06 Mart 2021, Şənbə

Araz! Bu adı ananda gözümüzün qarşısına çağlayan, özünü o taydan bu taya vuran, kükrəyib coşan Araz canlanır.Xalqımızın unudulmaz şair oğlu Məmməd Araz bu adın layiqli daşıyıcısıdır. Onun misraları da Araz çayı kimi kükrəyib coşur, Vətən! Vətən! – deyə hayqırır.
Araz! Özünə bu ləqəbi götürən şair Araz çayını öz şeirlərində, xüsusilə qələmə almışdır. Şair Araza vurğun idi. Onu canlı tarixə bənzədir, ulu babalarımızın yadigarı adlandırırdı. O, Arazı da özü kimi şair sanmışdır. Axıb çağladıqca insanların sinəsindən qopan qəmi, kədəri torpağa, daşa yazan şair həm də bu çayın “min il yazılası dastan”ı olduğundan bəhs etmişdir.

Məmməd Araz əsl Vətən şairi olmuşdur. O, Vətəninin əyilməz dağlarına, səfalı yaylaqlarına, çağlayan bulaqlarına, hətta kiçicik daşına belə, məhəbbətlə baxan, onların timsalında Vətənimizi öz misralarında canlandıran bir sənətkardır. O öz sözləri ilə Vətəninin daşından heykəllər yonur, bulaqlarından, göllərindən mənalı gözlər yaradır, sinəsini torpaqdan yoğurur, saçlarını ətirli gül çələngləri ilə bəzəyir, qəlbini isə Vətən odu, Vətən atəşi ilə isidir.

Ana torpaq, ana torpaq!
Dilə gəldi sazım yenə!
Qoy eşqini varaq-varaq,
Ürəyimə yazım yenə.

Bu misralarında şair Vətəninə olan eşqinin coşduğunu və ana torpağına olan sevgisini vərəq-vərəq qəlbinə yazmaq istəyini qələmə almışdır.
Məmməd Araz “Ana torpaq” şeirində Vətənini daha aydın görmək, yaxından tanımaq üçün özünü xəyala, Vətəninin səmasında süzən qartala bənzətməyə çalışmış, Vətəninin əsən mehini “avazı”, “göy Xəzərini” isə ömrüboyu çalacağı sazı sanmışdır. Hətta “Ana torpaq” kəlməsinin dərin bir hikməti olduğunu vurğulamışdır.
Məmməd Araz həm də təbiət vurğunu idi. O, Vətəninin təbii gözəlliklərindən ilham alırdı. “Göy-göl” şeirində gölü ziyarət edən şair onun gözəlliyinə heyran qalmış və bu misraları qələmə almışdır:

Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyrantək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy-göl.

Şairin yaradıcılığında Vətən təbiətinin gözəlliklərini vəsf edən şeirləri ilə yanaşı, bu gözəllikləri qorumağa səsləyən misraları da vardır. Bu misralar damarlarında vətənpərvərlik qanı axan hər bir kəsin ürəyini riqqətə gətirməyə bilməz. Məmməd Araz “Azərbaycan dünyam mənim” şeirində Vətənini ən gözəl misralarla vəsf etmişdir. Azərbaycanı bir qayaya, qayalarda bitən nadir bir çiçəyə bənzətmişdir:

Azərbaycan-qayalarda bitən bir çiçək,
Azərbaycan çiçəklərin içində qaya
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Bu şeirin ikinci bəndində isə Vətəninin mayasının nurdan yoğurulduğunu, hər daşının bir alov olduğunu qələmə almış, “Azərbaycan!” deyiləndə hamını ayağa qalxmağa səsləmişdir. Ona görə səsləmişdir ki, hər kəs Vətən üçün, Azərbaycan üçün hər zaman hazır olmalı, canından, qanından keçməlidir, “ana yurdun ürəyinə” toxunmasınlar, heç kimə də toxunmağa icazə verməsinlər deyə:

Azərbaycan – mayası nur, qayası nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Vətənini ən gözəl misralarla vəsf edən şair Vətənindən heç nə ummur, “Qapımdan əsən küləyin bəsimdir, Vətən” deyirdi. 1992-ci ildə qələmə aldığı “Ayağa dur Azərbaycan” şeirində Məmməd Araz Azərbaycanı qəflət yuxusundan oyanmağa, əsarət zəncirlərini qırmağa, ayağa qalxmağa haraylayır:

Nə yatmısan qoca vulkan səninləyəm!
Ayağa dur Azərbaycan səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik.

Bu şeirində şair Vətən oğlunu Vətənini namusunun, qeyrətinin keşiyində durmağa səsləyir, Vətən torpağı düşmən ayaqları altında tapdalanmasın deyə, sərhədlərində səd olmağa çağırır, onun bölünməz olduğunu vurğulayır. Məmməd Araz tank altında qalan körpələrin yerində olmağı, Vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan əsgərinin yanında olmağı arzulayırdı. Bu ağır günlərində Vətəninin dərdinə dözmək üçün bir parça qaya, bir ovuc torpaq olmaq istəyirdi və yazırdı:

Milli qürur, milli qeyrət səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət səninləyəm!
Oyat bizi, ey yaradan, səninləyəm!

Şair ölkəmizi qoruyan oğullarına – əsgərlərinə dərin hörmət bəsləyirdi. O, əsgər andını ən müqəddəs and sayırdı, Gəray kimi, Həzi kimi əsgərləri ilə fəxr edirdi. Nəvəsinin əsgər olduğunu biləndə Məmməd Araz sevinmiş, onu hünərinin keşikçisi adlandırmışdı və “Əsgər andı” şeirində belə ifadə etmişdir:

Hünərinə keşik çəkən
Nəvəm əsgər olub indi.

Məmməd Araz Vətən uğrunda canından keçib şəhid olanların torpağa qarışdığını, nə vaxtsa buludlara doğru dikələn dağa çevriləcəyini öz misralarında belə ifadə edirdi:

Bu torpaq üstündə ömürlük varam,
Əzilsəm, torpağa dağılasıyam.
Nə vaxtsa dikəlib bulud yararam,
Nə vaxtsa göyərib dağ olasıyam.

Məmməd Araz Vətən sevgisi ilə döyünən böyük ürəyə sahib şairimizdir. O, Vətəninə olan sevgisini qələmə aldığı şeirlərində ömürlük yaşatmağa çalışmışdır. Məmməd Araz kimi hər bir “ölkə vətəndaşının” ürəyi Vətəni üçün hər zaman döyünməli, alışıb yanmalıdır. Hər bir evdə, hər bir ailədə və hər bir tərbiyəvi müəssisədə Vətənə gərəkli vətəndaşlar böyüdülməlidir.
Ölməz Xalq şairi Məmməd Arazın yaradıcılığı bütünlükdə Azərbaycançılıq ideologiyasından, milli məfkurədən qaynaqlanan qiymətli poetik xəzinədir. Şairin Vətən torpağının bütövlüyü, istiqlal uğrunda alovlu qələmi ilə apardığı mübarizə bu gün Vətən müharibəsində igidlik, cəsurluq, ən başlıcası ilə Vətən eşqi ilə zəfər tarixi yazan gənc vətənpərvər nəslin ruhunda, amallarında, əməllərində gerçəkləşdi. Bugünkü müzəffər və vətənpərvər gənclik məhz böyük şairin “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məramlı poeziyasının təsirilə mənən kamilləşən gənclikdir. Məmməd Araz poeziyası isə sönməz poeziya günəşi kimi Vətən məhəbbəti ilə daim alovlanaraq sönməz nuru ilə gələcək nəsillərin də yoluna işıq saçacaqdır.

Solmaz CABBAROVA
Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR