Dünən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Naxçıvanda ədəbi proses – 2012: əsas yekunlar və vəzifələr” mövzusunda konfrans keçirilib. Konfransda Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılar, ədəbi tənqidçilər, ədəbiyyatşünas alimlər, mətbuat nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 2012-ci il ərzində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyəti, görülən işlər, qarşıda duran vəzifələr haqqında məruzə edib. Bildirilib ki, 2012-ci il oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransının yüksək səviyyədə keçirilməsi Naxçıvanda ədəbiyyatın inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu diqqət və qayğı isə söz adamlarının qarşısında çox vacib vəzifələr qoyur. 2012-ci ilin yekunlarına toxunan birliyin sədri qeyd edib ki, ötən il Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların 50-dən artıq kitabı işıq üzü görüb. Əvvəlki illərlə müqayisədə çap olunan nəsr əsərlərinin sayı artıb. Belə ki, ötən il Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvlərinin 10-dan artıq nəsr əsəri çap edilib. Nəsr əsərlərinin müəlliflərinin sırasında gənc yazarların da olması gələcəyə ümidləri artırır. Nəsr əsərləri ilə yanaşı, ötən il uşaq ədəbiyyatının və dramaturgiyanın inkişafı istiqamətində də müəyyən addımlar atılıb. Lakin bu sahədə qələm sahibləri hələ də ciddi qələm təcrübələri ortaya qoya bilmirlər. Publisistika sahəsində nəzərəçarpacaq irəliləyişlərin olduğunun vurğulandığı konfransda bədii tərcümə sahəsində görülmüş və görüləcək işlərdən də danışılıb.

Sonra ədəbiyyatın müxtəlif sahələri – nəsr, poeziya, ədəbi tənqid, publisistika, dramaturgiya sahələri üzrə məruzələr dinlənilib. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov nəsr, Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, şair Vaqif Məmmədov poeziya, Naxçıvan Özəl Universitetinin tədris hissə müdiri Anar Abuzərli ədəbiyyatşünaslıq, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Məmməd Babayev publisistika, Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri Gülxarə Əhməd­ova dramaturgiya sahələri üzrə 2012-ci ildə meydana çıxan əsərlər haqqında danışaraq yeni əsərlər barədə ədəbi tənqid nöqteyi-nəzərindən fikirlər səsləndiriblər. Çıxışlar ətrafında geniş müzakirələr aparılıb. 
Konfransa yekun vuran Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli keçirilən tədbirin Naxçıvanda ədəbi proseslərin inkişafı istiqamətində atılan çox mühüm addımlardan biri olduğunu qeyd edib. Akademik vurğulayıb ki, “Naxçıvanda ədəbi proses – 2012: əsas yekunlar və vəzifələr” mövzusunda konfrans ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində də yeni meyillər ortaya çıxarır. Bu tip konfransların davamlı olaraq keçirilməsi isə ədəbiyyatımızın daha da inkişafına təkan verə bilər.

 Elnur  KƏLBİZADƏ