20 Noyabr 2019, Çərşənbə

Şifahi ədəbiyyat örnəklərini yazılı ədəbiyyata gətirmək ənənəsi çox qədimlərdən şair və yazıçılarımızın yaradıcılığına böyük uğur qazandırmışdır. Ən yaxşı yazılı ədəbiyyat nümunəsi məhz şifahi ədəbiyyat örnəkləri ilə zəngindir. Şifahi ədəbiyyat yazıçı və şairlərin əsərlərində fikir və ideyanı oxucuya asan yolla çatdırmaq üçün əsas silah idi. Yəni xalqa lazım olanı elə xalqın dilində çatdırmaq daha məqsədəuyğundur. Digər bir tərəfdən, şifahi ədəbiyyatı yazılı ədəbiyyata əsas dayaq hesab edən yazarlar öz milli kökünə, soyuna dərindən bələd olan insanlardır və onu qoruyub saxlamağın, gələcək nəsillərə ötürməyin bir yolunun da bu üsul olduğunu çox gözəl bilirdilər. Onlar həm də əsərlərinin dil-üslub xüsusiyyətlərinin sadə və anlaşılan olması üçün xalq yaradıcılığı janrlarından istifadəyə daha çox diqqət edirdilər. 

Nəsimi, Füzuli, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Hüseyn Cavid və onlarla digər sənətkarımız xalq yaradıcılığı qaynaqlarına dönə-dönə müraciət etmişdir. Bu gün də zəngin poeziyamızı, dramaturgiyamızı və nəsrimizi xalq qaynaqlarından kənarda düşünmək, təbii ki, mümkün deyil.
Ölməz sənətkar Hüseyn Cavidin istər lirik, lirik-epik şeirləri, istərsə də mənzum və mənsur dramları atalar sözləri, məsəllər, yeri gəldikcə, bədii aforizmlərlə də çox zəngindir. Bu hikmətli sözlərin əksəriyyətində qəhrəmanlıq, həyat sevgisi, mübarizə eşqi, nikbinlik, əməyə məhəbbət, insanpərvərlik, sülhsevərlik, ağıl və mərifət kimi gözəl xüsusiyyətlər təbliğ edilir:

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü;

Altun qədəh cənnət olsa – qırmalıdır,
Cəllad yüz min tövbə qılsa, kəsməlidir əllərin;

Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli.

Böyük Cavid məşhur atalar sözlərindən, hikmətli kəlamlardan da istifadə edib. Bəzən bu ifadələri olduğu kimi saxlayıb, bəzən də poetik əlavələr edib. Məsələn:
“Cahan igid ərlərindir, qorxan gözə çöp düşər”.
Yaxud:
“Hər gecənin bir səhəri var” atalar sözünü poetikləşdirərək “Hər gecədən doğar bir Günəş” kimi işlədibsə, “Zimistan çəkməyən bülbül baharın qədrini bilməz” kimi hikmətli sözün məzmununu saxlamaqla onlara yeni forma verib:

Qara bulud sarmayınca səmanı
İnsan duymaz günəşdəki səfanı.
Bahar əldən çıxmayınca anılmaz.

Və ya “Qara günün ömrü az olar” atalar sözünün məzmununu saxlamaqla yeni formada işlədib:
“Kədərli günlər qara bulud kimi tez gəlib keçər”.
Xalq yaddaşında yaşayan “İki könül birləşsə, qoparar dağı-daşı” kimi atalar sözündən: “İki könül birsə, diləklər də birdir” şəklində işlədir. “Silah mərd igidə yaraşıqdır” atalar sözü isə“Silah mərd oğula bir arkadaşdır” şəklində öz uğurlu poetik ifadəsini tapıb.
Yazıçı və şairlərimiz folklor örnəklərini bəzən öz əsərlərində olduğu kimi işlədir, süjet xəttində, motivlərdə əsaslı dəyişikliklər etmirlər. Bəzən isə hər bir yazıçı və şair düşüncə dünyasını, estetik üslubunu təyin etmək üçün folklor örnəklərinə müraciət edir ki, bu da mətnin alt qatında folklorun görünməsidir. Bu halda müəllif qarşısına qoyduğu ideyanı qeyri-ixtiyari mənsub olduğu xalqın folklor mirasına baş vurmaqla həll etmiş olur. Bu mexaniki müraciət digər yazarların əsərlərində olduğu kimi, Hüseyn Cavidin bir çox əsərlərində, o cümlədən dramaturqun “Şeyx Sənan” faciəsində daha geniş şəkildə özünü göstərir. Lakin müşahidələr nəticəsində aydın olur ki, çox hallarda atalar sözləri, hikmətli ifadələr Cavidin əsərlərində dəyişdirilərək verildiyi kimi, olduğu kimi də işlədilib. Məsələn:

Güclü gücsüzdən intiqam almaz.
Tək əldən səs çıxmaz.
Məncə fürsət qanadlı bir quşdur,
Kim ki, əldən uçursa, sərxoşdur.
Hər dərd üçün, şübhəsiz, bir çarə var,
Biri ölməzsə, dirilməz birisi... və sair.

Dramaturqun “Knyaz” əsərində də yetərincə atalar sözü işlənib. Haqq-ədalətin itib yoxa çıxdığı bir vaxtda Cavid qəhrəmanının vasitəsilə el yaddaşında yaşayan bir kəlamı xatırladır. Knyazın qəddarlığına dözə bilməyən Anton, nəticədə, haqqın qalib gələcəyinə ümid bəsləyir. Ədib qəhrəmanın gələcəyə ümidini el kəlamı ilə belə ifadə edir:
Gedəlim, haqq sözü haqsız nə qanır,
Gedəlim, haydı, əvət, haqq alınır.
“Haqq verilməz, alınar”, “Haqq nazilər, ancaq üzülməz” atalar sözləri kiçik leksik fərqlərlə bu fikirlərin kökündə dayanır.
Xalq ədəbiyyatından – folklordan bəhrələnən dramaturqun öz hikmətli ifadələrinə də əsərlərində tez-tez rast gəlinir: Məsələn: “Əsl qəhrəmanlıq yara bağlamaqdır, abad etməkdir”.
Hüseyn Cavidin əsərləri ağız ədəbiyyatının ilkin janrlarından olan alqış və qarğışlarla da zəngindir. Dramaturq bu nümunələri obrazların dili ilə təqdim etməklə qədim türk dünyaduyumunu ifadə edir və bununla da türkün tarixən zəngin kökə və adət-ənənəyə malik olduğunu sübut etmiş olur. Xalq dilində belə bir alqış var: “Kərəmin, lütfün əskik olmasın!” Bu alqış “Knyaz” əsərində Kintoya gül dəstəsinin pulu verildikdə belə ifadə edilir:
Knyazın əskik olmasın kərəmi,
Var olun!
“Ana” dramında Səlma ananın monoloqunda da alqışlı misralara rast gəlirik:

Get, arslanım, get, sevindirdin bəni,
Oğlum, şadikam etsin Allah səni!
Ah, yürəyim sanki dönmüş məşələ,
Ya Rəbb! Təhəmmül ver, səbr əta eylə!
Hər anayı et bənim kibi dilşad!

Və ya:

Gül rəngin afət görməsin, solmasın!
İsmət! Heç bir günüm sənsiz olmasın!

Böyük dramaturq əsərlərində obrazların ağrı-acısını, haqsızlığa qarşı qəzəbini ifadə etmək üçün qarğışlara da müraciət edir. Bəzi türk xalqlarında qarğışlar “bəddua” da adlanır. Hüseyn Cavid qədim türk dünyaduyumunu öz əsərlərində olduqca ustalıqla təqdim edir. Belə ki, türklərdə duanın, yəni alqışın müsbət təsirinə inanıldığı kimi, bədduanın, yəni qarğışın da gücünə, böyük təsirinə inanırlar. Bu inancın nəticəsidir ki, məzlumların, yetimlərin, gücsüzlərin, xüsusilə də ata-ananın qarğışlarından çəkinilir. Qarğışların bu baxımdan funksiyası insanları pisliklərdən, zərərdən, şərdən, harama meyil etməkdən uzaq tutur. Beləliklə, qarğışlar həm də yaxşılığı təşviq etmə gücünə malikdir.
Hüseyn Cavid el arasında məşhur olan “Ata-ananın alqışı alqış, qarğışı da qarğışdır” kəlamına uyğun olaraq bəddua haqda türk dünyaduyumunda mövcud olan fikirləri “Şeyx Sənan” əsərində gürcü qızı Xumarın dili ilə ifadə edir. Qeyd edək ki, Xumar gürcü qızı olsa da, onun fikirləri və sədaqəti türk millətinə xas xüsusiyyətdir. Ana-ata vəsiyyətinə əməl etmək, əməl olunmayacağı təqdirdə ana-atanın bədduasına tuş gəlməkdən qorxu lap qədimdən məhz türklər arasında yayılmış bir inancdır. Xumarın fikirlərində xristian dininə məxsus elementlər türk inancı daxilində verilir:

Cümlə əhval əyandır iştə sana,
Çarə yoq, çarə yoq, gözəl Nina!..
Tutmasam annəmin vəsiyyətini,
Tutacaq sonda bədduası bəni.
Bana söylərdi daima: “Yavrum!
Ərə getmək həyat için uçurum...
Yoqdur erkəklərin vəfası, Xumar!
Yerin olsun fəqət manastırlar”.

Hüseyn Cavid mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini sevməklə yanaşı, onu həm də qoruyub saxlamaq kimi müqəddəs missiyanı yerinə yetirirdi. Belə ki, şifahi yaradıcılıq nümunələrinə əsl sənətkar kimi yanaşma böyük şairin yaradıcılığında bariz şəkildə əks olunub. Cavid epik və lirik janrlarda yaratdığı mükəmməl poetik nümunələrdə həm də xalqımızın məişət və mövsüm mərasimləri ilə bağlı adət-ənənələri canlandırıb. Bu ənənələrin bəzilərini obrazların dili, hadisələr vasitəsilə təqdir etməsinə baxmayaraq, bunlardan zərərli adət-ənənələrin icrasına tənqidi münasibətini də bildirir.
Qeyd edək ki, türk tayfaları arasında lap qədimdən məişətlə bağlı bəzi mərasimlərin özəyini müxtəlif adətlər təşkil edirdi. Bunlardan biri də toy mərasimidir. Belə ki, toyun başlanğıcı qızbəyənmə ilə başlayardı. Bu da oğlanın ana-atasının rəyi, istəyi əsasında öz həllini tapardı. Bəzi ailələr qızı var-dövlətinə, bəziləri əsil-­nəcabətinə, bəziləri qızın iş-güc bacarmasına, çox az ailə isə qızın xoşrəftar, tərbiyəli və digər müsbət cəhətlərinə əsas insani dəyər kimi diqqət edərdilər. Ümumiyyətlə, bu məsələlərdə oğlanın və ya qızın rəyi soruşulmazmış. Bu məqam görkəmli dramaturqu da hər zaman narahat etmiş, odur ki, əsərlərində bu adəti obrazların dili ilə tənqid etmişdir. “Maral” əsərindən bir parçaya diqqət edək:
“Turxan bəy: Xayır, oğul bənimsə, xəbərsiz iş tutmaz! Onun için bir qız bulmuşam ki, röyasında belə görəməz. Həm gözəl, həm ana-babasının bir tanəsi, həm də son dərəcə zəngin.
Nadir bəy: Bəncə gözəllik zevqə aid bir şeydir. Sərvət isə insanı pək məsud edəməz. Bir də bir qızı sərvəti için deyil, dilxah və tərbiyəli olduğu için alırlar.
Turxan bəy: Nadir! Heç bir hiss, heç bir qüvvət, heç bir yer yoq ki, orada altın, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün izzəti, bütün səadəti ancaq para ilə əldə edilə bilir.
Nadir bəy: Əvət, hər şey para ilə əldə edilir; illa fəzilət və insaniyyət!”
Hüseyn Cavid əsərlərində xalq ədəbiyyatından bəhrələnən aşıq yaradıcılığına münasibət də özünü göstərir. Məlum olduğu kimi, aşıqlar hər zaman xalqın dərd-sərini toylarda, el yığıncaqlarında saz çalıb oxumaqla ifadə etməkdən çəkinməyiblər. Əslində, onu evinə dəvət edəni şənləndirmək aşığın üzdə görünən fəaliyyəti idi. Aşıq oxuduğu mahnılarında xalqın dərd-sərini, dövrdən, hakim dairələrdən narazılığını ifadə edirdi. Dövrün, zamanın xalqa vurduğu yaraları, kasıblıq, xanların, bəylərin özbaşınalığı, dünyanı fəth etmək uğrunda fatehlərin tökdüyü qanlardan doğan nifrət aşıqların repertuarında yer alan əsas mövzular olub. Bu məqam böyük Cavidin əsərlərində də öz əksini tapır. Onun “Maral” əsərində Turxan bəyin məclisini şənləndirmək üçün çağırılan Aşıq Sultan oxuduğu havalarda qoşmalardan istifadə edir. Əvvəlcə sevginin insana yüksək mənəviyyat bəxş edən bir duyğu olduğunu ifadə edən qoşmalar söyləyir:

Vicdanları parlaq tutan sevgidir,
Sevgisiz könül ya daşdır, ya dəmir...
Bir könülə iki sevgi yaraşmaz,
Könül bir, sevgi bir, böyük Tanrı bir...

Aşıq Sultan aşıqlıq sənətindən irəli gələn müqəddəs missiyanı – xalqın təəssübünü hər şeydən üstün tutaraq onu müxtəlif zamanlarda incidən, ağrıdan məqamları söylədiyi qoşma vasitəsilə belə ifadə edir:

Nə buldular İsgəndərlər, Çingizlər?!
Qanlar töküb, canlar yaqıb getdilər!
Cihanı titrədib alt-üst etdilər,
Qanlı bir iz bıraqdılar ellərdə.

Hüseyn Cavid xalqın yaratdığı örnəklərdən geniş miqyasda bəhrələnən böyük sənətkar idi. Araşdırmalardan da göründüyü kimi, görkəmli dramaturq mənsub olduğu Azərbaycan xalqının milli-mənəvi dəyərlərini sevən, hər bir xalq yaradıcılığı örnəyinin daşıdığı funksiyanı dərindən bilən və onların gələcək nəsillərə ötürülməsinin vacib məsələ olduğunu hesab edən sənətkardır. Elə ona görədir ki, böyük şair-dramaturqun ən kiçik əsərlərində belə, xalq ruhu yaşayır.

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR