03 Aprel 2020, Cümə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konserti olub.

Tədbirdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti muxtar respublikamızda uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə Gənc İstedadların “Qızıl kitabı”nın təsis edilməsi, onlara aylıq təqaüdlərin verilməsi, Gənclər Fondunun yaradılması muxtar respublikada gənc­lərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30,8 faizini gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə ardıcıl tədbirlər görülüb. Nazir diqqətə çatdırıb ki, muxtar respublika rəhbərinin müvafiq sərəncamına uyğun olaraq ali və orta ixtisas məktəblərindəki ixtisaslar ayrı-ayrı dövlət orqanlarının hamiliyinə ­verilib.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada mədəniyyət sahəsində görülən işlər musiqi sənətinin gənclərə əsaslı şəkildə öyrədilməsinə imkan verir. Qeyd olunub ki, 2 fevral – Gənclər Günü münasibətilə keçirilən konsert də görülən işlərin məntiqi davamıdır. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayev dəfələrlə muxtar respublikada olub, konsert proqramları ilə çıxış edib, musiqi təhsili müəssisələrində ustad dərsləri keçib.
Mədəniyyət naziri çıxışının sonunda konsertin təşkilində Teymur Göyçayevə təşəkkürünü bildirib, gənclərin bayramını təbrik edib.
Sonra Teymur Göyçayevin dirijorluğu ilə konsert başlayıb. Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, Xor kollektivinin ifasında dünya, Azərbaycan klassik və müasir bəstəkarlarının əsərləri, həmçinin Azərbaycan xalq musiqiləri səsləndirilib. Gənclər üçün əsl bayram ərməğanı olan möhtəşəm konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başa çatıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR