18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yola saldığımız 2012-ci il muxtar respublikamızda bütün sahələrdə əldə olunan uğurlu nailiyyətlərlə yadda qalmışdır. Ötən il tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində də məqsədyönlü tədbirlər görülmüş, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpasına xüsusi diqqət yetirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmiş, kitabxana xidməti müasir tələblər səviyyəsində qurulmuşdur. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin qeyd olunması, bu mədəniyyət ocağında elektron kitabxananın istifadəyə verilməsi, açılışı olan kənd mərkəzlərində, məktəblərdə zəngin kitabxanaların yaradılması da 2012-ci ilin mühüm mədəni tədbirləri sırasında yer almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə yeni kitablar nəşr olunmuşdur.

Muxtar respublikada 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması ilə milli mədəniyyətin, milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişlənmiş, milli dəyərlərimizlə bağlı festivallar, yaradıcılıq müsabiqələri keçirilmiş, “Naxçıvan” jurnalının bir nömrəsi “Milli dəyərlər ili”nə həsr olunmuş, “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” kitabları və “Naxçıvan – Bəşəriyyətin beşiyi” albom-kataloqu işıq üzü görmüşdür.

“Naxçıvan mətbəxi” kitabı “Milli dəyərlər ili”nin ən layiqli töhfələrindən biridir. Naxçıvan mətbəxinin öyrənilməsi və yaşadılması baxımından mühüm əhəmiyyətə malik olan bu kitab 34 bölmədən ibarətdir. “Naxçıvan duzu”, “Süd mətbəxi”, “Quru xörəklər”, “Şirniyyatlar”, “Mürəbbələr” və digər bölmələrdə Naxçıvanın zəngin mətbəx nümunələri və onların hazırlanma qaydaları haqqında oxuculara geniş məlumatlar verilir. Azərbaycan və ingilis dillərində hazırlanan kitabda fotoşəkillərdən də geniş istifadə olunmuş, unudulmaqda olan kulinariya nümunələri haqqında məlumatlar, mətbəxlə bağlı folklor nümunələri yerləşdirilmişdir. 
Azərbaycan tikmə sənətini özünəməxsus texnika və kompozisiya quruluşu ilə zənginləşdirən Naxçıvan tikmələri ornamental motivlərinin müxtəlifliyi ilə seçilir. “Milli dəyərlər ili”ndə bu qədim xalq sənətinin yaşadılması istiqamətində də bir sıra əhəmiyyətli tədbirlər görülmüş, “Naxçıvan tikmələri” kitabı çap edilmişdir. Kitabda tikmə sənətimizin güləbətin, təkəlduz, doldurma, saya naxışlı bədii tikmə, muncuqlu tikmə, pilək, qurama, cülmə, oturtma, cinağı, basmanaxış, şəbəkə, düymələmə kimi növləri haqqında geniş məlumat verilmiş, tikmə sənətinə aid müxtəlif fotoşəkillər əks olunmuşdur. Kitabdakı məlumatlarla ingilis dilində də tanış olmaq mümkündür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsi tərəfindən Naxçıvan folklorunun toplanması və tədqiqi işinə son dərəcə həssaslıqla yanaşılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ötən il “Naxçıvan folkloru”nun üçüncü cildi işıq üzü görmüşdür. Nəfis tərtibatla çap olunan kitabda muxtar respublikanın bütün bölgələrindən toplanmış folklor nümunələri öz əksini tapmışdır. Belə ki, antologiyada “Miflər”, “Dönərgələr”, “Mif obrazları”, “İnanclar, sınamalar, yasaqlar”, “Əfsanələr, rəvayətlər”, eləcə də xeyli sayda biri-birindən maraqlı şifahi xalq ədəbiyyatı nümunələri toplanılıb. Bundan əlavə, kitabda mərasimlər, oyunlar, pirlər, ocaqlar, yuxuyozmalar, ovsunlar, alqışlar, qarğışlar, nağıllar, xalq hikmətləri, atalar sözü və məsəllər, lətifələr, deyimlər, əmək nəğmələri, laylalar, oxşamalar, bayatılar, dastanlar, mahnılar, nazlamalar və digər xalq yaradıcı­lığı nümunələri də verilmişdir. Sonuncu bölmədə muxtar respublikada yayılmış xalq təbabəti, dialektoloji və onomastik sözlük, mətnlərdəki adlar və Naxçıvanın folklor xəritəsi yer almışdır.
Naxçıvan tarixinin əhatəli şəkildə tədqiq olunması və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən tədbirlərin ötən il də davam etdirilməsi müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermişdir. Bu kitablardan biri də Naxçıvan Duzdağında aparılmış araşdırmaların nəticələri ilə bağlı hazırlanan “Naxçıvan Duzdağının qədim duz mədənləri” kitabıdır. Kitabda Duzdağ mədəninin qədimliyi, bu mədənlərdən e.ə. V minillikdən başlayaraq duz çıxarıldığı, mədənçiliyin inkişaf etdirildiyi ətraflı işıqlandırılmışdır. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilmiş, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi öz əksini tapmışdır. Kitabdakı məqalələr Azərbaycan və ingilis dillərində nəşr olunmuş, qədim Duzdağ mədəninin və oradan aşkar olunan maddi-mədəniyyət nümunələrinin fotoşəkilləri yerləşdirilmişdir.
Akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyasında ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törətdikləri soyqırım və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, onların acı nəticələri konkret faktlarla öz əksini tapmışdır. Azərbaycanın, o cümlədən Naxçıvanın müxtəlif dövr tarixini özündə əks etdirən monoqrafiyada mühüm tarixi sənədlərin verilməsi, faktlara dəqiqliklə yanaşılması, Naxçıvanla bağlı 1924-cü ilə aid olan xəritənin yer alması nəşrin elmi əhəmiyyətini daha da artırır. Bu kitab gələcək tədqiqatlar üçün də dəyərli elmi mənbədir.
2012-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq, ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti ədibin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına əsasən, ədibin yubileyi muxtar respublikada geniş qeyd olunmuş, “M.S.Ordubadi: taleyi və sənəti”, eləcə də “M.S.Ordubadi: həyatım və mühitim” kitabları çap olunmuşdur. “M.S.Ordubadi: taleyi və sənəti” kitabında Ordubadinin həyat və yaradıcılığına dair məqalələr toplanmışdır. Böyük elmi əhəmiyyətə malik olan bu məqalələrdə ədibin rəngarəng bədii lövhələr və özünəməxsus obrazlarla xarakterizə olunan yaradıcılığı hərtərəfli təhlil olunmuş, kitabın “Ömrün anları” bölməsində Məmməd Səid Ordubadinin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri yerləşdirilmişdir. “M.S.Ordubadi: həyatım və mühitim” kitabında isə görkəmli ədibin “Həyatım və mühitim” memuarı, “Qanlı sənələr” əsəri və “İki çocuğun Avropaya səyahəti” romanı, habelə ilk mənzum əsərləri toplanmışdır. Zəngin tarixi məlumatların, mürəkkəb siyasi proseslərin təsvir olunduğu bu kitabda XIX əsrin sonu və XX əsrin əvvəllərinin ictimai-siyasi mənzərəsi öz əksini tapmışdır.
Bəhruz Kəngərli milli təsviri incəsənətdə realist dəzgah boyakar­lığının əsasını qoyan, portret və mənzərə janrının formalaşmasında böyük xidməti olan sənətkardır. Rəssamın zəngin irsi xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirir. Ötən il sənətkarın 120 illik yubileyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti 2012-ci il aprelin 13-də “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, görkəmli rəssamın yubileyi ölkəmizdə, eləcə də muxtar respublikamızda silsilə tədbirlərlə qeyd olunmuşdur. Təsdiq olunmuş Tədbirlər Planına əsasən, yubileylə əlaqədar poçt markası buraxılmış, elmi konfranslar keçirilmiş, yeni tədqiqat işlərinə başlanmış, Naxçıvan şəhərində rəssamın əsərlərinin tam kulliyyatından ibarət sərgisi açılmış, Bəhruz Kəngərli muzeyində əsaslı yenidənqurma işlərinə başlanılmış, rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuşdur. 190-dan artıq rəsm əsərinin toplandığı “Bəhruz Kəngərli” albom-kataloqundakı “İlanlı dağ”, “Ağrı dağ”, “Əshabi-Kəhf”, “Naxçıvanda məqbərə”, “Əliabad kəndində alaqapı”, “Yamxana kəndinə gedən yol”, “Tərk edilmiş ev”, “Qaçqınlar” silsiləsindən, “Yurdsuz ailə” əsərləri yüksək bədii sənətkarlıq nümunələri olmaqla yanaşı, humanist rəssamın daxili hiss və düşüncələrini də özündə əks etdirir.
Sadalanan nəşrlərlə yanaşı, 2012-ci ildə muxtar respublikada rəsmi sənədlər əsasında hazırlanan kitabların və hüquqi nəşrlərin çapı da diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi: 1996-2011. Rəsmi sənədlər toplusu”, “Normativ hüquqi aktlar. 2011-ci il üzrə” və “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası” nəfis tərtibatla çap olunmuşdur.
Muxtar respublikada keçirilən simpozium və konfransların materialları əsasında da bir sıra kitablar nəşr olunmuşdur. “Naxçıvan: İlk yaşayış və şəhərsalma yeri kimi” Beynəlxalq Simpoziumun, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi” mövzusunda elmi konfransın materiallarının kitab şəklində nəşr olunması mühüm elmi-ictimai əhəmiyyət kəsb etmişdir.
İl ərzində Cəlaləddin Ruminin “Məsnəvi”lərinin birinci və ikinci cildləri, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Abbas Zamanov. Biblioqrafiya”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri”, “Naxçıvan Duzdağı. Tarixi, arxeoloji və etnoqrafik materiallar toplusu” kitabları nəşr olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi 130 illik yubileyi ölkəmizdə geniş qeyd olunan görkəmli şair-dramaturq Hüseyn Cavidə həsr edilmişdir.
Həmçinin ötən il Ali Məclis Sədrinin sərəncamları ilə təsdiq edilmiş Tədbirlər planlarına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Televiziya, sənədli filmlər və dublyaj redaksiyası tərəfindən “Azərbaycanlıların soyqırımı”, “Sənətin Bəhruz zirvəsi”, “Vətən, sənə canım qurban” və “Naxçıvanda ilkin şəhər mədəniyyəti” adlı sənədli filmlər hazırlanaraq nümayiş etdirilmişdir.
Xalqımızın mənəvi sərvəti olan kitablar tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli dəyərlərimizi yaşadan mühüm vasitələrdir. Çap olunan kitablar, monoqrafiya və albom-kataloqlar Naxçıvanın, bütövlükdə isə ölkəmizin tarixinin, mədəniyyətinin, ədəbiyyatının, milli dəyərlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu nəşrlər təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əvəzsiz elmi mənbələrdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3286142
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
990
3637
23911
70788
3286142

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter