19 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 28 yanvar tarixli Sərəncamının icrası istiqamətində görülən tədbirlər çərçivəsində “Məmməd Məmmədov – 100” adlı kitab nəşr olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan yeni nəşrin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova, rəyçisi Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.

Kitabın ilk səhifəsində “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam və sərəncama əsasən təsdiq edilən Tədbirlər Planı yer alıb. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yazdığı “Sənətə həsr edilmiş ömür” sərlövhəli ön sözdə bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salınır. Məqalədə Məmməd Məmmədovun təhsil illəri, odlu-alovlu müharibə günləri və sonrakı dövrdə onun Naxçıvan musiqisinin inkişafında göstərdiyi xidmətləri geniş şəkildə oxucuya çatdırılır.
Kitabda bəstəkarın “Ana Vətən”, “Azərbaycanım”, “Gənclik mahnısı”, “Dostluq mahnısı”, “Güllər açarkən”, “Nəğmə çalır ürəyim”, “Olaydım mən”, “Yar gəlmədin” “Marş” adlı əsərləri, Hüseyn Cavidin “Şeyda” faciəsinə, Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasına, Əliyar Yusiflinin “Siz xoşbəxt yaşayın” pyesinə yazılmış musiqi parçaları və həmçinin müxtəlif dövrlərə aid fotoşəkillər yer alıb.
Qeyd edək ki, kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla nəşr edilib. Bu nəşrdə bəstəkar haqqında təqdim edilən məlumatlar, eləcə də fotolar həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün zəngin məlumat mənbəyi rolunu oynayacaq.

 Pərviz HACILI

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR