24 Sentyabr 2020, Cümə axşamı

Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev möhtəşəm fəaliyyəti boyunca bütün digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olmuş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir. Bununla yanaşı, ulu öndər müxtəlif məruzə və çıxışlarında ədəbiyyatımızın ayrı-ayrı nümayəndələri, yaradıcılıq problemləri barədə yüksək səviyyədə söz açmış, qiymətli fikirlər söyləmişdir. Başqa sözlə deyilsə, bu sahədə də böyük dahinin zəngin, dolğun nəzəri irsi ilə çoxsaylı fəaliyyəti bir-birini üzvi şəkildə tamamlayır.

"Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın inkişafında çox böyük rol oynayıbdır", - deyən görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə bütövlükdə xalq sənətinə, adət-ənənələrə, etnoqrafiyaya böyük məhəbbəti fonunda şifahi söz sənətimizin ayrı-ayrı nümunələri barədəki qiymətli fikirləri, folklorun toplanılması, nəşri, tədqiqi, gələcək nəsillərə çatdırılması yönündə həyata keçirdiyi çoxşaxəli tədbirlər xüsusi dəyərə malikdir. Hələ yetmişinci illərdə Azərbaycan radio və televiziyasında «Bulaq», “Ozan” kimi verilişlərin araya-ərsəyə gəlməsi, folklor festivallarının keçirilməsi, “Dədə Qorqud” filminin çəkilişi,  Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Pəri Məclisi”, “İrs”, “Yallı” kimi ifaçılıq kollektivlərinin təşkili, folklorla bağlıtədqiqatlara, nəşrlərə geniş rəvac verilməsi və s. ulu öndərin yaratdığı münbit şəraitdə və onun ideyaları əsasında gerçəkləşmişdi.

“Kitabi-Dədə Qorqud”un 1300, Aşıq Ələsgərin 150 (1972-ci il) və 180 (2001-ci il), Aşıq Alının 180 illik (1981) yubileylərinin yüksək səviyyədə qeyd olunması, əsərlərinin nəşri, tədqiqi, bir sıra müasir aşıqlara fəxri adların verilməsi və s. sahədə görülən işlər də ümummilli  liderimizin bilavasitə rəhbərliyi və himayəsi ilə həyata keçirilmişdir. Azərbaycan MEA-nın tərkibində ayrıca Folklor İnstitutunun yaradılması (2003), Milli Məclis tərəfindən «Folklor haqqında qanun»un qəbulu və ulu öndər tərəfindən təsdiqlənməsi faktı da folklor mədəniyyətinə dövlət səviyyəsində qayğının parlaq təzahürləri sırasındadır. Milli bayramların, o cümlədən Novruzun əsl xalq təntənəsi kimi qeyd olunması da məhz Heydər Əliyev himayəsində reallaşmışdır. Ümummilli liderimizin folklor nümunələri, o cümlədən “Kitabi-Dədə Qorqud” barədəki qiymətli fikirləri də bu baxımdan xatırladılmalıdır.

Ulu öndərin 20 aprel 1997-ci il tarixli Fərmanı əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilmiş, res­pub­likamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunmuşdur. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə idi.  2000-ci ildə  ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nın nəşri də bu baxımdan böyük önəm daşıyır. Elə həmin il dastanın 1300 illiyi ilə əlaqədar Bakıda möhtəşəm zirvə tədbiri keçirilmişdir. Ulu öndər dastanı yüksək qiymətləndirərək demişdir: “Kitabi-Dədə Qorqud” Azər­baycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olun­muş­dur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir”.  

Ümummili lider Heydər Əliyev və klassik ədəbiyyat məsələsi də xüsusi diqqəti çəkir. “Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın inkişafında çox böyük rol oynayıbdır”, - deyən görkəmli dövlət xadimi Heydər Əliyev klassik ədəbiyyata yalnız bədii mədəniyyət faktoru kimi yanaşmamış, tariximizin qədimliyinin, möhtəşəmliyinin ifadəsi baxımından da yüksək qiymət vermişdir. Müdrik dahinin N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, M.Şəhriyar və s. görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri istiqamətində gördüyü çoxşaxəli işlər böyük dəyərə malikdir. Hələ ötən əsrin 70-ci illərində, Azərbaycanın SSRİ tərkibində olduğu vaxtlarda dilimizə dövlət dili statusu verən ayrıca maddəni Konstitusiyaya salmaq, Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində keçirilməsinə nail olmaq, Nizami irsinin tədqiqi, nəşri və təbliği işini əsaslı şəkildə yaxşılaşdırmaq üçün dövlət səviyyəsində ayrıca qərar qəbul etmək, böyük ədibin qeyri-standart 840 illik yubileyini o zamankı Sovetlər Birliyi miqyasında keçirmək, Füzulinin 500 illiyi ilə əlaqədar Tehran, Təbriz, Ankara, İstanbul, Bağdad, Kərkük, Paris, Moskva, Pekin və s. şəhərlərlə elmi sessiyalar təşkil etmək, Şuşada ermənilərə göz dağı kimi ucalan Vaqif məqbərəsini inşa etdirmək, repressiya qurbanı olmuş H.Cavidin cənazəsinin qalıqlarını Naxçıvana gətirdərək, burada möhtəşəm xatirə kompleksi ucaltmaq və s. məhz ulu öndər dühasının qiymətli bəhrələri, vüsət və əzəmətinin təntənəsi kimi əbədiləşmişdir.

Ümumiyyətlə, «mədəniyyətimizin çoxəsrlik tarixinin bəzəyi» olan böyük klassiklərin ölməz irsinə ulu öndərin ardıcıl diqqət və qayğısı Nizamidən üzü bəri əksər söz ustadlarının sənət dünyasını əhatə etmişdir. Nizami Gəncəvinin irsinin nəşri, tədqiqi və təbliğinin dövlətin mədəni siyasətinin prioritet sahələrindən birinə  çevrilməsi, bu məqsədlə ayrıca qərar qəbul olunması, akademiyanın Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin yaradılması, dahi şairin əsərlərinin müxtəlif dillərə tərcüməsi və nəşri, dünyada tanıtdırılması kimi fundamental məsələlər də məhz ulu öndərin təşəbbüsü və qayğısı ilə gerçəkləşmişdir. Təkcə elə 1985-ci ildə Moskvada Nizaminin beşcildlik əsərlərinin rusca nəşrini xatırlatmaq ulu öndərin gördüyü böyük işlərin miqyasını təsəvvür etməyə imkan verər. Eyni sözləri Nəsimi, Füzuli kimi ustadların irsinə münasibət barədə də demək olar.

Ümummilli liderimizin ədəbiyyatımızı çox dərindən mütailə etməsi, məruzə və çıxışlarında yeri gəldikcə ədəbi materiallardan da nümunə gətirməsi, söz sənətimizin əsas mərhələ, problem və şəxsiyyətlərinə mükəmməl bələdliyi barədə də çoxsaylı faktlar bəllidir. Sənətkarların yaradıcılığına qiymət verərkən öz dövrlərinin, yaşadıqları cəmiyyətin reallıqlarını nəzərə almağın vacibliyi, yaxud müasir nəsillərin keçmişə məhəbbət ruhunda tərbiyəsində tarixi mövzuda yazılan əsərlərin üstün imkanları, ədəbiyyat və xalq taleyi, ənənə və novatorluq, zəngin ədəbi irsimizin dünya mədəniyyəti kontekstində dəyərləndirilməsi kimi ciddi məsələlərə Heydər Əliyev baxışı mükəmməl bir konsepsiya təşkil edir.

Bütün bunlar isə müdrik dahinin həm fəaliyyəti, həm də ideyaları, fikirləri ilə ədəbi inkişafa böyük töhfələr verdiyini əyani şəkildə təsdiqləyir. Klassiklərin yubileylərində şəxsən iştirak etmək və dərin mənalı məruzələr etmək, bu məruzələrdə ədəbiyyat və mədəniyyətimizin fundamental problem və şəxsiyyətlərinə aydın, yetkin elmi qiymət vermək də dahi rəhbərin mədəniyyət siyasətinin tərkib hissəsi kimi diqqətəlayiqdir. M.P.Vaqif, M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə və s. dahilərin şəxsiyyəti, fəaliyyəti və ədəbi irsi ən dəqiq qiymətini Heydər Əliyevdən almışdır.

Təkcə elə N.Nərimanov üzərindən «kölgələrin» götürülməsi üçün ulu öndərin hələ yetmişinci illərdəki böyük fəaliyyətini xatırlatmaq kifayətdir. Mirzə Cəlil irsi və müasirlik, dövlətçilik, milli-mənəvi intibah, “Ölülər”in yeni təfəkkür işığında dəyərləndirilməsi barədəki təhlillər də bu baxımdan  oxucuya maraqlı və qiymtəli informasiya verir. Ustad H.Cavidin “Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin ki, Şekspirdən də yüksək səviyyəyə qalxdığını” vurğulayan ulu öndər onu alman ədibi İ.V.Höte ilə müqayisəni daha düzgün saymış, belə qiymətli ədəbi irsi dünyada tanıtdırmağın vacibliyinə diqqət çəkmişdir. 1990-cı ildə Moskvadan Naxçıvana dönən ümummilli lider elə ilk gün Cavidin məzarını ziyarət etmişdi.

Bu kimi faktlar müdrik rəhbərin sənətə, sənətkara dərin ehtiramının ifadəsidir. Böyük Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi, həm ədəbiyyat, mətbuat, həm də musiqi sahəsindəki fəaliyyətinə ulu öndərin yüksək və obyektiv qiymət verməsi də diqqətəlayiqdir. Klassiklərə ulu öndərin münasibəti, onların irsini elmi-ideoloji obyektivliklə qiymətləndirməsi bir çox hallarda həmin sənətkarların yaradıcılığını və şəxsiyyətini əsassız yanaşmalardan, birtərəfli mülahizələrdən də qorumuşdur.

Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatla yanaşı, müasir ədəbi prosesə də daima diqqət yetirmiş, müxtəlif nəsillərə məxsus sənətkarların əsərlərini mütailə etmiş, dəyərləndirmiş, çağdaş ədəbi mühitin müxtəlif problemlərinə həssas, obyektiv münasibət bildirmiş, istedadlı qələm sahiblərini ardıcıl müdafiə etmiş, onların inkişafı qayğısına qalmış, ədəbi mətbuat orqanlarının şəbəkəsini genişləndirmiş, maddi-texniki bazasını möhkəmləndirmiş, görkəmli şair və yazıçıların yubileylərini dövlət səviyyəsində qeyd etmiş, onların əməyini yüksək qiymətləndirmişdir. Azərbaycan yazıçılarının 5-ci, 6-cı, 7-ci, 10-cu qurultaylarında iştirak və məruzə edən dahi rəhbər ədəbi fakt və hadisələrə özünəməxsus yüksək erudisiya və professionallıqla yanaşaraq mühüm dəyərləndirmə və ümumiləşdirmələr aparmış, bu sahədə də mötəbər söz demişdir. S.Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi görkəmli ədiblərin 1970-80-cı illərdə o zamankı Sovetlər Birliyinin ən yüksək fəxri adlarına layiq görülməsi, müstəqillik dövründə şair və yazıçılara verilən fəxri adlar, Prezident mükafatları və təqaüdləri də ədəbiyyatımızın inkişafına qayğının böyük nümunələri sarasındadır. Dahi rəhbər müasiri olan istedadlı ədiblərin yubileylərinin keçirilməsi, əməyinin qiymətləndirilməsi işini də daim diqqət mərkəzində saxlamışdır. Müasir ədəbi dilin saflığının qorunması, dünya klassikasının qiymətli nümunələrinin dilimizə tərcüməsi, ədəbi mətbuata qayğı, xüsusən 1990-cı illərin çətin şəraitində onların dövlət büdcəsindən maliyyələşdirilməsinin təmin olunması və s. məsələlər də bu baxımdan diqqətəlayiqdir.

          Ümumiyyətlə, “milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir” – deyən dahi rəhbər Heydər Əliyevin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı son dərəcə mühüm dəyərə malikdir.

          Bu gün müstəqil Azərbaycanda ümmummilli liderimiz Heydər Əliyevin siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən bütün sahələrdə, o cümlədən ədəbiyyat sahəsində də uğurla davam etdirilir. Azərbaycanın ayrılmaz tərkib hissəsi  olan Naxçıvan Muxtar Respublikasında da bütün digər sahələrlə yanaşı, ədəbiyyata, ədəbi mühitə də böyük qayğı və diqqətin göstərilməsi istiqamətində hərtərəfli tədbirlər həyata keşirilir. Ədəbiyyat nümayəndələrinin əməyinin layiqincə qiymətləndirilməsi, ədəbi inkişaf üçün hər cür şəraitin yaradılması, fəaliyyət göstərən nəşriyyatlar, elmi-ədəbi mətbuat orqanları, şair və yazıçıların, o cümlədən gənc istedadların əsərlərinin dövlət hesabına nəşri, çap olunan almanaxlar bu baxımdan xüsusi qeyd olunmalıdır. Bütün bunlar isə ümmummilli liderimiz Heydər Əliyevin möhtəşəm siyasi kursunun və mükəmməl təliminin əbədiyaşar qüdrətinin təntənəsidir.

 

                            HÜSEYN  HƏŞİMLİ

      filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR