17 Oktyabr 2021, Bazar

Dağların qoynunda əsrarəngiz təbiəti, zəhmətkeş, qonaqpərvər insanları ilə seçilən bir kənd var: Nursu. Bu kənd həm də ziyalıları, görkəmli elm adamları ilə tanınıb. Ancaq kəndin böyükdən-kiçiyə kimi hər bir sakininin qəlbinə, dilinə bir ad hakim kəsilib. Bu yerə ayaq qoyanlar da, bu kəndin adını eşidənlər də həmişə o insanı yad edir, onun şeirlərindən bir parçanı ya ürəyindən keçirib, ya da dilə gətirir. O, “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim”, “Dünya sənin, dünya mənim, dünya heç kimin…”, “Bu da belə bir ömürdü yaşadım”, “Sən kimə gərəksən, mən kimə gərək”, –  deyən xalq şairi Məmməd Araz, onun şeiriyyətdir. 

 

Bir payız günü, təbiət öz donunu dəyişəndə, durna qatarının asta-asta köç etdiyi, yarpaqların yavaş-yavaş saralıb xəzan selinə döndüyü bir vaxtda – oktyabr ayının 14-də kəndin sadə, zəhmətkeş insanlarından olan İnfil kişinin ailəsində doğulub Məmməd Araz. Ata ocağında kiçik yaşlarından nənəsi Zöhrə xanımın hafizəsində yaşayan folklor nümunələri, anası Cahan arvadın kövrək və səmimiyyət dolu sözlü-söhbətli dünyası ilə gələcək ədəbi həyata hazırlanmışdı. Nursunun havasını udub, suyunu içib, çörəyini yemişdi. Uşaq və ilk gənclik illərini Batabat yaylağında, Çadırdaş ətəyində, Salvartı yaxasındakı obaların səs-küylü çağında, güllərin-çiçəklərin axar-baxarında keçirmişdi. Bu yurd yerinin saf təbiətində, dağların qoynunda böyüyüb ərsəyə çatdıqca təbiətin gözəllikləri, Vətən, yurd sevgisi şairin ruhuna hopurdu. Bəlkə, buna görə idi ki, o, bütün aləmə – Vətənə və dünyaya hər daşına, qayasına vurğun olduğu Şahbuzun – Nursunun dağlarından, yamaclarından, “ürəyinin bir parçası” adlandırdığı Naxçıvandan baxmışdır. “Mənim ürəyimin bir parçasıdır, doğma Şahbuzum da, Naxçıvanım da”, – deyən Məmməd Arazın Şahbuz və Naxçıvan təkcə tərcümeyi-halının, həyatının deyil, yaradıcılığının da start nöqtəsi olmuşdur. Məmməd Araz sənətinin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bilmişdir.
Uşaqlığından təbiətə vurğunluğu idi onu şair edən. Ürəyində bitib-tükənməyən Vətən sevgisi yaradıcılığı boyu rəngarəng poeziyasının daş yaddaşı idi. Şair bu sevgini elə bil ki, sözlərlə heykəlləşdirir, misralarla əbədiləşdirirdi. O, Vətənin bir zərrəsinə, bir əlçim buluduna, balaca mamırına çevrilməyi özünə xoşbəxtlik sayırdı. Vətənə layiqli oğul olmaq istəyi onun yaradıcılığına həmişə gün işığı salırdı. Bəlkə, elə Araz dünyasından keçən yolu nurlandıran, işıqlandıran da bu istək böyük vətəndaşlıq sevgisi idi.
Şairin şeirlərini oxuyarkən elə bilirsən ki, misra qurtarsa da, fikir sərhədi sonsuz ümmandır. Zamanın ruhu, sanki bu sərhədlərdə keşik çəkir. Çünki şair sözün sehrini, sözün qüdrətini harada, necə işlətməyi yaxşı bilirdi. Əbəs yerə deyilməyib ki, söz əsl şair əlindədirsə, o, mütləq göyərəcək, qol-qanad açacaq, onu gözləyənlərin ünvanına səssizcə yol alacaq. Əgər naşı əlindədirsə, minillik boz quma çevriləcəkdir. Elə söz əsl şair əlində olduğu üçün “göyərdi”, dillərə düşdü, eldən-elə, kənddən-kəndə, şəhərdən-şəhərə yayıldı, eynilə uzaq-uzaq ölkələrdə yaşayan milyonlarla soydaşımızın ürəyinə yol tapdı.
Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəlmişdi elə bil. Özü ilə də poeziyaya Arazın dərdini, ağrısını gətirmişdi. Vətəndaş şair tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folklordan ilham alaraq çağlayan Araza dönmüşdü. Təsadüfi deyildi “Araz” təxəllüsünü götürməyi. Ona görə götürmüşdü ki, bütün varlığı ilə Azərbaycana qovuşsun, onun əsl vətəndaşına çevrilsin. Elə istədiyi kimi də oldu, arzusu onu sonsuz bir ümmana – oxucu ürəyinə, oxucu yaddaşına çatdırdı.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

Şairin yaradıcılığı, ilk növbədə, özünü­ifadənin tərcümanıdır. “Harada, necə yazır­dı?” kimi sualların cavabı onun şeirlərində, misralarında gizlənibdi sanki.

“Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, ona demişəm.
Anadan-bacıdan gizlətdiyimi,
Kağızdan, qələmdən gizlətməmişəm”,

– deyən şair hər şeydən çox ömür köynəyindən keçirdiklərini qələmə almışdır.
Şeirləri də taleyi kimi bənzərsiz olduğundan Məmməd Arazı “tale şairi” adlandırırlar. “O özünü şeirin taleyi üçün cavabdeh sayırdı, yoxdursa sözünün kəsəri yazma”, – deyirdi. Həssas, duyğulu bir ürəklə yaşamağı, yazmağı sənətkarın yeganə həyat meyarı, sənət zirvəsinin başlıca yolu adlandırırdı.
Görkəmli söz ustadı ağ vərəq üzərinə köçürdüyü hər bir kəlməsini Vətənə, onun mayasına, qayəsinə həsr edirdi. Öz doğma elinin, obasının tarixi keçmişini, coğrafiyasını, ədəbiyyatını, maddi-mənəvi irsini, dilini, dinini və fəlsəfi irsini hərtərəfli, yüksək səviyyədə bilir və onlara sahib çıxmağa çalışırdı. “Azərbaycan – dünyam mənim” şeirində yazırdı:

Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!!!

Bir şair kimi Məmməd Arazın böyüklüyü onda idi ki, o bu fani dünyaya “Azərbaycan dünyasından” baxa bildi və oxucularını Ana Vətənin əbədiyaşarlığına inandırmağı bacardı. “Vətənsiz insan köksüz budaqdır və kökü olmayan hər canlı məhvə məhkumdur” həqiqətini həmvətənlərinə təlqin etdi. Ona görə də bu gün Azərbaycan Məmməd Araz poeziyasında daha uca, daha gözəl və daha məğrur görünür...
Əsrimizin səsli-küylü bu zamanında söz üstündə qulağımıza gələn bir Məmməd Araz şeirini, bir Məmməd Araz misrasını eşitmək də, dinləmək də xoşdur. Keçmişin qəhrəmanlıqlarını və qəhrəmanlarını Araz körpüsündən keçirib dünənimizlə bu günümüzü birləşdirən Məmməd Araz poeziyasında cənginin sədaları eşidilir. Nalından od çıxan kəhərlərin yerişləri, qılıncların toqquşması, igidlərin şücaəti şairin söz yükü tutmuş poeziyasında elə bil ki, əks-səda verir. Elə “İnsan-qayalar” şeirində olduğu kimi:

....Siz ey qədim əfsanələr,
Şeirimə yağ, səsimə yağ!
Nə zamansa bu daşlarla
bir dil tapan tapılacaq –
Bu daşların, qayaların
keçmişini oyadacaq,
Ordu-ordu qayalıqlar
insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr
Onda məni – bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...

Sənətkarı el gözündə yüksəldən, ona mənəvi yaşam haqqı verən alqış, sərvət kimidir. Ömrüboyu yaratdıqları ilə alqışlandı, el məhəbbətilə yaşadı Məmməd Araz. Məmməd Araz yaradıcılığı boyu nə etdisə, “Vətəni sevmək naminə, ucaltmaq naminə” etdi. Sözlə həm Vətəni ucaltdı, həm də özü ucaldı.

Turanə BAXŞƏLİYEVA
“Oğuz səsi” qəzetinin məsul katibi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR