21 Yanvar 2021, Cümə axşamı

Zamanın hökmünə sığmayan, dövrünü qabaqlayıb ondan irəlidə duran Hüseyn Cavid! Bəşəriyyətin qurtuluşuna çalışan səma şairi, gözəllikdən ilhamlanan Cavid Əfəndi! Bütün əsərlərində həqiqət axtaran, yerdəki topluma ucalardan uca göy idrakı aşılayan, ədalətsizliyə qarşı hər zaman barışmaz olan Hüseyn Cavid! Zamandan üstün bir zəka! Bu gün görkəmli səma şairimiz Hüseyn Cavidin xatirə günüdür!

Yarəb bu nə dəhşət, nə fəlakət İblisəmi uymuş bəşəriyyət?

– deyən böyük romantik, filosof şair Hüseyn Cavidin faciəsi onda idi ki, səmalarda xəyaldan ucaltdığı söz məbədi yer həqiqətləri ilə toqquşdu. Bu toqquşma görkəmli dramaturq-şairimizi XX əsrin 30-cu illərindəki tariximizin yaddaşına ən ağır illər kimi həkk olunan repressiya qurbanlarından birinə çevirdi. Bəşəri ideyalar tərənnümçüsü, xalqını daim azad görmək istəyən Hüseyn Cavid Uzaq Sibirdə sürgün həyatına məhkum edildi. Buna baxmayaraq, öz əzmi və iradəsini, sabaha olan ümidini itirmədi, bir gün azadlığa qovuşacağına inandı. Özünə nəsib olmasa da, ruhu azadlığa qovuşdu...
...Zaman ötdü, yenə də haqq-ədalət zəfər çaldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il iyul ayının 1-də Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə verilən qərar şairin ikinci əsl bəraət sənədi oldu. Görkəmli dövlət xadiminin bu böyük qələm sahibinin timsalında milli poeziyamıza, onun nümayəndələrinə verdiyi yüksək qiyməti xalqımız 1982-ci ildə bir daha gördü. Həmin il oktyabr ayının 26-da görkəmli şair və dramaturq Hüseyn Cavidin cənazəsi Uzaq Sibirdən Vətənə gətirildi.

XX əsrin istedadlı simalarından olan Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də indiki Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. Əvvəlcə mollaxanada oxuyan Cavid böyük qardaşının yanında ərəb-fars dillərini öyrənib, sonra isə o zaman Naxçıvanda açılan “Tərbiyə” məktəbinə daxil olub. XX əsrin əvvəllərində Təbrizə gedərək orada Şərq fəlsəfəsi, tarix və ədəbiyyatı öyrənməyə səy göstərib. Romantik ruhlu gənc Cavid Türkiyəyə səfəri zamanı oradakı ali məktəblər, ziyalılar və ədəbi mühit ilə çox maraqlanıb. 1910-cu ilin əvvəllərində doğma diyara qayıdan gənc şair Qafqaz şəhərlərində müəllimliklə məşğul olub, eyni zamanda mətbuatda şeirləri ilə çıxış edib. 1919-cu ildə Bakıya qayıdan Cavid 1937-ci ilədək burada yaşayıb və dolğun yaradıcılıq dövrü keçirib. Daim həqiqət, ədalət, səadət axtarmaq yollarında çırpınan ədib 1941-ci il dekabrın 5-də vəfat edib.
“Həqiqət istərəm, yalnız həqiqət”, – deyə bütün ömrü boyu çarpışan, yazıb-yaradan Hüseyn Cavidin yaradıcılığı elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Şəxsiyyətinə və yaradıcılığına verilən yüksək qiymət haqqında düşünərkən böyük ədibin mərhum qızı Turan xanımın dediyi bu fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” Qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən, birinci növbədə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.
“Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra respublikada onun ədəbi irsini daha geniş surətdə öyrənmək və xatirəsini əbədiləşdirmək üçün bir sıra işlər görüldü. Belə ki, şairin əsərlərinin toplanıb nəşr olunması, müxtəlif teatrlarda tamaşaya qoyulması, əsərlərinin Azərbaycan, rus, ərəb əlifbası ilə nəşr edilməsi, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması və ev-muzeylərinin yaradılması, ulu öndər Heydər Əliyevin dahi ədibə olan sonsuz ehtiramla imzaladığı qərarla həyata keçirildi. Adıçəkilən qərardan sonra Naxçıvan şəhərində Cavidin vaxtilə qədim Əlixan məhəlləsində yaşadığı evdə yaradılan ev-muzeyi bütün cavidsevərlərin ziyarətgahına çevrildi.
Ulu öndərimiz hələ 1992-ci ildə Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışarkən Cavidin 110 illik yubileyinin muxtar respublika səviyyəsində qeyd olunmasını təşkil etdi və yubiley tədbirində yaddaqalan çıxışı ilə şair-dramaturqun irsinə yüksək qiymət verdi: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün Türk dünyasının ən görkəmli simasıdır, təkrarolunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.
Daha bir qayğı isə dahi şairə ucaldılan möhtəşəm məqbərə oldu. Bu, ulu öndərin Cavidə və onun timsalında Azərbaycan ədəbiyyatına və incəsənətinə, daha geniş anlamda, Azərbaycan xalqına olan sevgi və ehtiramının ifadəsi idi.
2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Cavidin ev-muzeyində əsaslı təmir və bərpa işləri aparıldı. Muzeyin ekspozisiyası dəyişdirilərək yenidən quruldu, maddi-texniki bazası zənginləşdirildi.

Ulu öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə böyük ədibin anadan olmasının 120 illik yubileyi Azərbaycanda geniş qeyd edildi. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” 2007-ci il 17 aprel tarixli Sərəncamı və bu sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin il may ayının 15-də imzaladığı Sərəncamla təsdiq edilmiş Tədbirlər Planına əsasən müxtəlif yubiley tədbirləri həyata keçirildi.
Cavidə böyük ehtiramın ifadəsini cavidsevərlər 10 il sonra yenə də gördülər, bu ehtiramın əbədiliyini təsdiq etdilər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 24 oktyabr tarixli Sərəncamı Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərləri bəxş etmiş qüdrətli söz sənətkarına layiqli qiymətin təcəssümü kimi dəyərləndirildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zərur olan kitabların Siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəsilə çatdırılması sahəsində atılan mühüm addımdır.
Ölümsüzlüyün mümkünlüyünü anlamadan, duymadan ömür sürür bəziləri. Amma əbədiliyi dərk edən yolçular da var ki, taleyin sərt dönəmlərindən mərdliklə çıxır, cismən qırılan ömürləri mənən əsrlərin yol-yoldaşına çevrilir. Belələri işıqlı əməlləri, nurlu ideyaları ilə nurlanıb sönməz günəş ömrü yaşayanlar, nurlu zəkaları ilə bəşəri aydınladanlardır. Bəşəri ideyaları, nurlu amalı ilə ölməzlik zirvəsinə yüksələn ­Hüseyn Cavid kimi...

 Gülcamal TAHİROVA

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR