səfəvilərindən, Naxçıvan xanlıqlarından “söhbət açır”. Dövlət və xanlılara aid xəritə nümunələri ayrı-ayrı yüzülliklərin yol bələdçisinə çevrilərək insanı bu dövrlərin, dövlətlərin qonağı edir. Fotoşəkillər, rəsmlər, dövlət və xanlıqlar, Gürcüstan-Türkmənçay müqaviləsi haqqında məlumatlar, həmin dövrlərə aid pul-sikkə, silah nümunələri və bir də hər səhifəsi tarix qoxan kitablar böyük bir keçmişin müasir dövrdə inikasıdır.

Ayrı-ayrı dövrlərin dövlət və xanlıqlarının hər birinin ictimai-siyasi aləmində, gündəlik həyatında “iştirak etdikdən” sonra XVIII-XIX əsrlərin azərbaycanlı ailələrindən birinin qonağı oluram. Həmin dövrləri güzgü kimi özündə əks etdirən otaqları gəzirəm. Qadınlarımızın ağ parça üzərinə ipək saplarla min bir naxış vurduqları örtüklər salınan və üzərinə çıraq, həvəng, məşqəfə dəsti, ələk, məcmeyi, qazan, mis cam, kəfkir və digər əşyalar düzülən taxçalar, divarlarda gözlərinin nurunu ilmələdikləri xalçaların üzərindən asılan silah nümunələri, musiqi alətləri indi də kəndlərimizdə baba-nənə evlərimizdə hələ də yaşadılanları xatırladır mənə. Ətrafdakı sandıq nənələrin gizli saxlanc yerindən, somavar tüstü qalxan həyat dolu həyətlərdən, yun daramaq, əyirmək üçün daraq, cəhrə buradakı rəngbərəng xalça, cecim, palazların necə hasilə gəlməsindən “danışır”.
Çox böyük təəssüratlarla bu evdən ayrılarkən qarşımda vəlin, kotanın, car-carın, körüyün bu gözəl diyarımızda formalaşdırdığı qədim əkinçilik mədəniyyətinin mənzərəsi açılır. O dövrlərdən yadigar qalan araba təkərlərinin torpağa saldığı ata-babalarımızın əllərindəkinə bənzər izlər həm də tarixən əsas məşğuliyyəti əkinçilik olan insanların torpaq sevdasını canlandırır gözlər önündə. At yəhəri, çəki tərəziləri isə at belində sübh çağından əkinə-biçinə yollanan insanlardan bizə miras qalan zəhmətkeşlikdən, halallıqdan, dürüstlükdən söhbət açır.
Bayaqdan gözlərim önündə canlanan və maraqla baxdığım XIV-XV əsrlərin döyüşçüsünün geyimləri, silah nümunələri, ordu nişanı, XVI-XX əsrlərə aid sikkələr, müxtəlif dövlətlərin kağız pulları, bank biletləri, XVIII-XIX əsrlərə aid hamam tası, həsir sandıqlar, dekorativ-tətbiqi sənət əsərləri və əl işləri – gərdək başı, yelpək, pul qabları, gümüş bəzək əşyaları, toxuculuq nümunələri – papaq, corab, çantalar, XIX-XX əsrlərə məxsus kişi və qadın milli geyimləri, qızıl və gümüş bəzək əşyaları, gümüş kəmərlər, məişət əşyaları – mis manqal, badya, gülab çəkmək üçün qurğu, saxsı, mis qablar, tava, şamdan, məcmeyi və digər əşyalar ayrı-ayrı dövrlərin hər birinin cəmiyyətinin insanlarının həyat tərzini ifadə etməklə yanaşı, həm də təfəkkürlərinin bəhrələridir.
Azərbaycanın qədim xalçaçılıq məkanı və yallılar diyarı olan Naxçıvanımızın yüzilliklərindən neçə-neçə xalçalar gəlib, keçmiş, bir eli başına toplayıb onlara bu milli rəqsimizin sirlərini ritm-ritm öyrədən yallı başçıları, ifaçıları yaşayıb köçmüşlər. Məni keçmişə qonaq edən Naxçıvan qrupu xovlu və xovsuz xalçaların ilmələri, toxuculuq alətləri – cəhrənin cırıltısı, qılıcın, kələfaçanın tappıltısı “söyləyir” bunları. Dağı-daşı lərzəyə gətirən Naxçıvan yallılarını müşayiət edən tulumun, balabanın, neyin, qara zurnanın səsləri, bir də yallı geyimlərinin nümunələri “söhbət” açır onlardan.
Bu da tariximizin XX əsri... Yüzilliyin ilk onilliyindən boylanan qocaman Molla Nəsrəddin insanları elmə, müasirliyə, doğma dil uğrunda mübrizəyə, haqq-ədalətə səsləyir. Mətbuat tariximizdə özünəməxsus yeri olan “Molla Nəsrəddin” jurnalını vərəqlədikcə onun səhifələrində Naxçıvanımızın doğma Vətənimizə bəxş etdiyi şəxsiyyətlərdən biri olan millət cəfakeşi Cəlil Məmmədquluzadənin dahi obrazı canlanır.
XX əsrin ən böyük hadisəsi – Şərqdə ilk demokratik qurum olan Azərbaycan Xalq Cümhuriyyətinin xəritə, bayraq, gerbi, pul nümunələri, fotoşəkilləri ilə 100 il öncəyə səyahət edirəm. Xalqımızın müstəqillik uğrunda mübarizə və qələbəsinin şanlı “ömür kitabını” azadlığımıza uzanan qara niyyətli əllərin vərəqləyib 23-cü ayında qəsdinə dayandıqlarının şahidi oluram.
Budur, “Qars”, “Moskva” müqavilələrinin imzalanmasında və hərb tariximizdə xüsusi xidmətləri olan Kazım Qarabəkir Paşanın fotosu, haqqında yazılan kitablar ötən yüzilliyin çoxsaylı hadisələri içərisində onu ön sıralara çəkir.
Yaşanan tarixin bir parçası olan 1941-1945-ci illər İkinci Dünya müharibəsində naxçıvanlı oğulların şücaəti, qəhrəmanlıqları onların aldıqları medallarda, istifadə etdikləri əşyalarda, bir də ki, yazdıqları əsgər məktublarında “dil” açır.

20 Yanvar faciəsinin, Sədərək şəhidlərinin, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini əks etdirən fotoşəkillərin fonunda – Mir Cəlil Seyidovun “Təcavüzkar” adlı rəsm əsəri ürək göynərtilərini daha da dərinləşdirir, mübariz ruhla qan yaddaşını təzələyir.
Dəqiqələrlə məni qarşısında dayanıb tamaşa etməyə vadar edən Şamil Qazıyevin “İnqilabaqədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyət”, “Çarıqçılar iş başında”, “Çörək bişirənlər”, “Köhnə dəyirman”, “Xırmanda”, Öküzlərin nallanması”, “Naxçıvanda hamam” və bu cür 29 rəsm əsərinin hər biri ayrı-ayrılıqda Naxçıvan tarixini, etnoqrafiyasını, milli dəyərlərini fırçanın gücü ilə ifadə etməklə adamı həmin dövrlərin siyasi və ictimai həyatının iştirakçısına çevirir.
Tarixi yaşadan məkan Azərbaycan xalqının xilaskarı ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə, kitab və dəyərli materiallarla, əşyalarla, “Şərəfli ömrün anları” adlı stenddə toplanmış bənzərsiz ömrün bənzərsiz fotoları ilə daha da əlamətdardır. Çünki ulu öndər millətinə müstəqilliyi bəxş etməklə bu minilliklərin, yüzilliklərin tarixinin qorunmasının da səbəbkarı oldu.
Bu xoş duyğularla elə ulu öndərin Naxçıvanda tarixi fəaliyyətinin uğurlu davamının bəhrələri əks olunan “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir – Naxçıvan Muxtar Respublikası – 95” adlı stend önündə dayanıram. Ötən 95 ilin son 25 ilinin bütöv bir mənzərəsi var qarşımda. Bu mənzərədə ölkə Prezidentinin və muxtar respublika rəhbərinin Naxçıvanla bağlı verdikləri sərəncam və fərmanlar, quruculuq ərməğanları, muxtar respublikanın həyatına güzgü tutan onlarla kitablar, muxtariyyətimizin yaranmasından bu günədək müxtəlif illər üzrə statistik göstəricilər yer alır. Bütün bunları seyr etdikcə 95 ilin 25-nin ağır yükünü çiyinlərinə götürən, blokada Naxçıvanına inkişaf və tərəqqi sözlərini dəst-xətti ilə yazan Ali Məclisin Sədri cənab Vasif Talıbovun bu qədim diyara bəslədiyi ata qayğısı canlanır gözlərim önündə. Bu gəzinti ilə dəfələrlə minilliklərdən dövrümüzə – XXI əsrə gəlib qayıdarkən səyahətimin hər anında görünürdü bu qayğı: O qayğını 1999-cu il fevralın 18-də imzalanan Sərəncamla Heydər Əliyev Muzeyinin yaradılmasında görürəm. 2005-ci il 6 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” imzalanan Sərəncamla bərpa olunan hər bir abidədə, 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr etdirilməsində görürəm. 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamla Naxçıvanın tarixində ilk dəfə belə bir muzeyin yaradılmasında, 2019-cu il mayın 16-da Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” imzalanmış Sərəncamda görürəm. Tarixi minilliklərə söykənən Əshabi-Kəhf ziyarətgahında dəfələrlə, 2018-ci ildə isə son təmir-bərpa işlərinin aparılmasında görürəm. Muzeydəki qədim xalçaların timsalında 2018-ci il 9 aprel tarixli Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda görürəm. “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamda, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslərinin” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsində görürəm. Muzeydə sərgilənən tarixin hər anına aid yazılmış elmi, dəyərli kitablarda, qəzet məqalələrində görürəm. Ümumilikdə, qədimdən, qədim Naxçıvanızımın minilik və yüzilliklərin hər birinə XXI əsrin töhfəsində görürəm bu qayğını.
Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı ilə yubileyini qeyd etməyə hazırlaşan bu zəngin muzeydə minillik və yüzilliklərə virtual səyahətim başa çatır. Təəssüratım: Nə qədər qürurverici bir tarixin çağdaş dövrünün insanlarıyıq. Gəldiyim nəticə: Çağdaş dövrü elə yaşamalıyıq ki, biz də tariximizə nələri isə verə bilək, gələcək nəsillər də bizimlə qürur duysun.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR