02 İyun 2020, Çərşənbə axşamı

Tanınmış musiqiçi, bəstəkar, dirijor, xormeystr, pedaqoq, ictimai xadim, Məmməd Məmmədovun adı çəkiləndə doğma diyarım Naxçıvanla, bu möhtəşəm yurdun qaynar, inkişaflı musiqi həyatı ilə bağlı bir çox unudulmaz xatirələr gözümün önündə canlanır.  Məmməd Məmmədov şəxsiyyəti və onun yorulmaq bilmədən yaşadığı, yaratdığı məqsədyönlü musiqi həyatı, musiqi dünyası hər zaman olduğu kimi yenə də heyrətləndirir məni. Təkcə məni yox, onu tanıyan hər bir kəsi.

1950-1960-cı illərdə Naxçıvanda keçirilən Məhsul bayramlarını yada salaq...

Payız aylarında Naxçıvan şəhərinin mərkəzi küçələrinin birindən – indiki Azadlıq meydanı önündən muxtar respublika zəhmətkeşləri nizamlı şəkildə keçərək istehsal etdikləri, yetişdirdikləri məhsulları nümayiş etdirirdilər. Bu möhtəşəm tədbirlərdə dirijor Məmməd Məmmədovun rəhbərliyi ilə minlərlə orta məktəb şagirdləri –  birləşmiş xor onlarla populyar melodiyaları, mahnıları böyük həvəslə, məhəbbətlə ifa edərək məhsul bayramlarına rövnəq, gözəllik bəxş edirdilər.

Bu tədbirdə muxtar respublika zəhmətkeşləri öz nailiyyətlərini nümayiş etdirirdilərsə, Məmməd Məmmədov da musiqi həyatımızın inkişafını təqdim edirdi.

Həmin gün şagirdlərlə birgə sanki bütün şəhər oxuyurdu, sevinirdi, şənlənirdi.

Bu illər hər tədrids ilinin sonunda – may ayında orta məktəblərdə “Mahnı və çiçək” bayramı keçirilirdi. Yadımdadır, səhər-səhər hər bir şagird, müəllim, evlərindən məktəbə güllər, gül dibçəkləri gətirərdi. Məktəb həyətləri gül-çiçəklə bəzənərdi. Bu bayramlarda minlərlə şagirddən ibarət xor kollektivi Məmməd Məmmədovun rəhbərliyi ilə Vətən, gənclik, dostluq, məktəb həyatını vəsf edən mahnılar ifa edərdilər. Bu mahnıları Məmməd müəllimin rəhbəri olduğu nəfəsli orkest müşayiət edərdi. Bu tədbirlərdə rus, Azərbaycan bəstəkarlarının mahnıları ilə yanaşı, Məmməd Məmmədovun da gözəl, sadə melodik dilə malik, bu gün də unudulmayan mahnıları şagirdlər tərəfindən sevilərək oxunurdu. Nəinki şəhər məktəblərində, hətta kənd məktəblərində xor kollektivləri, nəfəsli alətlər ansamblı yaradırdı Məmməd müəllim.

Məmməd müəllim minlərlə şagirdin birlikdə, vəhdət şəkildə oxumasına necə nail olurdu?

O, orta məktəblərdə hər bir sinifdə şagirdlərlə ayrı-ayrı məşğul olaraq, əvvəlcədən hazırladığı proqram əsasında eyni mahnıları öyrədirdi, sonralar isə müxtəlif siniflərdən istedadlı şagirdləri seçərək hər məktəb üzrə xor kolektivi təşkil edirdi. Bayramlarda isə şəhər üzrə orta məktəb şagirdləri birlikdə bu mahnıları ifa edərdilər. Bu tədbirlər şagirdlərin musiqi zövqünün formalaşmasında mühüm rol oynayırdı. Bu gün də həmin mahnılar, tədbirlər xoş xatirələrə çevrilərək yaddaşlarda yaşamaqdadır.

Sanki gördüyü bu xeyirxah, nəcib işləri ilə nəfəs alırdı Məmməd müəllim. Və bu yaradıcı işləri ictimai əsaslarla, təmənnasız görürdü böyük insan, pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov. Bu illər onun Naxçıvan Pioner və Məktəblilər evində yaratdığı və bədii rəhbəri olduğu “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı Naxçıvan musiqi tarixinin önəmli səhifəsinə çevrildi. Görkəmli bəstəkar, dirijor Əfrasiyab Bədəlbəyli bu ansamblın fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının kiçik qardaşı adlandırmışdır. Bu da təsadüfi deyildi. Hər il Bakı şəhərində keçirilən məkrəblilərin olimpiadalarında bu kollektiv birinci mükafata layiq görülürdü. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının repertuarında olan hər bir əsər, ikinci həyatını “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblında yaşayırdı. Bu əsərlər görkəmli bəstəkarlar Cahangir Cahangirovun dördsəsli xor üçün yazdığı suitalar idi, Səid Rüstəmovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Rəşid Əfəndiyevin rəqs suitaları, eyni zamanda müxtəlif xalqların rəngarəng melodiyaları idi. Hətta illər sonra “Əlvan çiçəklər”in üzvlərindən olan tarzənlər –  Əkrəm Məmmədovun, Ələkbər Ələkbərovun, Nazim Quliyevin, kamança çalanlardan Adıgözəl Əliyevin, Kamal Əliyevin, Abdulla Abdullayevin, Kamil Məmmədovun, akkardeon ifaçısı Nizami Məmmədovun Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında çalışmaları hər iki ansamblda olan yaradıcılıq əlaqələrinin davamı kimi qiymətləndirilirdi. “Əlvan çiçəklər” Mahnı və Rəqs ansamblı bir çox şəhərlərdə, dövlət tədbirlərində çıxışlar edir, geniş tamaşaçı auditoriyası tərəfindən qəbul edilir, şöhrətlənirdi. Və 1966-cı ildə “Əlvan çiçəklər” Mahnı və Rəqs ansamblının 50 nəfərdən ibarət üzvü Ümumittifaq “Artek” pioner düşərgəsində 1 ay istirahət və eyni zamanda konsert vermək hüququnu qazanaraq mükafatlandırılır. Bu böyük qələbə idi. Kollektiv Sovet məkanında Azərbaycanı təmsil edirdi. Bir ayın hər bir günü kollektivin çıxışları alqışlarla qarşılanırdı. Sovet və Kanada kinorejissorları “Əlvan çiçəklər”ə ekran həyatıı ərməğan edirlər. Kollektivin hər bir üzvü fəxri fərmanlarla, medallarla doğma Naxçıvana qayıdır. Sonralar “Əlvan çiçəklər” Mahnı və Rəqs ansamblının bir çox üzvləri respublikamızın tanınmış sənətçiləri kimi fəaliyyətlərini davam etdirdilər və bu gündə sayılıb seçilən sənətkarlardandır.

1974-1978-ci illərdə Naxçıvan Televiziya və Radio Verilişləri Komitəsinin Naxçıvan MSSR Mədəniyyət Nazirliyi ilə birgə keçirdikləri genişmiqyaslı məktəb bədii özfəaliyyət kollektivləri müsabiqəsinin sədri olan Məmməd Məmmədovla birlikdə biz – münsiflər heyətinin üzvləri Muxtar Respublikanın şəhər, rayon, kənd orta məktəblərinə gedərək, onların hazırlıqlarına diqqət yetirirdik, məsləhətlər verirdik. Məmməd Məmmədovun böyük təcrübəsi, musiqiyə, insanlara, doğulduğu məkana olan sonsuz sevgisi, məqsədyönlü musiqi təbliğatının nəticəsində həmin və sonrakı müsabiqələr gözəl nəticələr verirdi. Yeni-yeni ifaçılar üzə çxırdı və hər kəs – şagirdlər, müəllimlər, valideynlər səbirsizliklə məktəb bədii özfəaliyyət kollektivlərinin televiziyada çıxışlarını gözləyirdilər. Bir sözlə, həmin tədbirlər müsabiqə çərçivəsindən çıxaraq musiqi bayramına çevrilirdi. Qeyd etmək istərdim ki, bu illər eyni zamanda Naxçıvan Televiziyasında mədəniyyət evləri bədii özfəaliyyət kollektivlərinin də müsabiqəsi yüksək səviyyədə keçirilirdi. Əlbəttə ki ömrünü sənətə, doğma torpağına bağlayan və bu sənətin, bu torpağın vurğunu olan Məmməd Qəzənfər oğlu Məmmədov kimi şəxsiyyətlərin sayəsində.

1920-ci il aprel ayının 28-də Naxçıvan şəhərində dünyaya göz açan Məmməd Məmmədov Naxçıvan Pedaqoji Texnikumunda təhsilini davam etdirərkən həmin dövrün – ötən əsrin 30-cu illərinin məşum  ictimai-siyasi hadisələri, bir çox bölgələrdə olduğu kimi, Naxçıvan musiqi həyatıından da yan keçmir. Mübarizə əhval-ruhiyyəsində mahnılar, marşlar və onları ifa edən nəfəsli alətlər orkestrləri yaranır. Təsadüfi deyildir ki, gənc Məmməd Pedaqoji Texnikumda oxuduğu zaman öz musiqi yaradıcılıq taleyini aparıcı nəfəsli alətlərdən biri olan truba ilə bağlayır. Truba Azərbaycan xalq çalğı aləti olmasa da, Məmməd xalq musiqi nümunələrini həvəslə öyrənir və gözəl ifa tərzi ilə tələbə yoldaşlarını heyran edir, bu aləti onlara sevdirir. Bu da səbəbsiz deyildi. Çünki ona da bu aləti sevdirən, bu alətdə çalmağı öyrədən, musiqini onun həyatının ayrılmaz hissəsinə çevirən, gələcəkdə də ömrünün sonunadək unutmadığı bir şəxsiyyət olmuşdur – Məmməd Kəngərli!

1938-ci ildə gənc Məmməd, müəllimi Məmməd Kəngərli ilə birlikdə muxtar respublikada ilk dəfə olaraq Naxçıvan Tibb Məktəbində qızlardan ibarət nəfəsli alətlər orkestri yaradırlar. İlk müəllimi Məmməd Kəngərlinin musiqiyə vurğunluğu, ictimai əsaslarla orkestrlər yaratmaq, tədbirlər keçirmək Məmməd Məmmədovun gündəlik həyatının mənəvi tələbatına çevrilir.

Musiqiyə olan sonsuz həvəsi gənc Məmmədi Bakı şəhərinə – Musiqi Texnikumuna aparır. Məmməd Məmmədov bu illəri belə xatrılayırdı: “Böyük həvəslə gəlmişdim Bakıya, geniş yaradıcılıq arzularım var idi. Lakin birinci kursda oxuduğum dövrdə bərk xəstələndim. Musiqi texnikumuna rəhbərlik edən dahi bəstəkarımız Üzeyir Hacıbəyovun qayğısı və köməkliyi ilə xəstəxanaya göndərildim. Üzeyir bəy xəstəxanaya mənim yanıma gəldi, səhhətimlə, dolanışığımla maraqlandı, mənə maddi, mənəvi cəhətdən arxa oldu, atalıq etdi. Xəstəliyimdən xəbər tutan atam Qəzənfər kişi Bakıya gəlir. Üzeyir bəy təkidlə atamın cibinə pul qoyur və işçilərinə tapşırır ki, atamı xəstəxanaya mənim yanıma aparsınlar. Kaş Üzeyir bəydən çox olardı, onda heç bir dərdimiz də olmazdı. Səhhətim ilə əlaqədar təhsilim yarımçıq qalırdı. Atamla Naxçıvana qayıtdım.”

Bakıda görkəmli sənətkarlarlardan, böyük musiqi aləmindən ayrılıb Naxçıvana qayıdan Məmməd öz üzərində səylə çalışır, ifaçı kimi çıxışlar edir, nəfəsli alətlər üçün kiçik pyeslər, marşlar, xor üçün kütləvi mahnılar bəstələyir. Muxtar Respublikanın mədəni həyatında fəal iştirak edir. Bu illər, gənc Məmmədi bir bəstəkar kimi daha da şöhrətləndirir. Muxtar Respublikanın rəhbərliyi gənc bəstəkara Bakı şəhərində keçiriləcək mühüm, respublika səviyyəli bir tədbirin – idman bayramının musiqisini yazmağı sifariş edir.

1940-cı ildə Bakı şəhərində idman bayramı keçirilir. Naxçıvnın 350 nəfər idmançısı Azərbaycanımızın paytaxtında şən musiqi təranələri altında öz istedadlarını nümayiş etdirirdilər. Həmin şən təranələrin müəllifi bəstəkar Məmməd Məmmədov, dirijoru isə zəmanəmizin əfsanəsi Niyazi idi. Niyazi kimi dahi bir sənətkarın əsərə dirijorluq etməsi, artıq Məmməd Məmmədovun gələcək, uğurlu yaradıcılığından xəbər verirdi.

Bir il sonra müharibə başlayır. Çoxları kimi Məmməd Məmmədov da Vətəni qorumaq üçün cəbhəyə yollanır. Doğma elindən, obasından uzaqlarda da sevimli truba alətindən ayrılmır, Azərbaycan xalq mahnı və rəqslərini ifa edərək həmyerlilərinin könlünü oxşayır, onlara şəhərlərini, kəndlərini, əzizlərini xatırladır, qələbəyə ruhlandırırdı.

Məmməd Məmmədovun doğma qardaşı AMEA-nın eks-prezidenti akademik Fərəməz Maqsudovun xatirələrindən:

         –  “Qardaşım Məmməd böyük bəstəkarlar Fikrət Əmirov, Cahangir Cahangirovla bir sinifdə oxuyurdu. Bəlkə də onlar səviyyəsində bir bəstəkar olacaqdı. Məmmədin böyük bir  bəstəkar kimi formalaşmasında ən böyük maneə müharibə oldu. Kiyev altında onların diviziyası mühasirəyə düşdü. Bir qrup döyüşçü yoldaşları ilə mühasirəni yarıb Stalinqrad cəbhəsinə – döyüşlərin ən qızğın nöqtəsinə yollandı. Müharibəni döyüşə-döyüşə başa vurdu, orden-medallara sahib oldu. Ancaq döyüşlər qurtarandan sonra “bütün yaxşı işlərinə görə” ondan cavab tələb etdilər; Kiyev altında əsir düşmüş bir döyüşçü yoldaşı dindirilərkən onun adını çəkmiş, bir yerdə əsir düşdüklərini demişdir. Onu çağırıb təhqir etmiş, Vətənə xəyanətdə təqsirləndirmişlər, millətini təhqir etmişlər. O isə özünün təhqirə dözəcəyini, millətini təhqir etməklərinə dözməyəcəyini deyərək stulu müstəntiqin başına vurmuşdur. Beləliklə, yalnız 1954-cü ildə - Stalinin ölümündən sonra onun da günahsız yerə 9 il Həştərxan düşərgəsində yatdığı məlum oldu. Özündən artıq sevdiyi ailəsini təhlükəyə düçar etməmək üçün bu 9 ildə evə məktub yazmamış, öz halından xəbər verməmişdir. Soyadını da dəyişərək Maqsudov əvəzinə Məmmədov yazdırmışdı.

Yadıma gəlir: – 70-ci illərin sonunda Mərkəzi Televiziya tez-tez reportaj verərək, onların çoxsəsli xor kollektivlərini təbliğ edirdilər. Halbuki Məmməd müəllim bundan xeyli əvvəl 50-60-cı illərdə hər il keçirilən “Məhsul”, “Mahnı və çiçək” bayramlarında 1000 nəfər uşaqdan ibarət birləşmiş xor təşkil edirdi və bu böyük kollektivi zərgər dəqiqliyi ilə idarə edirdi.

O, böyük musiqi kollektivlərinin təşkilatçısı, musiqi təbliğatçısı idi. Muxtar respublikanın indiki nəslinin musiqi zövqünün inkişafında Məmməd Məmmədovun rolu əvəzedilməzdir”.

Bəstəkar Məmməd Məmmədov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi ilə gənc yaşlarından ömrünün sonunadək yaradıcılıq əlaqəsi saxlamış, 30-dan artıq müxtəlif janrlarda yazılmış tamaşalara musiqi bəstələmiş və bir çox əsərlərə musiqi tərtibatı vermişdir.

H.Cavidin “Səyavuş”, M.F.Axundovun “Lənkəran xanın vəziri”, B.Vahabzadənin “Ədalət”, Lone de Veqanın “Sevilya ulduzu”, A.Qlobanın “Dağılmış piyalə”, K.Qoldoninin “Mehmanxana sahibəsi”, H.Razinin “Arxalı dağlar”, Ə.Yusiflinin “Vicdan əzabı”, Ə.Qənbərovun “İlan yuvasında fırtına”, H.Arzulunun “İnam” və bir çox başqa tamaşalara yaddaqalan, orijinal musiqilər bəstələmişdir.

Bəstəkarın “Gənclik mahnısı” (sözləri Hüseyn Razinindir), “Dostluq mahnısı”, “Azərbycanım”, “Ana vətən” (sözləri Müzəffər Nəsirlinindir), “Olaydım mən”, “Nəğmə çalır ürəyim” (sözləri Kəmalə Ağayevanındır) mahnıları Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşr olunan “Naxçıvan təranələri” adlı məcmuəyə daxil edilmişdir. Nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün “Kiçik prelüdiyalar”, klarnet və fortepiano üçün “Miniatürlər”, “Qaytağı”, truba və fortepiano üçün “Vals”, “Lirik rəqs”, səs və fortepiano üçün mahnı və romanslar bəstəkarın yüksək sənətkarlıqla yazdığı əsərlərdəndir. Dahi dramaturq, şair Hüseyn Cavidin cənazəsinin doğma şəhərinə – Naxçıvana gətirilməsi mərasimi Məmməd Məmmədovun fortepiano üçün yazdığı “Marş” əsərində həm böyük sevinc, həm də kədər hisslərilə əks olunmuşdur. Məmməd Məmmədovun mahnılarının bir qismi “Bəstəkar Məmməd Məmmədov” adlı kitaba daxil edilmişdir.

Məmməd Məmmədov Naxçıvanda bir çox dövlət tədbirlərinin bədii rəhbəri, eyni zamanda bəstəkar, dirijor, xormeystr kimi iştirakçısı olmuşdur. Bu tədbirlər dəfələrlə Bakı şəhərində musiqisevərlər tərəfindən alqışlarla qarşılanmış, yüksək qiymətləndirilmişdir.

Məmməd Məmmədovun Naxçıvan bölgəsində çoxsəsli xor sənətinin və kollektivlərinin, nəfəsli alətlər orkestrlərinin yaradılmasında, musiqi məktəblərində truba, akkardeon siniflərinin açılmasında, bəstəkarlıq, dirijorluq sənətinin inkişafında, təbliğində, gənc musiqiçi nəslinin yetişdirilməsində, eyni zamanda musiqisevərlərin musiqi zövqünün formalaşmasında xidmətləri əvəzedilməzdir.

Məmməd müəllimin çoxsahəli yaradıcı fəaliyyəti bir çox fəxri fərmanlarla, diplomlarla, orden və medallarla, “Naxçıvan MSSR-in Əməkdar müəllimi” kimi fəxri adla qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası incəsənət xadimlərinin müraciəti əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 1990-cı ildə Naxçıvan 1 nömrəli uşaq musiqi məktəbinə Məmməd Məmmədovun adı verilmişdir. Yaxşı yadımdadır, bu məsələ ilə bağlı rəhbərliyə ünvanlanan məktuba hə bir incəsənət xadimi məmnunuqla imza atırdı və Məmməd müəllim haqqında xoş sözlər söyləyərək bu təşəbbüsü alqışlayırdılar.

Bu gün Məmməd müəllimin tələbələri, tələbələrinin şagirdləri Məmməd Məmmədov adına 1 nömrəli uşaq musiqi məktəbində görkəmli pedaqoqun – müəllimlərinin ənənələrini yaşadır, gənc musiqiçilər yetirirlər.

Fərəhli haldır ki, həyatını, ömrünü Naxçıvan musiqi mədəniyyətinin inkişafına həsr etmiş sənətkarın fəaliyyəti unudulmur, dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov görkəmli musiqiçi, bəstəkar, dirijor, xormeystr, pedaqoq, ictimai xadim Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Onu da qeyd edək ki, bu tədbir indiyədək keçirilən bir çox tədbirlərin davamıdır. Bəstəkarlar Məmməd Nəsirbəyovun, Nəriman Məmmədovun, Ərtoğrol Cavidin, Tofik Bakıxanovun və bir sıra incəsənət xadimlərinin yubileylərinin keçirilməsi Naxçıvanda mədəniyyətimizə xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Görkəmli bəstəkarlar Tofiq Quliyev, Süleyman Ələsgərov, Arif Məlikov “Bəstəkar Məmməd Məmmədov” adlı kitabda, eləcə də haqqında çəkilən sənədli filmdə öz ürək sözlərini bildirərək tanınmış bəstəkarın yaradıcılığını yüksək qiymətləndirmişlər.

Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın ifasında səslənən “Azərbaycanım”, Əməkdar artist Yaşar Səfərovun və “Qaya” vokal-instrumental ansamblının ifalarında səslənən “Naxçıvan” mahnıları, habelə Hüseyn Razinin sözlərinə bəstələdiyi “Naxçıvan” mahnısı “Qaya” vokal instrumental ansamblının ifasında konsert proqramına daxil edilirdi.

Yəqin ki, musiqi tədqiqatçılarımızın əsərlərində Məmməd Məmmədovun həyat və yaradıcılığı bundan sonra daha əhatəli tədqiq ediləcək, bir çox görkəmli sənətkarlarımız onun əsərlərinə yenidən müraciət edəcəklər.

 Nazim Paşa QULİYEV

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR