05 Aprel 2020, Bazar

Ədəbiyyat dövlət siyasətinin üzvi tərkib hissəsi kimi milli siyasətin həyata keçirilməsində əsas rol oynayır. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində ədəbiyyatın yeri, rolu və imkanları çox genişdir. Ədəbiyyata xalqın tarixi yaddaşı kimi baxan ulu öndər bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Həmin prinsiplər dövlətçilik təlimində ədəbiyyat siyasətinin, müstəqil Azərbaycan dövlətinin quruculuğunun təməlini təşkil edir.

Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, məktəb yaşlarından peşəkar teatr xadimləri ilə yanaşı, cəsarətlə səhnəyə çıxan ulu öndərin dünyagörüşünün formalaşmasında ədəbiyyat amili xüsusi yer tutur. O, bədii ədəbiyyatın taleyindəki böyük rolunu yüksək qiymətləndirmişdir. Böyük siyasi xadim Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası, xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması, “Molla Nəsrəddin” jurnalı, Hüseyn Cavidin “İblis” mənzum faciəsinə önəm verdiyini, onlardan bəhrələndiyini dəfələrlə xatırlatmışdır. 

Dahi şəxsiyyət ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının inikası kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə birgə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Görkəmli dövlət xadimi 1972-ci ildə Azərbaycan yazıçılarının beşinci qurultayındakı tarixi nitqində demişdir: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.
Ümummilli liderin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasəti ilə milli mücadiləyə meydan açılmış, sovet hakimiyyəti illərində Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması və ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdur. Görkəmli dövlət xadiminin ədəbiyyat təlimindəki millilik anlayışı özündə Azərbaycançılıq məfkurəsini əks etdirməklə bu istiqamətdə apardığı geniş siyasi-ideoloji işdə əsas vasitə idi. Azərbaycan ədəbiyyatı klassiklərinin onlarla nümayəndəsinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi milli məfkurənin geniş miqyasda yayılmasına, dünyəvi təbliğinə xidmət etmişdir.

“Kitabi-Dədə Qorqud” dastanlarının yaranmasının 1300 illiyinin, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi qüdrətli sənətkarların yubileylərinin beynəlxalq miqyasda qeyd olunması görkəmli dövlət xadiminin Azərbaycan xalqı və ölkəsinin dünya səviyyəsində tanınmasına, dövlətimizə və xalqımıza etibarlı tərəfdaşlar qazanmasına müsbət təsir etmişdir. Azərbaycan klassiklərinin Bakıdan başlanan yubiley təntənələri Kremlə və YUNESKO iqamətgahlarına qədər addımlamışdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar. Onlardan sonra gələn nəsillər də bu ənənəni, xüsusiyyəti davam etdirmişlər. Ona görə də tariximizin hansı əsrinə, hansı səhifəsinə baxsan, orada şairlərin, yazıçıların, mədəniyyət xadimlərinin izlərini, əsərlərini görəcəksən...”
Ümummilli liderin ədəbiyyat siyasətində tarixilik prinsipi özünəməxsus yer tutur. Dahi siyasətçi Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini zəruri saymışdır. Tarixi mövzulardakı bədii əsərlərin əsasında filmlərin çəkilməsi, teatr tamaşalarının hazırlanması, bu əsərlərin xarici dillərə tərcümə olunması və nəşri prosesinin kütləviləşdirilməsi həmin əsərlərin təbliği miqyasını genişləndirmişdir.
Ümummilli liderin ədəbiyyat siyasətində müasirlik anlayışının özünə­məxsus yeri vardır. Böyük siyasətçinin nəzərində müasirlik həm çağdaş həyatın ədəbiyyatda əks etdirilməsi, həm də müasir düşüncənin, yeni təfəkkürün ədəbiyyata gətirilməsi deməkdir. Azərbaycan cəmiyyətində və ədəbiyyatında müasirlik anlayışını məhz həmin konsepsiya formalaşdırmışdır. Müasir Azərbaycan ədəbiyyatı nailiyyətlərini bu siyasət nəticəsində əldə etmişdir.
Yazıçılar İttifaqının uğurlu fəaliyyəti və ədəbi məcmuələrin kütləvi nəşri də ümummilli lider Heydər Əliyevin milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycançılıq siyasətinin ideoloji əsası özündə görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət təlimini ehtiva edir. Dövlət başçısı bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun əlavə müddəalarla zənginləşdirərək müasir dövrün ədəbiyyat siyasətini müəyyən etmişdir. İnkişaf xəttində həmin prinsiplərə söykənən ədəbiyyatımız üçün 2019-cu il Azərbaycan və bütün dünyada “ədəbiyyat ili” kimi yaddaqalan olmuşdur. Belə ki, ölkə Prezidentinin sərəncamları ilə yaradıcı birliklərə maddi vəsaitlərin ayrılması ilə bağlı həyata keçirilən tədbirlər, Yazıçılar İttifaqının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması və İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yerli, respublika və beynəlxalq səviyyəli tədbirlərin reallaşdırılması müstəqillik dövründə ədəbiyyat siyasətinə uğurlu nümunələrdir. Dünya ədəbiyyatına aid nadir əsərlərin latın qrafikası ilə kütləvi nəşri bu sahədə həyata keçirilən uğurlu layihədir.
Ötən il Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı muxtar respublika rəhbəri tərəfindən imzalanan sərəncamlar, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyətinin inkişafı üçün 25 min manat vəsaitin ayrılması və digər tədbirlər yaradıcı ədəbi mühitin inkişafında mühüm rola malikdir. Həmçinin ədəbi fəaliyyətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gənc­liyin istedadlı nümayəndələrinə mükafatların verilməsi də ulu öndər tərəfindən əsası qoyulmuş ədəbi siyasətin konkret əməli işlərlə davamıdır. 2019-cu ildə Ali Məclisin Sədri yanında Bilik Fondu tərəfindən irfan ədibi Nemətullah Naxçıvaninin əsərlərinin tərcüməsi və nəşri, Ərtoğrol Cavidin yaradıcılığına həsr olunmuş bir monoqrafiya və iki kitabın, Yazıçılar Birliyi üzvlərinin ədəbi yaradıcılığını özündə əks etdirən “Naxçıvanım – göz nurum” adlı almanaxın nəşri və həyata keçirilən digər tədbirləri dahi öndər Heydər Əliyevin əsasını qoyduğu ədəbi inkişaf təliminin Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən davamı kimi dəyərləndirmək olar.
Bu tədbirlər çərçivəsində muxtar respublika yazıçılarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün mükafatların ayrılması, Şamil Zamanın tərcüməsində fransız yazıçısı Qustav Floberin “Salambo” romanının, Əliyar Yusiflinin şeirlərindən və bir pyesindən ibarət kitabın və Kamil Arazın şeirlərindən ibarət uşaq ədəbiyyatı nümunələrinin nəşri də nəzərdə tutulur.
Muxtar respublikada tanınmış ədiblərin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Son illərdə muxtar respublikada aparılan böyük quruculuq proseslərinin tərkib hissəsi kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatr­ının və xalq teatrlarının fəaliyyətlərinin inkişaf etdirilməsi, habelə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyətinin əsaslı şəkildə qurulması və müasir avadanlıqlarla təchiz edilməsi, Naxçıvanda Ədəbiyyat Muzeyi və Mirzə Cəlilin Nehrəm kəndindəki ev-muzeyi, Şahbuz rayonunda Məmməd Arazın ev-muzeyi, Kəngərli rayonunda Şahtaxtinskilər Muzeyinin və digər mədəniyyət müəssisələrinin tikilib istifadəyə verilməsi bədii ədəbiyyatın, söz sənətinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən ədəbiyyat və mədəniyyət işinin müstəqillik dövrünün tələblərinə uyğun inkişafının yeni səviyyəyə qaldırılmasını göstərir.
Beləliklə, müasir dövrdə yeni tarixi epoxanın Azərbaycan ədəbiyyatı siyasəti formalaşır və ardıcıl olaraq inkişaf edir. Dahi öndər Heydər Əliyev demişdir: “Mən gənclərə üzümü tutub deyirəm, – sizin qarşınızda çox gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyimiz nailiyyətlər buna belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha da müstəqil, azad olanda, şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox açılır və öz bəhrəsini verir”.
Əminik ki, uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni axtarışların və çağdaş ədəbi nəslin meydana çıxması, ərsəyə gəlməsi ilə nəticələnəcək, Azərbaycançılıq məfkurəsinin zənginləşdirilməsinə xidmət edəcəkdir.

Surə SEYİD
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai
təşkilatlarla iş şöbəsinin müdiri

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR