07 Aprel 2020, Çərşənbə axşamı

Qoç Koroğlu, Bamsı Beyrək nərəsiylə,
Nəiminin, Nəsiminin haqq səsiylə,
“Yaşa! Yaşa, Azərbaycan!” kəlməsiylə,
Zirvələrə ucalmısan, Ana dilim!
Varlığından güc almışam, Ana dilim!

Qorqudumun hikmət dolu sözündəsən,
İncəsənət bulağının gözündəsən,
Tariximin, kimliyimin özündəsən,
Nəsillərin yadigarı – Ana dilim!
Ulutürkün tək şüarı Ana dilim!

Nizaminin, Füzulinin söz təknəsi,
Şah İsmayil Xətainin “Dəhnamə”si,
Səslənəndə “Qarabağın şikəstəsi”,
Ürəkdən ah qoparırsan, Ana dilim!
Xəyallara aparırsan, Ana dilim!

“Əkinçi”miz maarifpərvər körpü salıb...
Mirzə Cəlil saflığınla bir ucalıb...
Mirzə Sabir qüdrətindən ilham alıb,
Keşməkeşli yollar keçib Ana dilim!
Öz donunu özü biçib Ana dilim!

Məmməd Araz səninlə peyman bağlayıb,
Hüseyn Cavid “Ana”m deyərək ağlayıb,
Nakam Müşfiq ürəkləri dağlayıb,
Sinəsinə yığıb dərd, qəm Ana dilim!
Sınıq qəlbə olub məlhəm Ana dilim!

Uzun illər qopardılar səndən bizi,
Susdurdular tüğyan edən bir dənizi,
Özgə dildə açammadıq qəlbimizi,
Könlümüzə doldu kədər, Ana dilim!
İllərimiz oldu hədər, Ana dilim!

Ulu öndər səni məhvdən etdi xilas,
Yeni dövrə qədəm qoydun özünəxas,
Keçmişini unutmadan yeni libas
Geyinmisən şux qamətli Ana dilim!
Qəlboxşayan təravətli Ana dilim!

Nə qədər ki, damarlarda axır al qan,
Qanımızda, ruhumuzda yaşayassan,
Nə qədər ki, var olacaq Azərbaycan,
Yüksəklərdə səslənəssən, Ana dilim!
Ürəklərdə bəslənəssən, Ana dilim!

 Nail ƏSGƏROV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR