07 Aprel 2020, Çərşənbə axşamı

Torpaqdan boy göstərən nanənin, yarpızın, nərgizin, bənövşənin ətrafı bürüyən ətri,  günəş şüaları qarşısında qışın soyuq şaxtasından ruhdan düşüb qapqara qaralan ağacların çiçək açıb yapraqlanması, təbiətdə olan hər bir varlığın oyanışı  baharın gəlişindən xəbər verir. Həzin-həzin əsən küləyin  dalğalandırdığı çiçəklər,otlar naz satan gözəllərə bənzəyirlər.Torpaq sanki qış günlərində topladığı güc-qüdrətini göstərir, qoynunda açan çiçəklərə sığal çəkir.  Bütün bunlar isə  insanın yenidən oyanması kimi, təbiətin də dirilişi, dünyada minillərdir var olan ahəngin xəbərçisi olmaqla yanaşı  ululardan ulu bir xalq olan azərbaycanlıların ən əziz bayramı Novruzun gəlişinin xəbərçisidi.

 Novruzun gəlişinin müjdəçiləri  çərşənbələr

        Günəş öncə suyu, sonra torpağı, ardınca yeli isitdi və ən sonunda ocağı  alovlandırdı. Baharın gəlişinə qədər ilin son 4 həftəsinin çərşənbə axşamlarını daha şən keçirməklə insanlar, qarşıdan gələn Novruzdan – yəni yeni ildən daha xoş günlər, xeyir-bərəkət, sağlamlıq, əmin-amanlıq, uğur istəyirlər.İlaxır çərşənbə isə bunların ən çox əzizlənənidi. Neçə ki evin son beşiyi əziz tutular. Ona daha çox nəvaziş göstərilər.El-obada, hər ailədə Novruz bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər ağardılır, paltar-palaz, qab-qacaq yuyulur. Həyət-baca süpürülüb təmizlənir. Hamı üçün ən azı bir dəst təzə paltar tikilir və ya alınır. Tarixən ilin axır çərşənbəsi daha rövnəqli keçirilər, şənlik məclisləri qurularmış. Məhz bu baxımdan "Axır çərşənbə" şənlikləri özünəməxsusluğu ilə seçilir, onun mərasim, ayin, etiqad, oyun və şənlikləri daha təmtəraqlı, daha zəngin və rəngarəng olur. 

          Bu bayramlarda elin ağbirçəkləri, və ya ağsaqqalları çoxdan küsülü qalanların barışmasına şərait yaradırlar. Qohumlara, qocalara, xəstələrə baş çəkirlər. İlaxır çərşənbədən öncəki  həftənin cümə axşamını  “Qara bayram” olur ki, həmin gün hər kəs öz doğmalarının məzarlarında təmizlik işləri aparır, onları ziyarət edirlər.m Həmişə hümanistliyi ilə seçilən xalqımız kimsəsi olmayanların da məzarını ziyarət edir, onların da məzarına, səməni və halva qoyurlar. Həmin halvanın quşlara pay olsun deyə gətirirlər. Uzaq ya da yaxın fərqi yoxdu harada olursa olsun insanlar öz əzizlərinin məzarını ziyarət etmək üçün gəlirlər. Hər çərşənbə axşamında ölənlərin ruhu yad edilir, xörək bişirəndə duz atarkən mərhumu yada salıb ruhunu sevindirirlər. Kiminsə yaxını rəhmətə gedibsə onun evinə yaxın qohumlar gedir xına aparırlar. Buna “yasdan çıxarma” deyilir. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ona görə də uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.Hələ bayrama bir ay qalmış hamı bazara çıxar nişanlı, yeni ailə quranlara, yaxın qohum əqrabaya hədiyyə alınar. İlaxır çərşənbə günü nişanlılara, yeni ailə quranlara xonça tutular.  Burada xüsusi bir məqam var. Belə ki, həmin gün böyüklər kiçiklərə, qardaşlar bacılarına bayram payı aparar. Ayın 21 də isə kiçiklər böyüklərlə bayramlaşmağa gedərlər. Pay tutulanda onun içində mütləq şirniyyatda olur.

Deyirlər ki, bayram gecəsi öz evində olmasan gələn  yeddi il də olmayacaqsan.  Novruz bayramında qulaq falına çıxmaq adəti də var. Hər kəs ürəyində bir mətləb tutur və onun həyata keçib-keçməyəcəyini yoxlamaq üçün qulaq falına çıxır. Bu, o deməkdir ki, ilk eşitdiyi söz ürəyində tutduğu mətləbin reallaşıb-reallaşmayacağına əlamətdir. Ona görə də həmin gün bütün evlərdə, ailələrlə ancaq xoş ovqatla yaxşı sözlər danışılır. Nə qədər qan-qaralıq ab-havası olsa da, kimlərinsə çox dəyərli arzularının çin olması ümidi ilə qapınızı dinləyə biləcəklərini nəzərə alınır.Bayramda mütləq olan adətlərdən biri də yumurta  boyamaqdır.Qədimdə  Dəvəquşu yumurtası xoşbəxtlik rəmzi hesab edildiyi üçün hər kəs onu tapıb boyayır mütləq süfrəyə qoyurdu. Oğlan uşaqları yumurta döyüşdürməklə isə rəqibi üzərində qalib gəlmək sevinci yaşayır, həmçinin əvvəlcədən kəsilmiş mərci udur.  Çərşənbə axşamı bayramlarının qədim adətlərindən biri də evlərə, qapılara torba atmaqdır. Keçmişdə evlərin bacasından torba sallayardılar. Ev sahibi də onun içərisinə əsasən boyanmiş yumurta, qoz, fındıq qoyar geri qaytarılar.  Çərşənbələrində həyətlərdə tonqal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələr də oxuyarlar:


Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
 

Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Deyilənə görə, Axırıncı Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar təzə ildə bütün xəstəliklərdənuzaqlaşırdılar. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir. 

Sorağı qədimdən gələn el bayramı 

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz ritualları, adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə isə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlayıblar. Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm nəğmələri, mərasim nəğmələri yaradıb. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə, yəni martın 20-dən 21-nə keçən gün keçirilir. Yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğu Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlıdır.  2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib.Sovet hakimiyyəti dövründə bir çox adətlərimiz kimi Novruz bayramınıda unutdurulmağa təqvimdən silməyə cəhd etsələr də xalqımız bu el bayramını ən çətin günlərində də yaddan çıxarmayıb. Qadağalara baxmayaraq, çoxəsrlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

                                  Süfrələrimiz bayram çöçəsiz olmasın 

Bayram süfrəsinə hazırlıq hələ aylar öncədən başlayır. Payız vaxtı bağdan bağçadan yığılan meyvələrdən, cəviz,fındıq, badamdan hərəsindən bir hissə götürülüb Novruza saxlanılır. Həyətdə toyuq cücənin ən yaxşısı nişanlayıb bayram aşını üçün bəslənir. İl nə qədər çətin keçərsə keçsin bayram süfrəsi üçün məhsul saxlanılır. Bayrama bir neçə gün qalmış qonşular, qohumlar yığışıb bir yerdə şəkərbura, paxlava, qoğal bişirirlər. Bu işə növbə ilə görülür. Naxçıvan mətbəxinin özünə məxsus bəzi yeməkləri də var ki, hələ bayrama bir həftə qalmış onları bişirmək üçün hazırlıq görülür. Bunlardan biri də Naxçıvanın bayram çöçəsidi. O xüsusi bir qayda ilə hazırlanır. Südlü, yağlı xəmir yoğurur onu kündələrə bölüb, içərisinə əvəlcədən hazırlanan içliyi qoyuruq. İçlik isə belədir. Cəviz ləpələri kiçik hissələrə bölünür əvvəlcədən qovrulmuş soğanla qarışdırılır duz, istiot vurulur. Kiçik kündələrin içinə içlik qoyub şəkərbura formasında büküb, üzərinə yumurta vurub bişiririk.

Novruzun ilk günü Şərur rayon Çərçiboğan kəndinə qonaq oldunsa ilk daddığın yemək daş küftəsi olur. Bəlkə də bu kənd bu gün  yeganə ünvandır ki, əksər evlərdə Novruz bayramı (martın 21-nə küftə bayramı da deyirlər) günü daş-toxmaq küf­təsi hazırlanmaq müt­ləq adətlərdəndir. Həmin gün yaxınlarını, doğmalarını, ağsaqqal-ağbirçəkləri yoluxmağa gələnlər bu dadlı-tamlı mil­li yeməyə qonaq edilir, hətta bir-iki küftə də evdəkilər üçün pay qoyulur. Həmin gün üçün Şərur rayonunun bütün evlərində maş çöçəsi də hazırlanır. Adətən bu çöçə təndirdə bişirilir. Çərşənbədə bişən şirniyyatlardan başqa martın 21 də bayram süfrəsində maş çöçəsinin və daş küftəsinin olması bu rayonda adətə çevrilib.

 Halva çalaq ağzımız şirin olsun 

Qədim Azərbaycan yeməyi olan halvanın onlarla növü var. Çərşənbədən qabaqkı cümə axşamı “Qara bayram”da  halva çalınır və həmin halvaya rəhmətə gedənlərin adına duz atılır ki, ruhları şad olsun. Həmin gün qəbir üstünə çıxanlar özləri ilə bir böşqab da halva aparır məzarların yanına qoyurlar ki, quşlar yesin. Bayramda hazırlanan səməni halvası isə bayramın atriburtlarından sayılır. Demək olar ki, bir çox ailələrdə hərbayram səmənidən halva bişirilir. Ocaqlar qalanıb, qazanlar qoyulub. Qadınlar qollarını çirmələyərək səməni halvası bişirirlər. Novruzun əsas atributlarından biri olan səmənidən hazırlanan halva özünəməxsus dada malikdir. Amma bu halva asan hazırlanan bayram təamı hesab olunmur.Novruzun son çərşənbəsində bir yerə toplanaraq bu şirniyyatı hazırlayırlar. 7 günlük cücərdilmiş buğda yuyulub ət maşınında çəkildikdən sonra tənzif vasitəsilə sıxılaraq suyu alınır. Daha sonra həmin su  unla qarışdırılaraq yoğurulur. Gur yanan ocaq üzərinə qoyulan halva növbəli şəkildə qarışdırılır. Səməni halvası böyük qabda hazırlanaraq qohum-əqrəbaya paylanır. 

Son söz

Yazını qələmə alarkən bizim uşaqlıq dövrümüzə təsadüf edən o çətin keşməkeşli günlərin bayramlarını xarırlayıram. İşığın, qazın olmadığı bütün naz nemətlərin göyə çəkildiyi həmin vaxtlarda belə qədim adət ənənələrini unutmayan xalqımız bayram süfrəsini açırdı. Qapıya atılan torbaya yığmağa bir şey tapmayanda naçar qalsa da ümidini itirmirdi. Bütün xalq erməni hücumuna və blokadaya qarşı sıx birləşmişdi. Həmin çətin günlərdə özlərindən çox səngərdə can qoyan oğulları düşünür bəlkə də evlərində olan son meyvəni, qozu, fındığı yığıb onlara göndərir səngərlərdə bayram ad havası yaradırdılar. Artıq o illərdən bir qərinə uzaqdayıq. Bu gün müstəqil, azad, güclü bir dövlətin sakinləri olaraq bolluq və bərəkət içində yaşayırıq.  Yurdumuzun üzərini bürüyən qara buludlar çəkilib gedib, azad, firavan ölkə olan odlar yurdunda övladlarımız ən xoş günlər görür, adət-ənənələrimizi davam etdirirlər, dəyərlərimizi, inanclarımızı yaşadırlar. Nə qədər ki, Vətəninə-yurduna bağlı oğullarınız, torpağa bağlı insanlarınız var, zəfər də hər zaman bizim olacaq, bahar da öz ətrini-təravətini bizdən əsirgəməyəcək. Azərbaycan hər zaman bahar ab-havasında, bahar nəfəsində olacaq!.. 

Ramiyyə ƏKBƏROVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR