08 Mart 2021, Bazar ertəsi

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

 

İlk cümlə, ilk sual, ilk müraciət həmişə düşündürüb məni. Bu dəfəki həmsöhbətim isə məndən ikiqat məsuliyyətli olmağı tələb edirdi. Yol boyu öz suallarımı özüm redaktə edirəm.  Çünki  onun haqqında eşitdiyim ən önəmli keyfiyyətdir: “ona təqdim edilən yazıları, əməlli başlı redaktə edir”. Bizim tanışlığımız qiyabi idi. Mən onu mətbuatda dərc olunan saysız  yazılarından  tanıyıram, o da məni televiziya verilişlərindən. Muxtar müəllimi deyirəm, jurnalist Muxtar Məmmədovu. Ruhən gənc, çevik, səmimi, əsl qələm əhli, Naxçıvan mediyasının “ön cəbhədə” vuruşan əsgəri.

-İcazə verin, sizə gecikmiş təbrikimizi çatdıraq. Yubansa da ünvanına təhvil verirəm. Yazıb-yaratmaq eşqiniz heç ölməsin. Ötən il 60 yaşın qəddini qırıb kənara qoydunuz. Nə deyir 60?

- Keçdiyim yol lent kimi gözümün qarşısından gəlib keçir. 26 il pedaqoji fəaliyyətlə məşğul olmuşam, müəllim işlədiyim dövrdə də yazı-pozu işindən uzaq qalmamışam, mətbuatla sıx bağlı olmuşam. Qəzet və jurnallarda çıxan yazıları saralmış vəziyyətdə hələdə saxlayıram. 1970-ci ildə   “Yeni Ordubad” qəzetində ilk yazım çıxıb. Elə hər şey o vaxtdan başladı. Şərq qapısı qəzetinə göndərdiyim yazılarımdan  sonra təklif gəldi. Dəvət elədilər ki, burda işləyim. Mən həyatda özümü o anlar üçün xoşbəxt sayıram ki, Azərbaycan mediasında özünü təsdiq etmiş insanlarla işləmişəm. O insanlar ki, hərəsi bir məktəbdir. Onların xatirələri mənim üçün çox əzizdir.

-Muxtar müəllim, mətbuatda çox tələbkar olduğunuz deyilir. Bu sizin müəllimliyinizdənmı irəli gəlir?

-Ola bilər. Müəllim olanda da tələbkar idim, tədris işləri  üzrə direktor köməkçisi olanda da.  (gülür)

Tələbkarlıq o demək deyil ki, kimisə incidəsən, yaxud da bacarığından artıq nə isə istəyəsən. Mən qəzetdə məsul katibəm və çalışıram ki, müəyyən qaydalar   çərçivəsində işimi yaxşı yerinə yetirəm. Belə olmuşam indiyə kimi, çətin ki, xasiyyətimi dəyişəm. Mən ona görə tələbkaram ki, deməli, axtardığım indiyə qədər qarşıma çıxmayıb.

- Deyirlər, yazıda ilk cümləni başlamaq çətindir..

- Elə yazı var ki, hiss yazısıdır, duyğu yazısıdır. Bax, (yazılar göstərir). 20 Yanvarla bağlı yazı hazırlayıram. Gərək elə olsun ki, oxucu o dövrü görsün, o anları yaşasın. Oxucuya nə isə vermək üçün gərək düşünəsən. Hər yazıya yanaşma tərzi var, bir də hər jurnalistin öz yolu, öz xətti var.

Muxtar müəllim, o adamdan yaxşı  jurnalist olar ki...

- Jurnalist olar ki, daim mütaliə eləsin, axtarışda olsun, insanlarla münasibətdə olsun. Bu gün heç kəs deyə bilməz ki, mən hər şeyi bilirəm... bax, (stolu üstündə olan gündəlik qəzetləri göstərir) gündəlik mətbuatdır oxumalısan hər gün... Hər gün  yeni bir şey oxumalısan, yoruldum deməməlisən. Oturub tavana baxmaqla yazı yazmaq olmaz. Jurnalist üçün istirahət elə onun yazdığı yazının üzərində işləyən zaman olmalıdır. Yəni bu işdən həzz almalısan, yaxşı yazı adamın yorğunluğunu çıxarır. Mən indi yazı yazmalıyam, mövzu verilib, həmin o yazını yazmadan saat səkkiz, doqquz olsa da evə gedə bilmərəm. Səhər tezdən “ayıq başla” baxmalıyam. Mən yeni gələnlərə də deyirəm ki, yazının mürəkkəbi qurumadan mənə gətirməyin, heç olmaya bir-iki dəfə oxuyun. Bax, ona görə deyirlər tələbkaram (gülür). Bunu bu gün Naxçıvan mediasında ilk dəfə mənimlə işləyən və özlərinə müəllim hesab edənlər də təsdiqləyər. Onların sayı isə çoxdur.

- Muxtar müəllim, gündəlik işlər, yazılar, redaktələr... Sonra evə gedirsiniz. Nə ilə məşğul olursunuz. İşdən sonrakı həyat necədir?..

- Yenə yazılar, kitablar... Nəvələrim gəlir hərdən. Nəvələrimdən  biri bizdə qalır. Televiziya verilişlərinə baxıram,  ən çox baxdığım telekanal Naxçıvan televiziyasıdır. Bunu bir dəfə də demişdim. Naxçıvan televiziyası çox böyük sıçrayışa qədəm qoyub.

-Jurnalsitlər həm də “həssas şairlərdir”. Öz duyğularınızı yazacaqlarınızı nəzmə çəkdikləriniz olub yəqin ki, nəyi, kimi oxuyursunuz?

- Mütaliə vacibdir, öz ədəbiyyatımız başda gəlir təbii ki. Anarı, Elçini oxuyuram, Fərman Kərimzadəni, İsa Muğannanı oxuyuram. Şeirdə isə  Füzulidən üzü bəri Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz və s.

- Deməli, yazmaqdan çox oxumalıdır qələm əhli.

- Təbii ki, razıyam.

- Hobbiniz var?

- Hobbim mütaliədir (gülür).

- Bəs dostlarınız necə, varmı?

- Nə qədər desən.

- Dərdləşməyi sevirsinizmi?

- Ailəmlə, təbii ki.

- Ömürdə bir nərdivandır deyirlər. Bu 60 illik nərdivanın hansısa pilləsində nəfəsinizi dərdiyiniz, durub düşündüyünüz anlar olubmu?

- Çox şükür, hələ ki yoruldum deməmişəm. Hər günün sonunda  öz-özümə fikirləşirəm ki, mən mənə tapşırılan işi yerinə yetirə bildimmi? Dəfələrlə olub tezdən durub gəlmişəm ki, yazım yarımçıq qalıb. Halbuki, bu günün yazısı deyil, yəni sonraya da qala bilər. Təbii ki, arada  məzuniyyət də lazımdır insana, dincəlmək də.

Ancaq jurnalistika elə bir sahədir ki, yorulmusansa çıx get. Yorulmuşam demə. Dəfələrlə olub ki, məzuniyyətə çıxmışam, evə getmişəm,  üç- dörd gün evdə qalmışam, sonra yenə isə gəlmişəm.

Deyirlər, Muxtar müəllim, niyə gəldin ?

Deyirəm, darıxdım.

- Bu həyat enerjisini  nəyə borclusunuz?

- Allahıma... Gördüyün işdən zövq alırsansa yorulmayacaqsan.

- Gördüyünüz,  yoxsa duyduğunuz qələminizə daha yatımlıdır?

- Bir yazının üstündə həm gördüyüm, həm duyduğum görüşməlidir. Keçən dəfə bir yazım çıxmışdı, sərhəd çəpərlərinin sökülməsi ilə bağlı. Oxuyanların  hamısı deyirdi ki, Muxtar müəllim bunu görüb, görməsə yaza bilməz. Orada mənim duyğularım da var idi:

Araz xoflanmışdı, çünki o  daha əvvəl bu qədər adam görməmişdi... həmin gün havanın da rəngi bozarmışdı və s...

-Söz adamları üçün musiqi mütləqdir...

-Xalq musiqisini  çox sevirəm, özümün də tar üzrə təhsilim var. Ramiz Mirişlinin mahnılarından kim yorular, Qədirin səsindən? Bəlkə  də 100 dəfə “Sona bülbülləri” dinləmişəm, elə əsirinə düşürəm ki, başlayır, birdə baxıram ki, qurtarıb.

 -Arada o tarın simlərinə toxunursunuzmu?

-Yox, nəvəmə verdim tarımı. Açığını deyim, elə vaxt da qalmır, yenidən məşğul olam.

- Deyirsiniz Naxçıvan televiziyasına baxıram, medianın ağsaqqalı kimi televiziyada  çalışan jurnalistlərə nələri tövsiyə edirsiniz?

- İradlarımı həmişə üzlərinə demişəm (gülür). Dövrün nəbzini tutan jurnalistlər çoxdur. Tək iradım mütaliənin az olmasıdır. Lermontovun çox yaxşı sözü var. Deyir: şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. Sən jurnalist kimi mütaliə etməyə borclusan.

- Yazıda və həyatda özünüzdən tələbiniz nədir?

- Muxtar müəllim,  sənin yazının sonunda imzan var, ona hörmət elə... Mənim yazımı oxuyan o hadisəni gözün qabağına gətirə bilsin. Olub ki, yazının üstündə xətt çəkib kənara qoymuşam. Ancaq sabah sanki,  kimsə deyib ki, dur, get, yenidən yaz..

- Məmməd  Araz deyirdi, “ömrüm keçdi kəndlə səhər arasında”. Kənddən gəlib burda işləyib çalışanların həm də içində o yerlərə aid bir həsrət qalır. Siz ən çox nə üçün darıxırsınız?

- O kənddə mənim anam qardaşım əzizlərim var. Ora gedirəm, bir-iki gündən sonra yenə qayıtmaq istəyirəm. Elə bağlayıb ki, bura məni özünə uzaq qala bilmirəm. O vaxt məni bu işə çağıranda düşünürdüm ki, uşaqlar üçün darıxaram. Deməli, qismət belə imiş, məktəb jurnalını yerə qoyub qələmi götürməli imişəm. Əlimdə jurnal olanda, yəni müəllim işləyəndə də çalışdım üstümə düşən  işi layiqincə yerinə yetirəm, əlimdə qələm olanda da çalışıram, qələmə sadiq olam.

- Müsahibə üçün təşəkkür edirəm. Sizcə söhbətimiz səmimi alındımı?

- Mən yazıda da, televiziya materiallarında da səmimiyyətin tərəfdarıyam. Suallarında səmimiyyət var idi, mən də çalışdım səmimi cavab verəm. Qeyd edim ki, Naxçıvan televiziyasında çalışan jurnalistlər düzgün seçilən yolun yolçularıdır. Mən bu işdə sizə uğurlar arzu edirəm.

-Çox sağ olun.

 

                                                                      Fizzə Bağırova

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR