13 Avqust 2020, Cümə axşamı

İnanclar sınamalar nəticəsində formalaşır və qətiləşir. İstər inamların, istərsə də inancların ortaq nöqtəsi məhz sınamalar nəticəsində olur. İnamlarda sınamalar hər zaman əsas şərtə çevrilməsə də, inanclarda bu məsələ yalnız inamla əlaqəlidir.

Uşağın dünyaya gəlməsindən bir neçə gün sonra icra edilən “göbəkbasdırma”, “göbəkkəsmə” deyilən mərasiminə nəzər salaq. İnanclarda göbəkbasdırma valideynlərin arzusu, əhdi kimi gerçəkləşir. Göbəkbasdırmada bir gəncin yetkinlik yaşında həyatını bir peşə ilə həmişəlik bağlamaq hadisəsi şərtlənir. Əslində, strukturda elə bir fərq yoxdur. Başqa mənada yanaşsaq, göbəkkəsmə, göbəkbasdırma adlarındakı “kəsmə”, “basdırma” sözlərində semantik yaxınlıq da tapa bilərik. Burada kəsmə də, basdırma da bir-birinə bağlamaq mənalarını ifadə edir. Məhz elə Naxçıvanda da uşağın göbəyinin basdırıldığı yerlə onun gələcək peşəsi arasında əlaqə olduğuna inanılır. Hazırda da türk xalqlarında bu inanc geniş yayılıb. Uşaqla bağlı torpağa basdırılmanın müxtəlif formaları vardır.
Naxçıvanda vaxtilə belə bir inanc var idi ki, qırxlı uşağı tək qoymazlar. Yoxsa cin onu öz uşağı ilə dəyişər. Əgər cin onu dəyişdirsə, uşağı altı qəbirdən keçirdərlər, yeddincidə bədəninin yarısından basdırar, sakitləşəcəyini gözləyərdilər. İnancda ağlamaq torpağın uşağa münasibətinin göstəricisi kimi üzə çıxır. İnanardılar ki, torpaq valideynlərin arzusunu qəbul edərək ona şəfa verib, onu əvvəlki halından yeni halına gətirib. Yəni uşaq yeni həyatına yer (torpaq) ana onu “dünyaya gətirəndən” sonra başlayıb.
Uşaqla bağlı inamlar onun həyatının müxtəlif dövrlərini əhatə etməklə bir sistem yaradır. Bunlara nəzər salaq:
– Doğulacaq uşaqla bağlı: – Altaylarda gəlin yuxuda bıçaq, silah görərsə uşağın oğlan olacağına inanılır. Həmçinin hamilə qadın yuxuda ilan görsə oğlu, çiçək görsə qızı olar. Türkiyənin Anadolu vilayətində qadının yuxuda gördüyü qırmızı gül oğlan, sarı gül qız kimi yozulur. Naxçıvanda isə “uşaq qadının sağ böyrü tərəfində daha çox yerləşmiş olarsa, oğlan, sol böyründə olarsa, qızdır” inancı mövcuddur. Təbii ki, bu inamlar gerçəkləşdiyi təqdirdə inanca çevrilir. Bu mətnlərdə bütün elementlərin doğuluşla bağlılığı xüsusi funksiyadır. Onları fərqləndirən oğlan-qız qütbləri ilə işarələndirilməsidir. Düşüncədə bıçaq, silah, ilan, qırmızı gül, sağ böyür kişi başlanğıcı, çiçək, sarı gül, sol böyür qadın başlanğıcı ilə əlaqələndirilir. Sağın kişi, solun qadınla işarələnməsi mühafizəkar ənənədir. Evlərdə sol tərəf qadınlara, sağ tərəf ­kişilərə aid edilir. Qadın evin sol əli, kişi sağ əli hesab olunub.
– Vaxtla bağlı: – Naxçıvanda deyilir ki, gündüz doğulan uşağın ayağı ağır, gecə doğulanın əli yüngül olar. Göründüyü kimi, xoşbəxtlik-bədbəxtlik, uğur-uğursuzluq kimi paralellər düşüncədə doğum zamanı müxtəlif elementlərlə işarələnir. Bu işarələr inanclarda mühüm şərt olaraq qəbul edilir.
– Qırxlı uşaqla bağlı: – Bu müddət qırx günlə müəyyənləşən mərhələdir. Naxçıvanda inanılır ki, qırxlı uşağın üstünə dua gətirməzlər (uşaq boğular, qaralar, ölər); əti onun üstünə gətirməzlər (uşaq süst olar); qırxlı uşağı tək qoymazlar, qırxı çıxana qədər başının altına bəyaz, eşiyə çıxanda duz-çörək qoyarlar.
Qırx gün o, ulduz görsə, yuxusu qaçar, axşamçağı bələyərlər ki, yuxusu qaçmasın. Axşam astanadan keçirməzlər ki, bizdən yeylər toxunmasın. Nəzər dəyməmək üçün yanına dovşan tükü, dağdağan, üzərlik, sarımsaq, iynə, çörək qoyarlar. Uşağın paltarına tikilən dağdağanı qışın çilləsində qırmaq lazımdır, başqa vaxt qırılsa, təsiri olmaz.
Bu qırx gün sanksiyalaşdırılmış müddət kimi düşüncədə yaşayır. Bu müddət parçalar, hissələr kimi yox, vahid, bütöv, tam müddət olaraq düşünülür. Ona görə də körpə bu müddətdə “qırxlı uşaq” adlanır. Bu müddət başa çatandan sonra uşağı qırxdan çıxarırlar. Bunun üçün onu uzadırlar qara parçanın üstünə, başına qırx üskük su tökürlər. Qırx gün ənənədəki qayda-qanunları özündə cəmləşdirən, onları qoruyan, hifz edən mühafizəkar bir sistemdir. Bu sistemdə uşağın üstünə dua, ya ət gətirməmək inanclarında eyni semantik mahiyyət var. İnanc üçün bu mahiyyətdə dua ilə ətin fərqi yoxdur. Bu mahiyyətin mənası da, ömrü də həmin qırx günlə şərtlənir. Qırx gündən sonra ət başqa, dua başqa mahiyyət daşıyacaq.
Yuxunun qaçması, bizdən yeylərin toxunması da bu sistemdə axşamla (ulduzla, astananın axşamla bağlılığı) əlaqələnir və çox əski bir görüşdən qaynaqlanır. Dovşan tükü, dağdağan, üzərlik, sarımsaq, iynə, çörək kimi sadalanan elementlər qırxlı uşaq olan evdə qoruyuculuq statusuna malik olur. Bütün bunlar ritual-mifoloji situasiyanın mahiyyətini təşkil edir.
Uşağı qırxdan çıxardıqdan sonra statusdəyişmə baş verir. Bu, qırxlı uşaq adından uşaq adına keçilməsidir. Əslində, bu, yeni mərhələdir, burda yeni elementlər funksionallaşır.
– Uşağın ağzından axan su ilə bağlı: – Naxçıvanda deyirlər ki, uşağın ağzının suyu tez-tez axanda dayısının corabı ilə silərlər ki, kəssin. Ancaq bunu çox eləməzlər, deyərlər, onda dayının ömrü azalar. Mətndə bir-biri ilə əlaqəli uşaq və onun dayısı çox dərin qatda iki qütb təşkil edir. Bir qütbün (uşağın) əlacı ikinci qütbdədir (dayıdadır). Bu halda xəbəri olmadan belə, birinci qütb ikinci qütbə zərər vura bilər. Bu hal element olaraq corabın rolunu qabarıqlaşdırır. Uşağa yaxşılıq, dayısına yamanlıq məhz bu elementlə bağlıdır.
– Boş beşiklə bağlı: – Naxçıvanda boş beşiyin yırğalanması ilə uşağın xəstələnəcəyinə inanılır. Bu inanc qədim diyarımızda və Türkiyənin Anadolu vilayətində hələ də yaşayır.
– Dişlə bağlı: – “Uşaq dişini dəyişəndə düşən süd dişini qoz qabığının arasına qoyub sonra verərlər özünə ki, aparsın ətrafdakı ən uzunömürlü adamın evinin damına atsın. Atan zaman belə desin:
Qollu-budaqlı olum,
Mən də onun çağlı olum”
Qənaətimizcə, uşağın düşmüş süd dişi ilə göbəyə münasibət eyni düşüncədən qaynaqlanır. Göbəyin basdırıldığı yerlə uşağın gələcək peşəsi arasında bağlılıq görüldüyü kimi, damına süd dişinin atıldığı adamın ömrü ilə uşağın ömrü arasında eynilik olacağına inanılır.
Ümumiyyətlə, bu tipli inanclarda magik-arxaik təsəvvürlər bəzən üst qatda olur, çox tez görünür. Naxçıvanda inanılır ki, körpə uşağın ovcunu yumazlar, deyərlər ki, uşağın ovcundakı kir onun yuxusudur. Onu da deyirlər ki, təzə anadan olmuş uşağın ağzında dişi varsa, ona qurban kəsmək lazımdır, yoxsa evdəki adamlara xətər dəyər.
Hər bir inancın özü ayrı-ayrılıqda bir mətndir. Bu mətnləri ard-arda, yan-yana düzdükcə semantik məkan ya eninə, ya uzununa davamlı olaraq genişlənir, hadisələr bir-biri ilə əlaqələnir. İnanılır ki, hamilə qadın tez-tez Aya baxanda oğlu olar. Məlumdur ki, Ay, əsasən, kişi başlanğıcı hesab olunur. Deməli, oğlan arzusu kosmoqonik düşüncəni fəallaşdırır. Sonrakı mərhələ sağ-solla işarələndirilir. Türk düşüncəsində sağ kişi ilə, sol qadınla əlaqəlidir. Hamilə qadın ilk olaraq sağ ayağını atırsa, oğlu olacağına inanılır. İnanca görə, hamilə qadın olan evə dovşan gətirməzlər.
Ailədə uşaq tez-tez ölərsə, yeni doğulan oğlan uşağına yeddi yaşına qədər qız paltarı geyindirilər, qız kimi saç hörərdilər. İnama məntiqi cəhətdən yanaşsaq, deməli, ailədə tez-tez oğlan uşaqlarının ölməsinin daha arzulanmaz olduğunu müəyyənləşdirə bilərik. Ona görə də əzrailin ancaq oğlan uşaqlarını öldürdüyünə, doğulan oğlan uşaqlarına qız paltarı geyindirməklə, saç hörməklə isə onun zənninin azdırılmasına inanılardı.
Nümunələrdən göründüyü kimi, istər inamlar, istərsə də inanclar bəzi hallarda yasaqlarla nəticələnir. Beləliklə, biz fərq etmədən özümüzə yasaq, qadağa qoymuş hesab edirik. Ancaq Naxçıvan folklor mətnlərinin zənginliyi, çoxvariantlılığı bölgələr üzrə müxtəlif adət-ənənələrdən xəbər verir. Buna baxmayaraq, inamlar sınanılır, öz təsdiqini tapdığı təqdirdə inanc olaraq yaşadılır.

Əkrəm HÜSEYNZADƏ
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR