15 Avqust 2020, Şənbə

Qədim zamanlardan xalqımız baharın, yazın gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadar. Zamanla insanlar arasında bu adət-ənənələrin bir çoxu ilə bağlı fərqli inanclar formalaşıb. Bu inanclar bütün ilboyu insanların həyatında müxtəlif dəyişikliklərlə xarakterizə olunur.

Novruzun simvolu olan göyərdilmiş səməni bərəkət, bolluq rəmzi sayılır. Deyərlər ki, səməni düz, şax vəziyyətdə qalxarsa, həmin il məhsul bol, əyri, nazik olduqda isə qıtlıq olacaq. Bayramdan sonra səməni axar suya axıdılır, arxasınca da şirni səpilir. Bununla da ilboyu evdə ruzi, bərəkətin bol olacağına inanılır.

Novruz bayramını od-ocaqsız, gur tonqalsız təsəvvür etmək mümkün deyil. İnsanlar, xüsusilə İlaxır çərşənbə axşamı böyük tonqallar yandırar və bu tonqalların üzərindən atlanarlar. Bununla da bədxah qüvvə və nəfəslərdən, qorxu və çətinliklərdən xilas olacaqlarına inanarlar. Tonqalda üzərlik yandırma da yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar bununla hər hansı mənfi nəzəri dəf edəcəklərinə, onun vasitəsilə bədnəzər, pis niyyətlərin təmizlənəcəyinə inanırlar. Bayram axşamı hər kəs öz evində, öz ocağının başında olmalıdır. İnanca görə, əgər belə olmazsa, həmin insan yeddi il bayram süfrəsi görməz. Həmçinin həmin gün ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Əgər şam sona qədər yanarsa, tutulan diləklərin qəbul olunacağına inanılar. Səhər tezdən isə axar suyun üstündən “ağırlığım-uğurluğum tökül bu suyun üstünə”, – deyib üç və ya yeddi dəfə tullanır, dərd-bəlaların, sıxıntıların köhnə ildə qalmasını arzu edərlər.
İnanclar, əsasən, Novruz fallarında qorunur, yaşadılır. Qulaq falı, qapıpusma hər bir bölgəmizdə, eləcə də Naxçıvanda geniş yayılıb. Bu fallar, xüsusilə İlaxır çərşənbə axşamı icra edilir. Hava qaralandan sonra ürəkdə niyyət tutub gizlincə qohum-qonşunun qapısına gedər, qapı dalında durub, ayağın altına açar atıb, içəriyə qulaq asarlar. Eşidilən ilk söz niyyətin yerinə yetib-yetməyəcəyinə işarə edər.
İlaxır çərşənbə axşamı yerinə yetirilən mərasimlərdən biri də üzüksalmadır. Bu vaxt subay qızlar üzüklərini bir qabın içərisinə salar, növbə ilə bayatı deyərlər. Bayatı oxunub başa çatandan sonra tasın içindəki üzüklərdən biri götürülər. Kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə uyğun yozular. Novruz axşamı arx kənarına bir yumurta, iki rəngli qələm qoyular və hər hansı bir iş üçün niyyət edilər. Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxılar. Yumurtanın tən ortasından qırmızı xətt “çəkildikdə”, bu, niyyətlərinin baş tutacağı, qara xətt “çəkildikdə” isə əksi düşünülər.
Ümumiyyətlə, Novruz falları ilə bağlı inanclar say və məzmunca zəngindir. Məsələn, kuzə, açar, qıfıl, alma, iynə , qovurğa, ulduz və digərləri maraqlı olmaqla yanaşı, bir çoxu əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirirlər. Bu inanclar xalqımızın qədim mifoloji görüşlərini, mədəniyyət və folklor tariximizi öyrənmək, tədqiq etmək baxımından dəyərli nümunələrdir.

 Güntac Şahməmmədli

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR