17 Yanvar 2021, Bazar

Naхçıvan Muxtar Respublikası zəngin tarixə, mədəniyyətə malikdir. Son bir qərinəyə yaxın dövr ərzində Naxçıvan tarixinin öyrənilməsi diqqət mərkəzində saxlanılıb, bu sahəyə böyük diqqət və qayğı göstərilməsi prioritet vəzifəyə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 23 avqust 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti və Elmi-Tədqiqat institutları üçün bina istifadəyə verilərkən demişdir: “Naxçıvanda yerin altı da, üstü də təbii sərvətdir. Naxçıvanda çox qədim tarixə malik olan mədəniyyət nümunələri aşkar edilib... Ona görə də bunların hamısının tədqiqata, araşdırmaya ehtiyacı vardır”.
Ali Məclisin Sədri tərəfindən 2005-ci il dеkabrın 6-da imzalanmış “Naхçıvan Muхtar Rеspublikasının ərazisindəki tariх və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” Sərəncamın icrası istiqamətində tədqiqatçıların qarşısında çox mühüm vəzifələr qoyulub, onların elmi fəaliyyətinin konkret istiqamətləri müəyyən edilib. Hər il olduğu kimi, cari ildə də AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsi tərəfindən bu istiqamətdə tədqiqatlar aparılaraq bir neçə abidə qeydə alınıb, kəşfiyyat xarakterli tədqiqatlar həyata keçirilib.

Bəhs olunan dövrdə iş planına uyğun olaraq Ordubadçay vadisindəki Aşağı Əndəmic, Yuxarı Əndəmic, Nüsnüs kəndlərinin ərazisində də kəşfiyyat xarakterli arxeoloji tədqiqat işi aparılıb. Tədqiqat zamanı müəyyən olunub ki, uzunluğu 24 kilometr, hövzəsinin sahəsi 42 kvadratkilometr olan Ordubadçayın mənbəyi Zəngəzur silsiləsindən (3200 metr hündürlükdən) başlanır. Bu çay şimaldan cənuba doğru Ordubad şəhərini iki hissəyə bölür. Əsasən yeraltı sular və qar suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən ilin çox vaxtı Ordubad şəhərindən aşağı axın olmur. Bu çay boyundakı Aşağı Əndəmic, Yuxarı Əndəmic, Nüsnüs kəndlərinin ərazisində yeri müəyyən edilən və qeydə alınan yeni abidələri yaşayış yeri, qəbir abidəsi, təbiət abidəsi, qədim karvan yolu olmaq üzrə bir neçə qrupa bölmək olar.
Yaşayış yerlərindən birinin qalıqları Aşağı Əndəmic kəndinin ərazisində köhnə yoldan aşağıda qeydə alınıb. Sahəsi 2 hektara yaxın olan yaşayış yerindəki tikili qalıqları tamamilə dağılsa da, bəzi yerlərdə nisbətən salamat qalmış divar qalıqlarını müşahidə etmək olur. Orada aparılan tədqiqat zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları yerüstü material olaraq əldə edilib. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış yerinin yuxarısından keçən, el arasında karvan yolu kimi tanınan yol Gənzə kəndinin ərazisindəki “Əlidaş” adlanan yerdən başlayır və Nüsnüs kəndinin ərazisindəki “Deyağa” adlı yerə qədər uzanaraq Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Gənzə kəndlərini birləşdirir.
Qəbir abidələri Aşağı Əndəmic kəndinin ərazisində qeydə alınıb. Onlardan birinin sahəsi 1,5 hektar, digəri 0,5 hektardır. Birinci qəbiristanlıqdan fərqli olaraq ikinci qəbiristanlıqda ətrafına iri daşlar düzülmüş qəbirlər də müşahidə olunur. Hər iki abidədəki qəbirlərin əksəriyyəti təbii aşınma nəticəsində dağılsa da, bəzi qəbirlərin başdaşıları nisbətən salamat qalıb. Dağılmış qəbirlərə əsasən onların üzərinin sal daşla örtüldüyü müəyyən edilib. Qəbirlərin quruluşu hər iki abidənin orta əsrlər dövrünə aid olduğunu göstərir.
Təbiət abidələri içərisində Nüsnüs kəndinin ərazisindəki Ov dərəsi mağarasını, Nəbi qalasını qeyd etmək olar. Mağara dərənin kənarında yerləşir və bir-birinə bitişik iki hissədən ibarətdir. Hər ikisinin girişi eyni istiqamətdəndir. Mağaralardan birinin içərisi bir qədər iri, digəri isə nisbətən kiçikdir.

Nəbi qalası dağlar qoynunda, əlverişli strateji-coğrafi mövqedə yerləşir. Oradan Ordubadçay vadisinin kəndlərini aydın müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Hər tərəfdən sıldırım qayalıqlarla əhatə olunduğu üçün onun ətrafına heç bir müdafiə istehkamı çəkilməyib. Abidənin içərisində keramika məmulatları aşkar edilməsə də, istehkam xarakterli tikililərin dağılmış qalıqlarını müşahidə etmək olur. Qalanın hansı səbəbdən belə adlanması haqqında yerli əhali arasında heç bir əlavə məlumat yoxdur. Onlar bu təbiət abidəsini bəzən Nəbi daşı da adlandırırlar.

Ordubadçay vadisində yeni arxeoloji abidələrin qeydə alınması sonda onu qeyd etməyə əsas verir ki, qədim tarixə və mədəniyyətə malik olan Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində olduğu kimi, bu ərazidə də bizə məlum olmayan, zəngin tariximizi, mədəniyyətimizi öyrənmək sahəsində özünəməxsus yer tutan abidələrimiz qalmaqdadır. Onların aşkar edilərək tədqiqata cəlb olunması hər birimizin qarşısında duran ən aktual məsələlərdəndir. Çünki bu vacib məsələnin həlli ilə adıçəkilən ərazidə məskunlaşmış insanların məişət və təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə aid yeni faktlar əldə etmək, tariximizi daha dərindən öyrənmək mümkündür. Həmin abidələrin mövcudluğu Naxçıvanda turizmin inkişafı sahəsində də mühüm əhəmiyyət daşıyır.

Toğrul Xəlilov
Aysel İsmayılova
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR