19 Sentyabr 2020, Şənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının onlayn konserti olub. Konsert proqramında xalq mahnıları və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, xormeysteri İlhamə Şirəliyevadır.

Qeyd edək ki, 1959-cu ilin sentyabrında Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı kimi fəaliyyətə başlayaraq Azərbaycanın bütün bölgələrində, Orta Asiya və Qafqaz ölkələrində qastrol çıxışları ilə dinləyicilərin rəğbətini qazanan kollektiv muxtar respublikada gənc musiqiçi kadrların yetişməsində də əvəzsiz rol oynayıb. Ansambl ətrafına topladığı istedadlı musiqiçilərin uğurlu fəaliyyəti nəticəsində kifayət qədər böyüyüb, professional ifaçılıq qabiliyyətinə görə mükəmməl kollektivə çevrilib. 1983-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılıb. Ötən il ansamblın yaradılmasının 60 illiyi qeyd olunub.

Onlayn konsertdə filarmoniyanın solistlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov “Gül açdı” xalq mahnısını, “Heyratı” ritmik muğamını (Nərmin Hüseynova ilə birlikdə), Ruhiyyə Hüseynova və Bəhruz Quliyev Ramiz Mirişlinin “Səadət”mahnısını, müğənnilərdən Cəfər Tağıyev “Dilkəş” təsnifini, Samiddin Vəliyev “Tel oynasın” xalq mahnısını, Hüseyn Qasımov Emin Sabitoğlunun “Heç xəbərin yoxdur sənin”, Nərmin Hüseynova Tahir Əkbərin “Gülüb getdi”, Məhərrəm Quliyev Səid Rüstəmovun “Gəl-gəl, maralım” mahnılarını ifa ediblər.
Konsert proqramında Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Əliyeva “Yüzbiri” xalq rəqsini, ansamblın qızlardan ibarət rəqs qrupu isə Cahangir Cahangirovun “İncəlik” rəqslərini izləyicilərə təqdim ediblər.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının “Gənclik” rəqsi ilə başa çatan onlayn konsert, təqribən bir saata yaxın davam edib. Konsert proqramı da digər onlayn mədəniyyət tədbirləri kimi Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR