28 Fevral 2020, Cümə

Yanvarın 23-də Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli İsmayılov, Şıxmahmud kənd sakini Həcər Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova tərəfindən Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən 110 eksponat hədiyyə edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, nazirliyin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir.
Naxçıvanda muzeyşünaslığın inkişafına, yeni muzeylərin fəaliyyətinə, maddi mədəni irsimizin təbliğinə göstərilən qayğıdan danışan nazir vurğulayıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika vətəndaşları da yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, ötən il muzeylərimizə 2348 ədəd eksponat daxil olub. 2019-cu ildə 15 eksponat təqdimatı keçirilib. Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də ­görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.
Bildirilib ki, xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi mədəniyyət nümunələri – xalça məmulatları, tariximizin müxtəlif dövrlərinə aid toxuculuq alətləri, məişətdə istifadə edilən mis qablar Babək Rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilir. Bu maddi mədəniyyət nümunələri muzey ziyarətçilərində tarix və etnoqrafiyamız ilə bağlı dərin təəssürat yaratmaqla yanaşı, tədqiqatçı alimlərin də elmi-tədqiqat işlərinin faktlarla zənginləşdirilməsi işinə də mühüm töhfə olacaqdır.
Nazir çıxışının sonunda muzey ekspozisiyalarının zənginləşdirilməsi işində yaxından iştirak etdiklərinə görə eksponat hədiyyə edən vətəndaşlara təşəkkür edib.
Tədbirdə eksponat hədiyyə edənlərdən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Əli İsmayılov, Məhsəti Səfərova çıxış edərək bildiriblər ki, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində görülən işləri davam etdirəcək, maddi mədəniyyət nümunələrinin toplanmasında fəal iştirakçı olacaqlar.
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayev muzey fondlarının zənginləşdirilməsi işinə dəyərli töhfə verən rayon sakinlərinə minnətdarlığını bildirib.
Sonda yeni eksponatlara baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR