03 Dekabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir. Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti redaksiyası və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olublar.

Bələdçi Sevinc Səbzəliyeva qonaqlara muzey haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyi muxtar respublikada xalçaçılıq sənətinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir. Hazırda muzeyin ekspozisiyasında Naxçıvan xalçaçılıq məktəbinə aid 400-ə yaxın eksponat nümayiş etdirilir.
Vurğulanıb ki, Naxçıvan xalçaçılıq sənəti bu gün də qorunur və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində artıq Naxçıvan şəhərində, həmçinin rayon və kəndlərimizdə emalatxanalar fəaliyyət göstərir. Xalçaçılığın inkişafı məqsədilə muxtar respublikamızda xalçaçılıq kursları da təşkil edilir. Yeni bina ilə təmin olunmuş Naxçıvan Dövlət Xalça Muzeyinin də missiyası Naxçıvan xalçaçılıq məktəbini tədqiq və təbliğ etməklə xalçaçılıq sənətinin inkişafına nail olmaqdan ibarətdir.
Muzeyin ekspozisiyasında nümayiş etdirilən müxtəlif xalçalar, xüsusilə də ümummilli lider Heydər Əliyevə həsr olunmuş süjetli xalça, həmçinin “Abbas Mirzə”, “Üç xaqan”, “Dəvəli”, “Ələmli”, “Ovçuluq”, “Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi” və digərləri maraqla qarşılanıb.

Qafar QƏRİB

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR