08 Dekabr 2019, Bazar

Hər kəsə bəllidir ki, turistlər, adətən, hər hansı bir ölkəyə və ya şəhərə səfər edərkən əvvəlcə muzeylərə üz tutur, onların ilk təəssüratları həmin mədəniyyət ocaqlarından başlayır. Bu baxımdan muzeylər təmsil etdikləri diyarın dünənini bu günə daşımaqla yanaşı, həm də turizmin inkişafına öz müsbət təsirini göstərir. Elə muxtar respublikamıza üz tutan qonaqların qayıtdıqdan sonra sosial şəbəkələrdə, müxtəlif qəzet və internet portallarında paylaşdıqları fikir və fotolar, heyrətedici təəssüratlarını ifadə edən sözlər də bunu deməyə əsas verir.

Bu gün Naxçıvanı, haqlı olaraq, muzeylər diyarı adlandırırlar. Çünki Naxçıvan milli və mənəvi dəyərləri özündə qoruyub saxlayan, böyük tarixə malik bir diyar kimi şöhrət tapıb. Xalqımızın yaratmış olduğu qiymətli sərvətlər, 5 min ildən artıq tarixi bir dövrü əks etdirən dəyərli eksponatlar 30-dan çox müxtəlif profilli muzeydə mühаfizə olunur. Bu mənada, muzeylərimiz xalqımızın rəsmi kimliyidir, desək, yanılmarıq. Çünki bu mədəniyyət ocaqlarında xalqın tarixi keçmişi, adət-ənənələri, estetik zövqü, bədii düşüncə tərzi, mədəniyyəti və ­sənətkarlığı yaşayır.
Diyarımıza unikallıq bəxş edən çoxprofilli muzeylərimizdən “Gəmi­qaya” Tarix-Bədii Qoruğu və Muzeyi, turistlərin də etiraf etdiyi kimi dünyanın ən yüksək zirvəsində yerləşən muzey ünvanına malikdir. Həmin mədəniyyət müəssisəsini ziyarət etmək istəyənlər dəniz səviyyəsindən 3000 metr yüksəkliyə qədər yol qət etməlidirlər. Buna görə də nəinki xarici qonaqlar, hətta yerli sakinlərin də bir çoxu, hələlik, bu muzeylə tanış olmayıb.
Naxçıvan Duz Muzeyini də məşhur muzeylər sırasında görmək mümkündür. Son dövrlərdə istifadəyə verilməsinə baxmayaraq, ən çox ziyarət olunan mədəniyyət müəssisələrindəndir. Otel tərkibində yerləşməsi ilə unikallıq kəsb edən bu muzey hər bir eksponatı ilə diyarımızın zəngin sərvətini sərgiləməklə yanaşı, Naxçıvanın şəhər mədəniyyətinin formalaşmasını özündə əks etdirmək baxımından da əhəmiyyətlidir.
Açıq Səma Altında Muzey də bu statusu daşıyan digər ünvanlardan unikallığı ilə seçilir. Buradakı eksponatlar xüsusi bir bina daxilində deyil, açıq ərazidə nümayiş etdirilir. Daş qoçlar, qədim daş alətlər, daş qəbirlər və daş kitabələr... Bu abidələri yaxından izlədikcə bir daha Naxçıvanın minilliklərə uzanan qədim tarixi, mədəniyyəti ilə təmas qurur, min illərin daşlaşmış tarixi ilə yaxından tanış olursan.

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi isə Naxçıvanın məğrurluq, yenilməzlik simvolunu əks etdirən dəyərli eksponatları özündə hifz edir. Əlincəqalanın ətəyində yerləşən bu muzeydə vaxtilə 14 il Əmir Teymurun qoşunlarına qarşı mərdliklə mübarizə aparıb təslim olmayan ulularımızın qəhrəmanlıq salnaməsini tarixin yaddaşına köçürmüş eksponatlarla daha yaxından tanış olmaq imkanı əldə edirsən.
Şəhərimizin ən gözəl guşələrindən birində yerləşən Dövlət Bayrağı Muzeyi, eyni zamanda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi zəngin dövlətçilik tariximizi, Döyüş Şöhrəti Muzeyi isə şanlı zəfər tariximizi özündə əks etdirən eksponatlarla maraqdoğuran mədəniyyət ocaqlarındandır.
Və nəhayət, Heydər Əliyev Muzeyi... Ölkəmizdə xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzey ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılıb. Bu muzeyə unikallıq qazandıran əsas amil isə ümummilli liderin hələ sağlığında ulu öndərlə bağlı Azərbaycanda yaradılmış ilk muzey olmasıdır. Görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ulu öndərimizin zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.
Naxçıvan Dövlət Tarix Muzeyi və rayonlarda fəaliyyət göstərən tarix­-diyarşünaslıq muzeyləri isə nəin­ki əhatə etdikləri coğrafi ərazinin, Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mədəniyyət nümunələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisələridir.
Bu gün dövlətimiz muzeylərin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirir. Muzeyşünaslıq işinin inkişafının əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin birinci mərhələsində milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimiz də inkişaf edib, yeni muzeylər yaradılaraq onların şəbəkəsi genişlənib, maddi-texniki bazası möhkəmləndirilib. Həmin dövrdə Naxçıvanda cəmi iki muzey var idi. Onlardan biri hazırda yaradılmasının 95 illiyini qeyd etdiyimiz Naxçıvan Dövlət Tarix Muzeyi, digəri isə 1967-ci ildə təşkil edilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi idi. Ötən əsrin 70-ci illərində ümummilli liderimizin təşəbbüsü ilə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qəbul edilən Qərar Azərbaycanın bütün muzeyləri kimi, Naxçıvandakı tarix və ədəbiyyat muzeylərinin də gələcək inkişafında böyük rol oynadı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvarında qəbul edilən muzey işinə dair qərardan sonra Azərbaycanın bir çox yerlərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da müxtəlif profilli muzeylər yaradıldı. Ordubad rayonunda 1972-ci ildə görkəmli ədib Məmməd Səid Ordubadinin, 1975-ci ildə isə akademik Yusif Məmmədəliyevin ev-muzeyləri təşkil edildi.

Görkəmli dövlət xadiminin qayğısı ilə 1980-ci ildə muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə xidmət edən və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul yaradan daha bir tarixi qərar qəbul edildi. Həmin qərardan sonra 1980-1982-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan şəhərində isə Hüseyn Cavidin və Cəmşid Naxçıvanskinin ev-muzeyləri yaradıldı, 1982-1983-cü illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən quruldu.
Muzey işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra da davam etdirilib. 1997-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi, 1998-ci ildə Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin ev-muzeyi, 1999-cu ildə Heydər Əliyev Muzeyi, 2000-ci ildə Xatirə Muzeyi, 2001-ci ildə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi, 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi, Açıq Səma Altında Muzey fəaliyyətə başlayıb.
2007-ci ildə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, 2010-cu ildə Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin, Naxçıvan şəhərində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin fəaliyyətə başlaması qədim tariximizə, milli-mədəni irsimizə dövlət qayğısının bariz nümunəsidir. Son illərdə də Naxçıvanda muzeylərin fəaliyyətinin genişləndirilməsi ənənəsi davam etdirilib, “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Duz Muzeyi, Döyüş Şöhrəti Muzeyi, eləcə də Cəlilkənddə böyük ədib Cəlil Məmmədquluzadənin xatirə, Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi kimi onlarla tarix­-mədəniyyət muzeyi fəaliyyətə başlayıb. Görülən işlərin davamı olaraq bu yaxınlarda Cəmşid Naxçıvanski Muzeyinin yerləşdiyi tarixi bina yenidən qurularaq daha müasir şəraiti ilə ziyarətçilərin üzünə açıldı. Sözügedən binada bu ildən daha bir yeni muzey – Milli Dəyərlər Muzeyi fəaliyyətə başladı.
Bir sözlə, son 20 ildən artıq bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü, diqqət və qayğısı ilə muxtar respublikada bir çox yeni muzeylər yaradılıb, mövcud muzeylərin yerləşdikləri binalarda əsaslı yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazası möhkəmləndirilib. Bütün bunların nəticəsidir ki, bu gün artıq Naxçıvan Muxtar Respublikasında geniş muzeylər şəbəkəsi mövcuddur. Əgər 1995-ci ildə Naxçıvanda cəmi 13 muzey var idisə, hazırda 30-dan çox muzey və muzeytipli müəssisə mövcuddur.
Bu gün Naxçıvanda muzey­şünaslıq işi 95 yaşını qeyd edir. Bu tarix 1924-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılması ilə başlayır. Muzey ötən əsrin 80-ci illərindən etibarən tarix profilli muzeylər üçün baza müəssisəsi kimi fəaliyyət göstərir, muxtar respublikada yeni yaranan muzeylərin fondunun təşkilində və ekspozisiyasının qurulmasında yaxından iştirak edir, onlara lazımi metodik köməklik göstərir. Həmin ənənə bu gün də davam etdirilir. Təkcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin fondunun təşkili və ekspozisiyasının qurulması üçün tarix muzeyindən 400-ə yaxın müxtəlif çeşidli eksponat verilib. Bu yaxınlarda istifadəyə verilən Milli Dəyərlər Muzeyinin fondunun təşkilində də Naxçıvan Dövlət Tarix Muzeyi mühüm rol oynayıb.
Bir sözlə, xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin qorunması və təbliği baxımından çox əhəmiyyətli məkanlar olan muzeylərin fəaliyyətinə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi artırılır. Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq ixtisası üzrə hər il ixtisaslı kadrlar yetişərək muzeylərimizdə əmək fəaliyyətinə başlayır. Bu gün nəzər salsaq, görərik ki, muzeylərimizdə fəaliyyət göstərənlərin böyük əksəriyyəti məsuliyyətli və öz üzərlərində daim çalışan nümunəvi gənclərdir. Daha bir vacib məqam isə ondan ibarətdir ki, həmin gənc əməkdaşların əksəriyyəti müxtəlif xarici dil biliyinə malikdir. Günümüzdə xarici qonaqların ilk üz tutduğu məkanların məhz muzeylər olduğunu nəzərə alsaq, gənc bələdçilərin üzərinə daha böyük məsuliyyətin düşdüyünü deyə bilərik. Buna görə də onlar müxtəlif xarici dillərdə də turistləri məlumatlandırmağa hazırdırlar. Bu isə tariximizi, mədəniyyətimizi, milli­-mənəvi dəyərlərimizi xarici turistlərə dolğun çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Təkcə cari ilin ötən 9 ayı ərzində muxtar respublikamıza gələn turistlərin sayının 340 minə yaxın olduğunu nəzərə alsaq, muzey bələdçilərinin müxtəlif xarici dil biliklərinə yiyələnmələrinin əhəmiyyəti bir daha ortaya çıxır. Bütün bunlar nəzərə alınaraq muzey­şünaslıq işinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, bələdçilərin iştirakı ilə müxtəlif seminar-treninqlər, xarici dil kursları keçirilir, onların ekskursiya işinin təşkili ilə bağlı nəzəri və praktik bilik səviyyəsi yüksəldilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən muzeylərlə təhsil müəssisələrinin əlaqələrinin təmin edilməsi, distant və açıq dərslərin keçilməsi, “Muzey günləri” çərçivəsində muzeylərə kollektiv ekskursiyaların təşkil olunması tariximizi, mədəniyyətimizi gənc nəsillərə aşılamaq baxımından düşünülmüş addımlardır. Ali Məclis Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamında ­deyildiyi kimi: “Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bütün bunlar nəzərə alınaraq muzeylərdə açıq dərslər keçirilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv təhsil təşkil olunur. Görü­lən tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır”.
Həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə gənclərin muzeylərə marağı daha da artıb. Gənclər tariximizə və mədəniyyətimizə muzeylərin gözü ilə baxır, Naxçıvanın müasir inkişafı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olur, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə onlarda əyani təsəvvür yaranır. Muzeylərlə əlaqələrin genişləndirilməsinin nəticəsidir ki, sakinlər ata-babalarından qalan nadir tarixi eksponatları muzeylərə təqdim edir, mədəni sərvətlərimizə, maddi irsimizə ümumxalq dəyəri qatırlar. Sakinlər muzeylərin zənginləşdirilməsi işində də fəallıq nümayiş etdirir, tariximizin qorunmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verməyə çalışırlar. Təkcə bu il sakinlər tərəfindən ayrı-ayrı muzeylərə 900 eksponat təqdim edilib.

Bütün bunlar belə deməyə əsas verir ki, bu gün muzeylər diyarı Naxçıvanda muzeyşünaslıq işi yüksəliş dövrünü yaşayır. Nə zaman muzeylərə üz tutsaq, mütləq istər yerli sakinlər, istərsə də xarici turistlər tərəfindən bu mədəniyyət müəssisələrinin ziyarət edildiyinin şahidi oluruq. Turistlərin daha çox dilə gətirdiyi əsas fikirlərdən biri isə odur ki, Naxçıvanda muzeylər pulsuz və nümunəvi xidmət göstərir. Bəli, bu belədir. Çünki biz tariximizlə öyünür, milli dəyərlərimizi özündə yaşadan maddi mədəniyyət nümunələrinə heç bir məbləğlə ölçülməyəcək dəyəri veririk.

 Gülcamal TAHİROVA
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR