27 Sentyabr 2020, Bazar

Azərbaycan xalq musiqi sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Heç də təsadüfi deyil ki, mədəniyyət tariximizi araşdıranlar tədqiqatlar zamanı bölgədə musiqi alətlərinin yaranması ilə bağlı elmi faktları da əsas götürürlər. Çünki musiqi o zaman kütləvi xarakter alaraq xalqın mədəniyyətinə hopur ki, onu ifa edəcək musiqi alətləri yaradılır. Aparılan arxeoloji qazıntılar zamanı ən qədim maddi mədəniyyət nümunələri sırasında musiqi alətlərinə də rast gəlirik.

Tədqiqatlar sübut edib ki, yaranma tarixi eramızdan çox-çox əvvəllərə təsadüf edilən simli, nəfəsli və zərb musiqi alətlərinin çoxsaylı növləri orta əsrlərdə Azərbaycan ərazisində geniş yayılıb və xalqımızın mədəni həyatında uzun illər istifadə olunub. Ümumiyyətlə, X əsrdən etibarən Azərbaycanın orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlayıb. Həmin dövrlərdə istifadə olunan musiqi alətlərinin sayı 60-dan çox olub. Bu alətlər haqqında dahi Nizami Gəncəvinin, XVI əsrdə yaşayıb-yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin, Əbdül Qadir Marağayinin, Mir Möhsün Nəvvabın əsərlərində məlumat verilir. XV-XVI əsrlərdə yaşayıb-yaratmış istedadlı rəssamlarımız Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əlinin miniatür sənət əsərlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da qədim musiqi alətləri geniş yayılıb. Sevindirici haldır ki, əsrlərboyu mədəni irsinə sahib çıxan xalqımız qədim xalq çalğı alətlərini də qoruyub saxlayıb, gələcək nəsillərə ötürüb. Muxtar respublikamızda bu gün də qədim musiqi alətləri qorunub saxlanılır, təbliğ olunur, gənc nəslə aşılanır. Bunun nəticəsidir ki, diyarımızda keçirilən el şənliklərində, müxtəlif festivallarda, konsert və digər tədbirlərdə qədim xalq çalğı alətlərinin də sədasını eşidir, milli musiqi mədəniyyətimizin zənginliyi ilə öyünürük.

Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətləri hədiyyə edilib. Avqustun 30-da hədiyyə edilmiş 18 adda, 20 sayda qədim musiqi alətləri filarmoniyaya təqdim olunub. Bu alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər dövrümüzdə ilk dəfə olaraq istifadə edilir. Gəlin bu alətlərin bəziləri haqqında mənbələrdən qısaca məlumat alaq.
Dahi Nizami Gəncəvinin əsərlərində adıçəkilən bərbəd XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Udtipli alətlər ailəsinə mənsub olan bərbədin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Tarixi mənbələrdən, eləcə də Nizaminin “Xosrov və Şirin” poemasından məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi və ifaçısı Barbəd olub.
Ud bir çox Şərq xalqları kimi, Azərbaycan ərazisində də geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Eyniadlı ağacdan düzəldiyi güman edilir. Udun özünəməxsus qüdrətli səsini dahi Məhəmməd Füzuli “Yeddi cam” əsərində təsvir edib.
Tənbur və ya şirud qopuzun bir növü olub, “qolça qopuz” adı ilə də tanınıb. “Dədə Qorqud” filmində həmin alətdən istifadə edilib.
Şərq ölkələrinə məxsus ən qədim musiqi alətlərindən biri də kamanlı rübabdır. XVII əsrədək Azərbaycanda da istifadə olunub və bir çox növləri yaranıb. Kamanlı rübabın iki simi olur. Bu alət, əsasən, rəqqasları, müğənniləri müşayiət edib.
Rübabın digər bir növü isə bəm rübabdır. Adından da göründüyü kimi bu alət bəm səsə malikdir.
XVII əsrədək Azərbaycanda çoğurdan da istifadə edilib. Bu alət qopuzdan sonra yaranmış ilk alətdir. Çoğurun əsasında isə saz aləti meydana çıxıb. Bu alətin adına Şah İsmayıl Xətainin əsərlərində də rast gəlinir.
Bu alətlər içərisində ən qədimi çəngdir. O, eramızdan əvvəlki dövrlərə aid edilən arfanın əcdadı sayılır. Diatonik şəkildə səslənir.
Balqabaqdan yaradılan musiqi aləti olan qabaq kaman isə kamançanın əcdadı hesab edilir. Bu alətdən sonra daha bir qədim musiqi alətimiz çəğanə, onun ardınca isə daha da təkmilləşdirilmə əsasında kamança formalaşıb.
Ney Azərbaycanla yanaşı, Türkiyə və İranda da geniş yayılıb. Bu nəfəsli alət ərazisinə görə fərqli formalarda istifadə edilir. Çox az rast gəlinən ovuc neyi də bu alətin növlərindən biridir. Bir oktava səsində diatonik səs düzümü ilə istifadə olunur.
Qədim nəfəsli alətlərdən biri də musiqardır. Ondan XVII əsrədək ölkəmizdə istifadə edilib, hazırda isə dünyanın bir çox yerlərində ifa olunur.
Tulum, əsasən, Naxçıvan Muxtar Respublikasına məxsus qədim musiqi alətidir. Mənbələrə görə, çobanlar tərəfindən qoyun dərisindən hazırlanıb. Tarixi çox qədimlərə gedib çıxır.
Güclü və zil səsə malik zurna musiqi aləti də Azərbaycan ərazisində geniş yayılıb və mədəni həyatımızda özünəməxsus yer tutub. Zurnanın bir çox növləri vardır. Orkestrin tərkibində ifa olunan qara zurna da onlardan biridir.
Hədiyyə edilən qədim musiqi alətləri sırasında olan balabanın isə əsasən, iki növünə rast gəlinir: ansambl balabanı və aşı balabanı.
Azərbaycan muğam üçlüyündə istifadə olunan qaval qədim musiqi alətlərimiz sırasında özünəməxsus yer tutur. Bu zərb aləti xanəndələrin ifaçılıq məharətini nümayiş etdirməsində əsas rol oynayır.
Orkestrə hədiyyə edilmiş digər bir qədim musiqi aləti isə ağız qopuzudur. Ağızda saxlanılmaqla ifa olunduğu üçün bu adla məşhurlaşıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının nəzdində haqqında bəhs etdiyimiz hədiyyə olunmuş musiqi alətlərindən ibarət Xalq Çalğı Alətləri Orkestri formalaşdırılıb.
Bu günlərdə həmin orkestrin fəaliyyəti ilə tanış olmaq üçün filarmoniyaya getdik, bu mədəniyyət müəssisəsində orkestrin məşq prosesinin şahidi olduq. Necə deyərlər, hər musiqi alətinin özünəməxsus ifa tərzini eşitdik. Bu alətlərin ifaçıları çox böyük həvəslə tarixi yaşadan həmin alətləri “dilə gətirir”dilər. Çox keçməyəcək ki, məşq zamanı yüksələn bu səs-səda təkmilləşərək daha bir milli musiqi nümunəmizin peşəkar səviyyədə təqdimatı ilə nəticələnəcək.
Mövzu ilə bağlı söhbətimiz zamanı Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Səməd Əsgərov filarmoniyaya qədim musiqi alətlərinin hədiyyə edilməsini tarixi keçmişimizə, musiqi mədəniyyətimizə sahiblənməyimizin ən ali göstəricisi kimi dəyərləndirdi. Onun sözlərinə görə, bu təşəbbüs musiqi mədəniyyətinin zəngin tarixini yaşadan gənc musiqiçilər nəslinin formalaşmasında, orkestr üzvlərinin peşəkar ifaçılığına, nəticə etibarilə, konsert proqramlarının professional formada təqdim olunmasına xidmət edir. Həmçinin həmin qədim musiqi alətləri musiqi mədəniyyətimizin təbliği və tanıdılmasında da müstəsna əhəmiyyət kəsb edir. Belə ki, həm ifaçılar, həm də konsert proqramlarının iştirakçıları həmin qədim musiqi alətləri, eləcə də onlardan istifadə haqqında müvafiq bilik və təsəvvürə yiyələnirlər.
Orkestrin bədii rəhbəri, Naxçıvan Musiqi Kollecinin tələbəsi Orxan Məmmədov bildirdi ki, belə musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi mühüm əhəmiyyət daşıyır. Xalqımızın qədimlərdə istifadə etdiyi belə musiqi alətlərinin əsasında orkestrin yaradılması gənc­lərdə milli musiqi mədəniyyətimizə sahiblik hissini daha da yüksəldir. Orkestr üzvlərinin əksəriyyəti gənc­lərdən ibarətdir. Onlar bu alətlərin mükəmməl mənimsədicisi və gələcək nəsillərə daşıyıcısı rolunda iştirak edirlər.
Naxçıvan Musiqi Kollecinin tələbəsi Zakir Məmmədova qədim çəğanə aləti həvalə edilib. O, müəllimlərindən bu alətin sirlərini öyrənərək orkestrin heyətində öz yerini alıb. Onunla söhbətimiz zamanı bildirdi ki, çəğanə alətində ifa etməyi öyrənə bildiyim üçün çox qürurluyam. Bununla qədim musiqi alətimizi yaşadır, təbliğ edir, Naxçıvan musiqi mədəniyyətinin inkişafına, kiçik də olsa, töhfəmizi veririk.
Sözügedən orkestrin fəaliyyətə başlamasında Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidovun da danılmaz əməyi vardır. O, 2000-ci ildən kollecdə Saz ixtisasını tədris etməklə yanaşı, milli musiqi alətlərinin hazırlanması ilə də məşğul olur. Bu günədək yüzlərlə gəncə aşıq sənətinin incəliklərini öyrədib. Qədim musiqi alətlərimizi böyük ustalıqla hazırlayan İxtiyar Seyidov emalatxanasında unudulmuş qədim musiqi alətlərinin elmi tədqiqi, bərpası və təkmilləşdirilməsi üzrə bir çox işlər görüb və yüksək nəticələr əldə edib.
İxtiyar Seyidov bildirdi ki, sazın tarixini araşdırarkən onda bu işlərə həvəs yaranıb. Araşdırma apararkən bu alətlər ortaya çıxıb. Elə o zamandan da bərpa işlərinə başlayıb. Bunların hər birindən bir nümunə düzəltməyə səy göstərib. Bu alətlərin hər biri bir tarixdir.
İstedadlı sənətkar qədim musiqi alətləri əsasında özünəməxsus musiqi alətləri də hazırlayıb. Onlardan Naxçıvan təmburu, buta səntur, ovuc ney, bəm rübab, böyük türk dövlətlərinin simvolik aləti olan üçtərəfli simli alətin adını çəkə bilərik. Bu alətlərin gələcək nəsillərə çatdırılması üçün onları ifa etməyi tələbələrə öyrədirik.
İxtiyar Seyidovun bərpa etdiyi qopuz, rud, çəğanə, rübab, təmbur kimi qədim musiqi alətləri Naxçıvan Musiqi Kollecinə verilib və onların tədrisi həyata keçirilir. Onun düzəltdiyi və Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilən 20-yə yaxın alət əsasında isə yuxarıda da qeyd etdiyimiz orkestrin əsası qoyulub. Məqsəd isə odur ki, musiqi alətləri orkestr şəklində istifadə olunmaqla yaşadılsın, təbliğ edilsin.
Adıçəkilən musiqi alətləri incəsənətimizin mühüm parçasıdır. Bu alətlərin ifasında dahi Nizaminin hikməti, Füzuli məhəbbətinin qüdrəti, Koroğlunun nərəsi, Xətai hünərinin sədası, Aşıq Ələsgərin xoş avazı yüksəlir. Muxtar respublikamızda qədim musiqi alətlərinin bərpa edilməsi və onları ifa edən gənc nəslin yetişdirilməsi qədim tariximizə, zəngin mədəniyyətimizə sahiblik amalı kimi yüksək dəyərə malikdir.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR