06 Mart 2021, Şənbə

Türk dünyasının görkəmli tarixçisi Faruq Sümərdən söz açacağam. Türkiyə Cümhuriyyətinə məxsus çox yazıçılar, tarixçilər haqqında məlumatlı olsaq da, Faruq Sümərin bir tarixçi kimi xüsusi çəkisi var bizim tariximizdə. Həm də ona görə ki, onun Türk dünyasının keçmişindən bəhs edən çox əhəmiyyətli, faktlara əsaslanan araşdırma materialları mövcuddur. Şah əsəri isə türklərin əsil-kökündən söz açan, tarixi tapıntıları üzə çıxaran “Oğuzlar” əsəridir.

Bu əsərin müəllifinin həyat və yaradıcılığına nəzər salaq. 1924-cü ildə Türkiyənin Konya vilayətində anadan olub. O, İstanbul şəhərinin Heydərpaşa Müəllim Məktəbini bitirdikdən sonra İstanbul Universitetinin tarix fakültəsinə daxil olur. Bu fakültəyə daxil olması onu bir tarixçi kimi formalaşdırmış, sonra gələcəyin böyük tarixçisinin həyatı türk xalqlarının tarixi ilə çulğalaşmışdır desək, yanılmarıq. Gördüyü həyat hadisələri, tarixi gedişatlar, onun qələmini, araşdırma ruhunu dilləndirmiş, bir çox əsərlərinin yaradılmasına vəsilə olmuşdur. Amma bu araşdırmalar, sanki tarixin tozlu rəflərində göstərilməyi, öyrənilməyi gözləyən səhifələrinin yenidən açılması zamanının gələcəyini bilirdi. Bugünkü tarixə bir nəzər...

Faruq Sümər elmi çalışmalarının əksəriyyətini, əsasən, ulu atalarımız olan oğuzların tarixinə həsr etmiş, onların tarixin axarını necə dəyişdiklərini öz əsərlərində mesaj olaraq bildirmişdir. Təsadüfi deyil ki, görkəmli tarixçinin ən böyük əsəri də məhz “Oğuzlar” adlanır. Bu əsər haqqında tarixçinin özü də “yazdığım ilk və son əsər” deyərək onun necə də möhtəşəm bir abidə olduğunu gözlər önünə sərmişdir. Əsər Mərkəzi Asiyanın, Yaxın Şərqin, Şimali Afrikanın, Şərqi Avropanın tarixində mühüm izlər qoymuş türk-oğuz tayfalarının həyatını, məişətini, dastanını özündə ehtiva edir. Bu əsərlə birlikdə dünya tarixində silinməz izlər qoyan, lakin az araşdırılıb, az öyrənilən türk-oğuz tayfaları daha yaxından və ən önəmlisi obyektiv şəkildə öyrənilmişdir. Faruq Sümər öz əsərini yazarkən Anadolu torpaqlarını qarış-qarış gəzmiş, kənd adlarını, şəhər adlarını araşdırmış və təfərrüatlı qeydlər etmişdir. İki hissədən ibarət olan əsərin birinci hissəsində I göytürklərin, doqquz oğuzların tarixi və səlcuqlar, ikinci hissədə isə oğuzların toy təşkilatları, oğuz boylarından danışılır. Əsərin ən maraqlı tərəfi isə “Kitabi-Dədə Qorqud” dastanını təhlil etməsidir. Əsərdə türk sözünün maraqlı analizi də diqqətəlayiqdir. Kitabda yazılanlar: “türk” adının “törümək” (doğmaq-törətmək, dünyaya gəlmək) feilindən yarandığı haqqında A.Vamberinin fikri bizə daha doğru görünür. Bu fikrə görə, “türk” (əslində: törük, türük-türk) doğulan, dünyaya gələn deməkdir (yörük sözünün “yörümək”(yürümək) kəlməsindən yarandığı kimi). “Türk” sözü qüvvət (güc) mənasında göytürklərdən çox-çox sonra X-XIII əsrlərə aid uyğur kitabələrində müşahidə edilir, yəni türk adının meydana çıxmasından xeyli sonra gec bir zamanda və yalnız türk qövmünə aid mətnlərdə rastlanır. Bu hal sözün güc-qüvvət mənasında qədim olduğuna şübhə yaradır. Üstəlik, “türk” sözünün uyğurlar arasında “güc, qüvvət” mənasında işlədilməsi göytürklərin şanlı xatirələrindən, böyük şöhrətlərindən doğa bilər.
“Oğuzlar” əsəri bütün nüansları ilə, diqqətəlayiq məqamları ilə Türk dünyasında yüksək qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu əsərin tarixi əhəmiyyətini nəzərə alaraq 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil etmişdir. Gənc nəsildə vətənpərvərliyin, tarixin, milli kökə bağlılığın və dünyagörüşünün formalaşdırılmasına xidmət edən bu kitab Naxçıvan gəncliyinin həyatında oxunan ən maraqlı kitablar sırasına daxil edilib. Kitab Azərbaycan dilinə tərcümə edilərək ümumtəhsil məktəblərinə, ali təhsil ocaqlarına və dövlət qurumlarına paylanıb. Maraqla qarşılanan bu kitabın əhəmiyyəti ondan ibarətdir ki, gənclərin tarixi dünyagörüşünə, sosial baxışına da müsbət nəticələr verib.
Azərbaycan xalqının etnogenezində mühüm yer tutan türk-oğuz tayfalarının tarixi hər bir azərbaycanlı tərəfindən öyrənilməli, mənimsənilməlidir. Tarixdən də bu haqda oxuduqlarımızı xatırlamaqda fayda var: Oğuzların adı ilk dəfə Orxon kitabələrində qeydə alınmışdır. Bu kitabələrdə onlar Göytürk hökmdarı Bilgə xaqan tərəfindən “mənim xalqım” deyə adlandırılıb. Bu qəhrəman tayfaların bir çoxunun adı hələ də şəhərlərimizdə, kəndlərimizdə yaşayır. Oğuzlar əfsanəvi Oğuz xanın altı oğlunun törəməsi olub iyirmi dörd boydan ibarət olmuşdur. Bu iyirmi dörd boy boz oxlar və üç oxlar olmaqla, iki ana qola ayrılmışdır. Boz oxlar qoluna məxsus olan boylar Gün xan, Ay xan və Ulduz xandan, üç oxlar qoluna məxsus olan boylar isə Göy xan, Dağ xan və Dəniz xandan törəmişdir. Hər bir oğuz boyunun özünəməxsus damğası və simvolu olmuşdur. Bu simvollar müxtəlif yırtıcı quş növlərində öz əksini tapmışdır. Oğuzlar tarixdə möhtəşəm dövlətlər yaratmış, imperiyalar qurmuş, tarixin axarını birbaşa şəkilləndirmişlər. Oğuz-Yabqu dövləti, Böyük Səlcuq İmperiyası, Osmanlı İmperiyası, Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti, Səfəvi dövləti bu qəhrəman tayfaların yaratdığı dövlətlərdən, sadəcə, bir neçəsidir. Oğuzlar dünyaya 1300 il yaşı olan “Kitabi- Dədə Qorqud” dastanı kimi mədəni irs incisini də bəxş etmişdir. Yaxın Şərqdə, Mərkəzi Asiyada altında oğuzların imzası olan yüzlərlə mədəniyyət abidəsi mövcuddur.
Müasir dövrdə də oğuzların nəvələri öz dövlətləri ilə dünyada təmsil olunurlar. Azərbaycan türkləri, Anadolu türkləri, İraq türkmanları, türkmənlər məhz oğuz türklərinin davamçılarıdır. Onlar müasir dünyada Azərbaycan, Türkiyə, Türkmənistan kimi güclü dövlətlərdə təmsil olunurlar. Faruq Sümər də türkün tarixini oğuzların dili ilə bəyan edərək tarixi əhəmiyyətini vurğulamışdır.

Əminə RƏHİMLİ

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR