14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycanın tarixi şəhərlərindən biri olan Naxçıvan öz tarixi abidələri ilə məşhurdur. Həmin abidələrdən biri də Naxçıvan şəhərinin Xan dikində yerləşən Xan sarayıdır. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Araşdırmaların nəticəsi olaraq demək olar ki, saray 1780-ci ildə inşa edilmişdir. Qeyd edək ki, Naxçıvan xanlığının əsasını qoyan Heydərqulu xan və onun varisləri yaşayan saray kompleksi Xan dikinin şimal-şərqindəki ərazidə yerləşirdi. Həmin saray kompleksindən bir neçə bina indiyədək qalır. Bir vaxtlar həmin binalarda Naxçıvan Şəhər Polis İdarəsi, hərbi idarələr, Naxçıvan (sonralar Babək) rayon xəstəxanası fəaliyyət göstərirdi. Heydərqulu xanın oğlu Şükrulla xanın nəvə-nəticələri 1920-ci ilədək burada yaşamışlar.

Sonuncu Naxçıvan xanı Kərim xan Abbasqulu xan oğlu Kəngərlinin mülkü isə I Kalbalı xanın sarayının yanında idi. 1830-cu illərə aid litoqrafik şəkillərdə həmin mülkün də təsviri vardır.

Bu qeydlərdən sonra əvvəlki söhbətimizə qayıdaq. Naxçıvan şəhəri Şərq və Yaxın Şərq ölkələrinə gedən yolların üzərində yerləşdiyindən səyyahların və diplomatik heyətlərin diqqətini cəlb etmiş, onlar yazdıqları əsərlərdə bu saray haqqında məlumat vermişlər.
I Kalbalı xanın tikdirdiyi Xan sarayı haqqında məlumatlar XIX yüz­illikdə Naxçıvanda olmuş hərbi şərqşünasların, diplomatların yazdıqları kitablarda, gündəliklərdə, memuarlarda öz əksini tapmışdır.
Yeri gəlmişkən, bəzən sual verənlər də tapılır: Harada yazılıb ki, sarayı I Kalbalı xan tikdirib? Axı sarayda kitabə və ya digər yazı-filan yoxdur.
Yazımızda bu məsələyə də aydın­lıq gətirəcəyik.
İsveçrəli səyyah Dyubua de Monpere öz dövrünün məşhur geoloqu, təbiətşünası və arxeoloqu olmuşdur. O, 1834-cü ildə Naxçıvanda olmuş və tədqiqatlar aparmışdır. 1839- 1844-cü ildən başlayaraq isə Parisdə “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik əsərini yazaraq nəşr etdirmişdir.
Azərbaycan memarlığının şah əsərləri olan Naxçıvan abidələrinə yüksək qiymət verən Dyubua de Monpere yazırdı: “Bu qədim abidələr arasında Naxçıvanın indiki hakimi Ehsan xan özünün İran dəbinə uyğun bir neçə həyət və xeyli bəzədilmiş zəngin otaqlardan ibarət sarayını tikdirmişdir”.
Naxçıvana gələn de Monpere də yanlış olaraq sarayın I Ehsan xan tərəfindən inşa etdirildiyini yazmışdır. Elə bu səbəbdən biz bir qədər geriyə qayıdaraq XIX əsrin əvvəllərində yazılmış bir tarixi sənəddə əks olunanları nəzərdən keçirək. Rus ordusunun mayoru Matuşeviç Artikdən Təbrizədək olan yolların təsvirini verərkən yazır ki, Xan sarayı Naxçıvan qalasının iç qalasında yerləşir. İç qalanın ətrafında qüllələrin də olduğunu qeyd edən hərbçi Xan sarayını dövrələyən hasarın o qədər də möhkəm olmadığını diqqətə çatdırır. Mayor Matuşeviç qalanın dik sıldırımın üzərində tikildiyini müdafiə baxımından əlverişli olduğunu da yazır. Onun hərbi mühəndisə məxsus qeydləri 10 sentyabr 1806-cı ilə aiddir. Ehtimal edirik ki, o, həmin illərdə Naxçıvan qalasının və onun iç qalasında tikilən Xan sarayının planını da tərtib etmişdir.
Həmin vaxt I Kalbalı xan sağ idi, Naxçıvana hakimlik edirdi. Oğlanları da onun sarayında yaşayırdılar. “Azərbaycan tarixi”nin üçüncü cildində maraqlı bir məlumat da sarayı I Kalbalı xanın tikdirdiyini təsdiqləyir. Orada qeyd edilib ki, I Kalbalı xan İran şahı Ağa Məhəmməd şah Qacarın qoşunlarını Naxçıvan qalasına buraxmadı. Söhbət vaxtı ilə Xan sarayını əhatələyən Naxçıvan qalasından gedir. Maraq üçün deyək ki, bu qalanın təsviri Kəngərli xanlarının nəslinin gerbində əks olunmuşdur. Bir çox xroniki təsvirlərdə qeyd edilib ki, I Kalbalı xanın süvari qoşunları qalanın yerləşdiyi uçurumun aşağısındakı düzənlikdə düşmən qoşunları ilə vuruşub onları məğlub etdilər. Naxçıvanın Xan sarayındakı böyük salonda Rusiya elçiliyini təntənəli rəsmi şəkildə qəbul edən I Kalbalı xan haqqında həmin missiyada olan rus hərbçiləri də yaz­mışlar. Bunlardan N.N.Muravyovu, A.F.Neqrini və digərlərini qeyd etmək olar. Söhbət 1817-ci ilin mayında İrana gedən Rusiya diplomatik heyətinin üzvlərindən gedir. Bu elçilik missiyasına general A.P.Yermolov başçılıq edirdi.
Çox təəssüflər ki, I Kalbalı xanın dövrünü yaxşı öyrənməyən yazıçılar bədii əsərlərində rəsmi görüşlərin guya çadırda (alaçıqda) aparıldığını yazırlar. Qətiyyən doğru deyil. I Kalbalı xan intizamlı sərkərdə və dövlət xadimi idi. Əla döyüş qabiliyyəti və naxçıvanlılara məxsus yüksək zövqü vardı. Başqa dövlətlərin rəsmi nümayəndələrini necə qarşılayıbsa, sənədlərdə yazılıb və şükürlər olsun ki, hələ yazılanlar qalır.
Məqamındaca qeyd edək ki, əslən yunan olan Aleksandr Neqri (1784-1854) maraqlı məlumatlarla zəngin olan gündəlik yazmışdır. O, 1818-ci ildən 1837-ci ilədək bütün hərbi əməliyyatlarda (Naxçıvan-İrəvan və Türkiyədə) iştirak etmiş və bu iştirakın gündəliyini tutmuşdur.
A.Neqrinin gündəliyinin MDB ölkələrinin birinin akademiyasının elmi kitabxanasında saxlandığını dəqiqləşdirmişik. A.Neqrin iki dəfə I Kalbalı xanın rəsmi qonağı olmuşdur. Onun gündəlik qeydləri bizim üçün maraqlıdır. Tədqiqatçıların elmi dövriyyəyə daxil etmədikləri gündəliyi oxumaq, yəqin ki, bizə də nəsib olacaq və təəssüratlarımızı qəzetimizin oxucuları ilə də bölüşəcəyik.
XIX əsrdə rus etnoqrafı, şərqşünası N.V.Xanıkov, Qrant qardaşları, rus diplomatı A.Qriboyedov və qəza dövründə Naxçıvanda müəllim işləyən K.A.Nikitin, hərbçi şərqşünas İ.Şopen və digərləri də bu sarayda qonaq olmuşlar. Hətta qraf İ.F.Paske­viç bir müddət burada yaşamışdır. Təəssüflər olsun ki, XX yüzilliyin ortalarında bu nadir memarlıq abidəsi, taleyüklü tarixi hadisələrin şahidi olan Xan sarayı haqqında elmi tədqiqatlar aparılmamış, hətta saray müəyyən qədər dağıntılara məruz qalmışdır. Bu haqda bir az sonra. Ona görə də sonralar tariximizin xanlıqlar dövründə olan səhifələrini araşdırmaqda müəyyən çətinliklər yaranır.
XX əsrin əvvəllərində Naxçıvana gələn italyan tarixçisi, diplomatı və səyyahı Villari Luici 1905-ci ilin yayının son aylarında və payızın əvvəllərində Naxçıvanda olarkən erməni-müsəlman toqquşmalarının nəticəsində şəhərin dağıntılarını da görmüş və bu vəziyyət 29 yaşlı gəncdə kədərli təəssürat yaratmışdı. Sonralar o, “Rusiya böyük çevrilişdən sonra. Qafqazda od və qılınc” adlı kitabda yol qeydlərini nəşr etdirmişdir. Tarixçi səyyah bu əsərdə Naxçıvandakı Xan sarayı haqqında da yazmışdır: “Mən əvvəlcə Rəhim xanla görüşdüm...
Onun evi, sözsüz ki, Naxçıvanda ən gözəldir. Əgər bu saray ən sivilizasiyalı şəhərdə olsaydı, yenə də belə möhtəşəm olacaqdı. Saray şəhərin kənarındakı qayanın yanında yerləşir. Buradan geniş Araz vadisinə eniş yol başlanır. Həyətdəki bağ çox sıx deyil. Yəqin ki, iqlim imkan vermir ki, hər növ gül kolları əkilsin. Ancaq evin içərisi tamamilə bərbəzək içindədir. Qonaq otağı (söhbət böyük salondan gedir – müəllif) bahalı Avropa mebelləri ilə doludur, bəzilərini çıxmaqla, mebellərə söz ola bilməz. Bütün divarlara İran, Türkiyə və Qafqaz xalçaları asılıb. Tavan isə kiçik güzgülərlə bəzədilib. Belə analoji mozaikaları mən İrəvan sərdarının sarayında görmüşəm. Bəzək üçün materiallar hamısı uzaqdan dəmir yolu ilə gətirilib. Hamısı da qiymətinin nə qədər olmasına baxmayaraq, alınıb. Bunlar hamısı ona görədir ki, gələn insanlarda Naxçıvanskilər ailəsinin necə varlı və ləyaqətli olduğu təəssüratını yarada bilsinlər”.
Daha sonra diplomat-səyyah Cəfərqulu xanla öz evində görüşür. Onun da malikanəsini və xanın özünü məhəbbətlə təsvir edir.
Azərbaycanda sovet hökuməti qurulandan sonra – 1926-cı ildə Naxçıvana elmi axtarışlara gələn arxeoloq V.M.Sısoyev “Araz üstdə Naxçıvan” əsərində yazır: “Hazırda (1926-cı il, yay) Atabəy qülləsindən cənub-qərbdə geniş bağ və tikililərdən sonra böyük ikimərtəbəli ev – keçmiş Naxçıvan xanlarının sarayı yerləşir. Yəqin ki, bu, həmin saraydır ki, haqqında Dyubua de Monpere söhbət açıb. Güman ki, bu sarayı Naxçıvan xanı Ehsan xan tikdirib (ola bilər ki, yenidən bərpa etdirib?) Yuxarı mərtəbədə bir neçə kiçik otaqlar var, ancaq binada çox böyük salon var. Divarların bir hissəsi güzgülərlə bəzədilib. Bundan əlavə, həm içəri, həm də eşik divarlarda pəncərələrdəki şüşələr rənglidir. İndi bu binada məktəb yerləşir”.
Alimin yazdıqlarından məlum olur ki, hələ 1926-cı ilədək Xan sarayı müəyyən qədər əvvəlki vəziyyətini saxlayıbmış. Sarayın kim tərəfindən tikdirildiyini bilməyən V.M.Sısoyev ehtimalla yazıb ki, Ehsan xan tikdirib. Əlavə edib ki, bəlkə, o, yenidən bərpa işləri aparıb? Müəllif ikinci fikrində dəqiqdir: 1830-cu ildən sonra I Ehsan xan atasının tikdirdiyi sarayı təmir etdirib, əlavə tikililər tikdirib. 1930-1940-cı illərdə sökülən həmin hissədə onun böyük qardaşı Nəzərəli xan yaşayırdı. I Ehsan xanın böyük oğlu Naxçıvanın mərkəzində – Bazarçayın sahilindəki mülkdə yaşayırdı. Məşhur süvari generalı olandan sonra İsmayıl xan inşa etdirdiyi hamamın yaxınlığındakı mülkün yerində bir saray tikdirib. O sarayın orijinal fotoşəkli bizdədir. I Ehsan xanın vəfatından sonra Naxçıvana qayıdan II Kalbalı xan həmin sarayda yaşayırdı. Onun oğlu Cəfərqulu xan özünə füsunkar bir malikanə tikdirmişdi. İndi o binanın bir hissəsində C.Naxçıvanski adına muzey yerləşir. Sovet hakimiyyəti illərində oranı ambulatoriyaya, sonralar isə şəhər poliklinikasına çevirmişdilər. Xatirimdədir, biz orta məktəbdə oxuyanda hərbi çağırış zamanı bizi oraya tibbi yoxlamaya aparmışdılar. Binaya çox möhkəm inşa edilmiş tağlı yeraltı keçiddən daxil olduq. İkitaylı darvaza qapısı var idi. İndi həmin yeraltı keçiddə mağaza yerləşir.
II Kalbalı xanın digər oğlu Rəhim xan isə Xan sarayında yaşayırdı. Bu məlumatları bizə Rəhim xanın oğlu İskəndər xanın dostu, sonralar qürbətdə – Moskva ətrafında, bir növ, gizli yaşayan alim Teymur Bənəniyarski yazıb göndərmişdi (o, 1992-ci ildə vəfat edib). Onun yazdığına görə, 1920-ci ildə rus kazakları bu sarayı kazarmaya çevirmiş və məşhur güzgülü salonu dağıtmışlar. Teymur Bənəniyarski bütün bu hadisələrin canlı şahidi olmuşdur.
Qeyd edək ki, Naxçıvan Xan sarayı Azərbaycanın memarlıq nümunələrindən ən orijinalıdır. Uçurumun kənarında, qalanın içərisində inşa edilən saraydan Araz çayının sağ və sol vadiləri aydınca görünür. Xan sarayı I Kalbalı xanın tərəfindən inşa etdirilmiş, sonralar oğlu I Ehsan xan tərəfindən əlavələr olunmaqla təmir olunmuş, dövrünün diqqətçəkən saray binası kimi təkmilləşdirilmişdir. Vaxtı ilə tədqiqatlar aparılmadığından sarayı inşa edən memarın adı məlum deyil. Aparılan araşdırmaların nəticələrinə görə deyə bilərik ki, Xan sarayının ətrafında digər saraylar da tikilmişdir. Bu tikililər hamısı Saray kompleksini əmələ gətirmişdir.
Naxçıvan Xan sarayının daxili və bədii tərtibatı, xarici quruluşu və məşhur güzgülü salon, həmçinin üçüncü mərtəbədə yerləşən iki yay köşkü vardır (bu köşklər fasad tərəfdəki girişdəki köşklərə paralel olaraq tikilib). Naxçıvanlı ağsaqqallardan vaxtı ilə eşitdiklərimizdən məlum olur ki, sarayın şimal-qərbində saraya bitişik saray binaları olmuşdur. Sovet hakimiyyəti illərində baxımsızlıq üzündən uçub dağılmışdır.
Böyük salonun tavanının başdan-başa bəzəyə qərq olması səyyahları və rəssamları valeh etmişdir. Saray düzbucaqlı formasında tikilmişdir.  
Maraq üçün deyək ki, Naxçıvan Xan sarayı Təbriz və İrəvan memarlıq məktəbinin nümunələri olan xan saraylarına kompozisiya baxımından oxşasa da, tamamilə eyniyyət təşkil etmir. Araşdırmalar göstərir ki, İrəvan Xan sarayında olan ornamental pannolar, portret təsvirləri və sair Naxçıvan Xan sarayında olma­mışdır. Bəlkə də, bu, Naxçıvan xanlarının süvari döyüşçüləri olması ilə bağlıdır?! Çünki onlar bərbəzəyi çox sevməyib.
Xan sarayında divar rəsmlərinin – portretlərin və dekorativ pannoların olması haqqında məlumatlara rast gəlinmir.
Naxçıvan xanlığında zəngin ədəbi mühit olmuşdur. Həmin yazılı nümunələrin çoxu bolşeviklər tərəfindən məhv edilsə də, bəziləri qonşu dövlətlərin arxivlərində və kitabxanalarında saxlanılır. Xan dikində olan “Cümə” məscidində saxlanılan əlyazmalar yandırılmış, bir qismi isə İrəvandakı erməni əlyazmalar institutuna  – Matenadrana və Sankt-Peterburqdakı Rusiya Dövlət Ermitajına, Saltıkov-Şedrin kitabxanasına aparılmışdır.
Bilirik ki, Azərbaycan xanlıqlarında ən zəngin tarixi arxiv Naxçıvan xanlığında olmuşdur. Bu zəngin Kəngərli arxivi Naxçıvan Xan sarayında saxlanılırmış. Tapılan sənədlərdən məlum olur ki, burada toplanan sənədlər 1500-1828-ci illəri əhatə edir. Xan sarayının qonşuluğunda yaşayan milyonçu Heydər Nəsirbəyovun qızı Fatma xanım bu saray haqqında maraqlı məlumatlar söyləyirdi. Onun dediyinə görə, xanlığa aid sənədlər böyük salonun yaxınlığındakı otaqda saxlanılırdı. Yəqin ki, bura həm də xanlıq münşisinin (katibinin) işlədiyi yer imiş. 1920-ci ildən sonra Kəngərli arxivi Şahbaz ağa tərəfindən qorunmuşdur. Onun mülkündəki (indiki 2 nömrəli məktəbin arxasındakı) zirzəmidə saxlanılan arxivi rus tədqiqatçısı və kəşfiyyatçısı K.N.Smirnov Tiflisə aparmışdır. Onun yazdığı məlumatdan aydın olur ki, arxiv Şahbaz ağanın atası İsmayıl ağaya məxsus bu mülkdəki zirzəmidə imiş. Naxçıvan xanlarının zəngin Kəngərli arxivinin də taleyi onun bayraqlarının taleyi kimidir. Azərbaycanlı tədqiqatçılardan gizlədilən Kəngərli arxivinin və xanlıq bayraqlarının axtarışındayıq.
Xan sarayının birinci mərtəbəsində xidmətçilərin yaşadığı otaqlar və divanxana yerləşirmiş. İkinci mərtəbənin birinci girişdən sağda və solda yerləşən otaqlar xan ailəsi üçün, ikinci girişdən sağdakı güzgülü salon isə rəsmi qəbullar üçün istifadə olunurdu. Daxili pilləkənlərlə çıxılan üçüncü mərtəbədəki köşklü otaqlar “qonaq otağı” adlanırdı.
Aparılan araşdırmalar göstərir ki, Naxçıvan xanları Naxçıvan şəhərindəki İmamzadə kompleksində dəfn olunmuşlar. Bu barədə növbəti yazıda ətraflı bəhs edəcəyik.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədaqətli və uzaqgörən davamçılarından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və yeni Naxçıvanın qüdrətli qurucusu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tariximizə göstərdikləri böyük qayğı biz tədqiqatçıları həmişə yeni elmi axtarışlara ruhlandırır. Bu böyük qayğının ən bariz nümunələrindən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında” 2010-cu il 23 oktyabr tarixli Sərəncamıdır.
Keçmiş Naxçıvan xanlarının sarayında fəaliyyətə başlayan muzeyin birinci mərtəbəsində iş otaqları, elmi fond və digər yardımçı sahələr, ikinci və üçüncü mərtəbələrində isə 10 salondan ibarət ekspozisiya – sərgi zalları vardır. Muzeydə qeydə alınan 300-ə yaxın eksponatın 210 ədədi ekspozisiyada nümayiş etdirilir.
Cəsur döyüşçülər olan xan Naxçıvanskilər indi əzəmətli Xan sarayını ziyarətə gələn tamaşaçılara layiqincə təbliğ olunur. Adlarını öz qəhrəmanlıqları ilə tariximizə yazan xan Naxçıvanskilər bu etimada tam layiqdirlər.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272106
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1727
4121
9875
56752
3272106

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter