27 Oktyabr 2020, Çərşənbə axşamı


Milli musiqi mədəniyyətimizin formalaşması

Ölməz sənətkar, musiqi mədəniyyətimizin banisi, Şərqdə ilk operanın yaradıcısı və yaşadıcısı, eyni zamanda bir çox ilklərin müəllifi Üzeyir Hacıbəyli zirvəsindən danışmaq istəyirəm. Elə bir zirvə ki musiqi mədəniyyətimizin atası, milli musiqimizin qorunub saxlandığı və mühafizə olunduğu tarixi abidə və olduqca qiymətli mirasdır. Bu mirasda “Leyli və Məcnun” operasına baxmağa gələn onlarla tamaşaçının, “Koroğlu” operasını dillər əzbərinə çevirən sənətşünasların xatirələri var. O sənətşünaslar ki “Arşın mal alan”da ilk səssiz filmin iştirakçısı, “Sənsiz” romansının aşiqi, himnimizin ürəkdən ifaçısı və sair...

Dahi bəstəkar, musiqi mədəniyyətinin yaranması, xalq mahnılarımızın yığılıb bir araya gəlməsi və inkişaf etdirilməsi üçün, demək olar ki, bütün bölgələrimizdə xidmətlər göstərmiş, Naxçıvanda isə, xüsusilə yaradıcı potensiallı insanların mövcudluğunu duymuşdu. Yaxın dostları Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, İsa Musayev bu torpağa xüsusi sevgi duymağına vəsilə olmuşdu. Naxçıvan musiqi və teatr mədəniyyətinə dərindən bələd olan dahi sənətkar burada istedadlı mütəfəkkirlərin, yaradıcı insanların üzə çıxarılmasında əlindən gələni əsirgəməyib. Üzeyir bəy 1937-ci ildən ömrünün sonuna qədər Naxçıvandan seçilən xalq deputatı kimi bu bölgənin əhalisinin bütün problemləri ilə yaxından tanış olub və onların həllinə çalışıb. Bu işlərdən biri də Naxçıvanda musiqi məktəbinin yaradılması təşəbbüsü idi. Bunun nəticəsində Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi sədrinin 23 avqust 1937-ci il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasında musiqi məktəblərinin açılması haqqında qərar imzalanır. Köhnə hərbi hospitalın yerində 1 nömrəli uşaq musiqi məktəbi fəaliyyətə başlayır. Hətta 1937-1938-ci tədris ili üçün Naxçıvan şəhəri və rayonları üzrə kontingent də müəyyən edilir, 5 şöbə fəaliyyət göstərir. Bəstəkarın bura təyin etdiyi Hacı Məmmədovun, Xəlil Cəfərov və Məmməd Cəfərovun musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olmuşdur. Sonralar yaşayıb-yaratmış tanınmış simalarının – Məmməd Məmmədov, Ramiz Mirişli, Əkrəm Məmmədov, Yaşar Səfərov, Nazim Kazımov, Rafail Kərimov kimi musiqiçilərin yetişməsində və onların davamı kimi istedadlı gənclərin üzə çıxmasında, musiqi mədəniyyətimizin əhatə dairəsinin genişləndirilməsində mühüm rol oynayıb. Üzeyir bəydən miras qalan musiqimizin dirçəlməsində xidmətləri olan, musiqi mədəniyyətimizin tədqiqatlarına töhfə sayılan Rafail Kərimovun “Naxçıvan musiqi mədəniyyəti tarixindən” kitabında yer alan sənətkarlardan, Naxçıvanda fəaliyyət göstərən və naxçıvanlı musiqiçilərin bir qismi haqqında məlumat verəcəyəm.

Dillər əzbəri “Barı Naxçıvan” mahnısının müəllifi

Aprelin 25-i 1945-ci il... Böyükbağda teatrsevərlərlə söhbət edən Məmməd Cavadov Naxçıvan haqqında yaxşı bir şeir olsaydı, mahnı bəstələyərdim fikrini irəli sürür. Sənət dostları təəssüf hissi ilə bildirir ki, bunu İslam Səfərlidən başqa kimsə edə bilməz, o da ki, müharibədədir. Təsadüfən gələn gənc ordubadlı şair Hüseyn Əzimi işarə edərək “budur arzuladığın şair də gəldi” deməklərini ciddiyə alan bəstəkar şairlə söhbətləşir və etiraf edir ki, Naxçıvan haqqında gözəl şeir olsa idi, gözəl bir musiqi bəstələyərdi. Hüseyn Əzim də bəstəkarın təklifini, ideyalarını cəmləşdirib 40 dəqiqə içində Naxçıvan haqqında şeiri yazır və bəstəkara təqdim edir. Yarım əsrdən artıq yaşı olan, dillər əzbəri “Barı Naxçıvan” mahnısı, beləcə, yaranır. İlk ifaçısı isə bəstəkarın həyat yoldaşı Zərqələm Cavadova olur. 1945-1946-cı illərdə 1 nömrəli uşaq musiqi məktəbində işlədiyi vaxtlarda Azərbaycan Xalq çalğı alətləri orkestri, Dövlət caz orkestri, Sazçı Qızlar Ansamblının yaradılması görülən xeyirxah işlərdən idi ki, bu da istedadlı musiqiçilərin üzə çıxarılmasında böyük rol oynadı.

Naxçıvanın musiqi mədəniyyəti barədə Zülfüqar
Hacıbəylinin xatirələri

Bəstəkar Zülfüqar Hacıbəyli 1911-ci ildə Naxçıvana gəlir. Bu gəliş Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inkişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmməd Nəsirbəyovun yaradıcılıq həyatına mühüm təsir göstərir. Gələcəyin ilk ali təhsilli musiqiçisi bu dövrdə yetişir. Zülfüqar Hacıbəyli Naxçıvan teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, özünün “50 yaşında cavan” musiqili komediyalarını səhnələşdirərək tamaşaya qoyur. Ötən əsrdə yalnız rus klassiklərinin əsərlərindən səhnəciklər görənlər Azərbaycan sənətkarlarının komediyalarına baxırlar. Bəstəkar “Evliykən subay” operettasını Naxçıvanda yaşayarkən tamamlayır və 1912-ci ilin mart ayında Naxçıvan teatrının səhnəsində bu əsər də böyük coşqu ilə tamaşaçılara təqdim olunur. Mənbələrdə oxuyuruq ki, 1910-cu ilə qədər Azərbaycanın digər bölgələrində qadınları teatrda görmədiyimiz təqdirdə Naxçıvanda təşkil edilmiş teatr salonu həmişə qadınlarla dolu olurdu. Bir haşiyə çıxaq: Arxiv mənbələrində qeyd olunur ki, məşhur müəllim və yazıçı Rəşid bəy Əfəndiyev 1917-ci ilin axırında Naxçıvanda qızlar məktəbinin müdiri vəzifəsində çalışarkən, həmin məktəbin müəlliməsi, qadınların maarifləndirilməsi yolunda var qüvvəsi ilə çalışan Nazlı xanım Nəcəfova Rza Təhmasibin köməkliyi ilə məktəbin qızlardan ibarət dram dərnəyini yaratdı. Bu, Naxçıvan tarixində görünməmiş mədəni inqilab oldu. Xurafat dövründə bu cür addım mədəni mühitimizin inkişafı, yaradıcı qadınların ön plana çıxması demək idi. Naxçıvan dram teatrının aktyorları və qabaqcıl fikirli ziyalılar dram dərnəyinə köməklik göstərir, 1917-ci ilin noyabr ayının 12-də qadınlar üçün “Arşın mal alan” musiqili komediyasının nümayişi təşkil olunur. Zal qadınlarla dolub-daşır. Tamaşada rolları ifa edən xanımlar – Soltan bəy – Süsən Sultanova, Cahan xala – Gövhər Kəngərli, Süleyman – Asiya Məmmədəliyeva, Vəli – Xanım Vəzirova, Gülçöhrə – Dilbər Sultanova, Əsgər – Günəş Kəngərli, Telli – Fatma Şeyxova öz rollarının öhdəsindən məharətlə gəlib, təbii ifaları ilə tamaşaçılar tərəfindən hərarətlə alqışlanırlar.


Gözləri görməyən kor deyil hələ

Sarvanlar məhəlləsinin sakinləri həm dəf, həm də tar alətində ifa edəndə işlərini yarımçıq qoyub onu dinləməyə toplaşardılar. O qədər gözəl, o qədər ürəkdolusu ifa tərzi ilə musiqinin sehrinə düşüb sənət nümunələri səsləndirirdi ki, onu dinləyənlər eşitməkdən yorulmaz, hətta bir gün eşitməyəndə narahat da olardılar. Maraqlısı da o idi ki, fitri istedadlı Səfərin gözləri dünya işığına həsrət qalmışdı. Səfər Rəcəbli qəlbinin gözləri ilə musiqini duyur və hiss edirdi. Onun bu istedadı gələcəkdə bir çox sənətkarlar ordusunun yetişməsi üçün vəsilə olacaqdı. O, bəzən çox hirslənəndə tar ifa edərək hirsini soyudardı. Səfərin həm mənəvi dünyasının, həm də ruhunun qidasını yalnız musiqinin ahəngi düzəldə bilərdi. Rəcəbli 18 yaşından o vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən Pionerlər məktəbində dərs deyir. Məclislərdə, toylarda ifaçılıq onu tanınmış musiqiçilərdən olan Yusif Əliyevlə qarşılaşdırır. Yusif Əliyev gənc Səfəri rəhbərlik etdiyi orkestrə dəvət edir. Səfərin səhnəyə gəlişi, beləcə, başlayır. 1943-1948-ci illərdə Naxçıvan Radio Verilişləri Komitəsinin nəzdində yaradılan Şərq üçlüyü mütəmadi olaraq radio dalğalarında çıxışlar edir. 1946-cı ildə Səfər Rəcəbli və Məmməd Cavadovun təşəbbüsləri ilə ilk Xalq Çalğı Alətləri Orkestri yaradılır. Zərb muğamlarını, rəngləri, xalq mahnı və rəqslərini Səfər Rəcəbli öyrədir. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Görkəmli ustad Səfər Rəcəbli – 100” kitabında qeyd olunur ki, Üzeyir Hacıbəylinin “Fantaziya”ları, “Sevgili canan” və “Sənsiz” romansları, “Bayatı Kürd” rəngləri silsiləsi, zərb muğamları, xalq mahnı və rəqsləri də repertuarına daxil idi. Orkestr 1949-cu ilədək fəaliyyət göstərib. Onun bəstələdiyi “Müəllim”, “A dostlar”, “Cənnət Ordubad”, “Bağçamızda gül varmı?”, “Yarı gördüm öz bağçamda” bu gün bizə çatan dəyərli sənət nümunələridir. O, Nəcəf bəy Vəzirovun “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” tamaşalarına, ümumiyyətlə isə 30-dan çox səhnə əsərinə musiqi tərtibatı verib. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 22 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan MSSR-in Əməkdar artisti” adına layiq görülüb. O, tələbələrindən biri xaric ifa edirdisə kim olduğunu dərhal duya bilirdi. Bunu tələbələri Ramiz Mirişli, Əkrəm Məmmədov, Nəriman Məmmədov, Rəşid Məmmədov xatirələrində vurğulayıb.

Musiqi məktəbləri filiallarının, musiqi məktəbinin
yaradılmasında müstəsna rolu olan tarzən

Tanınmış tarzənlərin yetişməsində müstəsna rol oynayan, ilk dəfə 1964-cü ildən musiqi məktəbinin rayon üzrə filiallarının yaradılması təşəbbüsünü irəli sürən Rəşid Məmmədovdur o. Əvvəlcə məktəbin filiallarını yaradır, sonra isə həmin filialın müstəqil məktəbə çevrilməsinə nail olur. Beləliklə, 1965-ci ildə Ordubad, 1967-ci ildə isə Culfa Rayon Musiqi məktəbləri, 1968-ci ildə Bəhruz Kəngərli adına Şərur Rayon Uşaq İncəsənət Məktəbi, 1969-cu ildə Şahbuz rayon Uşaq Musiqi Məktəbi yaradılır. Naxçıvanda ilk olaraq Səid Rüstəmovun “Tar məktəbi” dərsliyində verilən etüd və qammaları yuxarı sinif şagirdlərinə ifa etdirməyə başlayıb. Bununla yanaşı, “Melodik etüdlər” məcmuəsindən ayrı-ayrı nömrələri tədris proqramına daxil edib. Maraqlı faktlardan biri də o dövrdə ifa edilməyən Qərb və rus bəstəkarlarının əsərlərinin Azərbaycan milli musiqi alətlərində – tar və kamançada ifasına nail olur. Bunlardan Corc Bizenin “Karmen” operasından “Vals”, “Antrakt”, Mixail Qlinkanın “İvan Susanin” operasından “Vals”, Frans Şubertin “ Serenadası”nın ifalarını əlavə edərək uşaqlarda maraqlı rəngarəng musiqi repertuarı formalaşdırmışdır. Naxçıvanda 1 il müddətində fəaliyyət göstərən Xəlil Cəfərov getdikdən sonra orkestrə rəhbərlik edən tarzən ilk olaraq uşaqlara öz partiyalarını köçürməyi təklif edir. Hərə bir not dəftəri alıb klavirdən öz partiyalarını köçürdür. Not yazmaq təcrübəsini burada qazanan uşaqlar klavirlə tanış olur. Tarzənin şagirdlərindən ibarət orkestri 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illiyi münasibətilə keçirilən tədbirdə “Koroğlu” operasının uvertürasını ifa edir. Birinci frazadan sonra Rəşid Məmmədov orkestrı idarə etmək üçün səhnəyə maestro Niyazini dəvət edir. Niyazinin Naxçıvan fəaliyyəti də bu səhnədən başlayır. Ulu öndər Heydər Əliyevin iştirak etdiyi həmin konsertdə Naxçıvanda orta ixtisas (indiki musiqi kolleci) musiqi məktəbinin yaradılmasını təklif edir. 1975-ci ildə indiki Naxçıvan Musiqi Kolleci fəaliyyətə başlayır. Bu addım gələcək musiqiçilərimizin konservatoriya təhsili alması üçün mühüm addım idi. Onun yaradıcılıq illərinə nəzər saldıqda, musiqi mədəniyyətimizdə nə qədər gərəkli işlər gördüyünün şahidi olursan. Bu silsilədən ümummilli lider Heydər Əliyevə, əmək qəhrəmanlarına həsr etdiyi 25-dən artıq mahnı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 19 tamaşaya yazılmış musiqi, iki tar və fortepiano üçün pyes, xor və xalq çalğı alətləri orkestri üçün mahnı, xalq çalğı alətləri ansamblı üçün “Süita” əsərlərini göstərmək olar.

Orta məktəblərdə xor kollektivlərinin yaradıcısı

Akkordeon sinfinin açılmasında, xor kollektivlərinin yaradılmasında və mahnı bayramlarının təşkilində, o vaxtlar keçirilən məhsul bayramlarında özfəaliyyət kollektivlərinin iştirakında belə, onun adını çəkirik: Məmməd Məmmədov. O Məmməd Məmmədov ki turba sənətini Naxçıvanda tanıdanlardan, Azərbaycan xalq çalğı alətləri orkestrinə daxil olmayan turba vasitəsilə Azərbaycan musiqisinin ilk ifaçılarından, Tibb kollecinin qızlarından ibarət nəfəsli alətlər orkestrinin təşkilatçısı və Azərbaycanda keçirilən özfəaliyyət kollektivlərinin baxışlarında dəfələrlə birləşmiş xorlara rəhbərlik edənlərdəndir.
Məmməd Məmmədov Naxçıvan musiqi mədəniyyətində nadir, hətta qənimət bir musiqiçi idi ki, böyük səhnələri məharətlə idarə edirdi. Bunu 70-ci illərdə idman müəllimi işləmiş Tahar Məmmədov xatirələrində qeyd edir: “O vaxtdan 30 il keçməsinə baxmayaraq, yaxşı yadımdadır. O zaman Azərbaycanda keçirilən idman yarışında ümumi orkestrə görkəmli dirijor və bəstəkar Niyazi rəhbərlik edirdi. Onun Məmmədin fəaliyyətindən razı qalması və onun əlini sıxaraq öz təşəkkürünü bildirməsi sanki dünənki söhbətdir”. 1939-cu ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbinin Kornet şöbəsinə daxil olsa da, təhsilini davam etdirə bilmir. İkinci Dünya müharibəsi illərində cəbhəyə yollanır. Müharibədən sonra Həştərxana gedib 33 nömrəli orta məktəbdə musiqi müəllimi işlədikdən bir müddət sonra yenidən Vətənə qayıdır. 100-ə yaxın musiqi əsərinin müəllifi olan bəstəkarın ən böyük səylərindən biri “Əlvan çiçəklər” ansamblının yaradılması olur. 60-cı illərdən etibarən isə orta məktəblərdə musiqiyə olan marağı artırmaq üçün məktəblilərdən ibarət xor kollektivləri yaradılır ki, bu kollektivlər keçirilən tədbirlərdə 500, bəzən isə hətta 1000-ə yaxın məktəblidən təşkil olunur. Böyük maraqla qarşılanan ifalara isə yalnız xüsusi məharətə, yüksək bacarıqlı istedada malik dirijor, bəstəkar Məmməd Məmmədov rəhbərlik edə bilirdi. 1969-1971-ci illərdə Naxçıvan Musiqili Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları oynanılır. “Leyli və Məcnun” da baş rollarda Nəzakət Məmmədova, Əli Mehdiyev, “Əsli və Kərəm”operasında isə Adilə Təbrizli, Müzəffər Səfərov iştirak edirlər. Hər iki əsərə Məmməd Məmmədov uğurla dirijorluq edir.
Musiqi mədəniyyətimizin bugünkü inkişafı Üzeyir bəydən gələn milli musiqilərimizin, nota salınması, xalq mahnılarının yaşadılması musiqi axtarışlarının nəticəsi, yaradıcı musiqişünasların yetişməsi, adlarını tarixləşdirən sənətkarların xidmətləri ilə bağlı olub. Bu məqalədə onlardan yalnız bir neçəsindən bəhs edə bildik. Bu gün əsas məsələ onların bizə miras qoyduqlarını qoruyub saxlamaqdır. Milliliyə sadiqlik missiyası, muxtar respublikada musiqi mədəniyyəti sahəsində görülən işlər, verilən sərəncamlar bu gün musiqimizin hərtərəfli inkişafına şərait yaradıb və musiqi mədəniyyətimizi zirvədə saxlayıb. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi də musiqi mədəniyyətimizə verilən dəyərli töhfələrdəndir. Naxçıvan Ali Məclis Sədrinin milli musiqi mədəniyyətimlə bağlı dediyi qiymətli fikirlərlə sonlandırıram yazımı: “Milli musiqi o yerdə inkişaf edir ki, onun kökü olsun. Xalq isə o zaman milli musiqisi ilə fəxr edir ki, onun musiqi sənəti qədim xalq yaradıcılığı nümunələrinə, xalq musiqisinə əsaslansın. Çünki hər bir xalqın varlığı həm də onun xalq yaradıcılığında, xalq musiqisində yaşayır. Bu gün Gəmiqaya abidələrində həkk olunan qədim yallı nümunələri milli musiqimizin minillik inkişaf tarixindən xəbər verir”.

- Türkan HÜSEYNLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR