20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İrs “İstedadlı rəssamlar sorağında” adlı sərgi-müsabiqə keçirilib.
Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb, sərgidə nümayiş olunan əsərlərin məna və məzmun baxımından fərqləndiyini qeyd edib. Bildirilib ki, muxtar respublikamızda istedadlı uşaqların, yeniyetmələrin, gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yetişməkdə olan nəslin təsviri sənətə olan marağının artırılması məqsədilə ənənəvi olaraq sərgi-müsabiqələr təşkil edilir. Qeyd olunub ki, rəsm sərgisində muxtar respublikamızın ümumtəhsil, eləcə də məktəbdənkənar təhsil müəssisələrində oxuyan şagirdlərin əl işləri sərgilənir. Onların yağlı boya, qara qələm, sərbəst texnika ilə çəkdikləri portret, mənzərə, natürmort, süjetli kompozisiyalar ümidvericidir.

Ülviyyə Həmzəyeva çıxışının sonunda müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, rəsm həvəskarlarına uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov çıxış edərək muxtar respublikamızda uşaqların, gənc­lərin rəssamlıq sənətinə böyük maraq göstərmələrindən danışıb.
Əl işlərinə görə fərqlənənlərə diplomların təqdimindən sonra rəsm həvəskarları üçün qısa film nümayiş edilib, sərgiyə baxış olub. Cabbar Əliyevin “Naxçıvanımız”, Nilufər Quluzadənin “Sehrli qız”, Murad Qasımlının “Şəhid anası”, Şənay Zamanlının “Musiqi alətləri”, Şəhla Babayevanın “Fənər”, Fidan Quliyevanın “Kompozisiya” kimi rəsm əsərləri maraqla qarşılanıb.
Qeyd edək ki, Sərgi Salonunda 20-dən çox istedadlı şagirdin 100-ə yaxın əl işi nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR