30 Noyabr 2021, Çərşənbə axşamı

Kamil Əliyev – 100

Azərbaycan xalqının milli-mənəvi dünyasını, gözəllik duyumunu, dərin fitri istedadını, dünyaya fəlsəfi baxışlarını özünəməxsus sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin çox qədim tarixi vardır. Bu sənətin sirlərini nəsildən-nəslə öyrədərək və ötürərək bu günümüzədək gəlib çatmasında xalça ustalarının əvəzsiz xidmətləri danılmazdır. Belə ustalardan biri də Kamil Əliyevdir. 

 

Azərbaycan xalçaçılıq sənətinin rəng­lər və ilmələr sehrkarı, rəssam, böyük vətənpərvər insan Kamil Müseyib oğlu Əliyev 1921-ci ildə oktyabr ayının 22-də Qərbi Azərbaycanda, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərində dünyaya göz açmışdı.


Bu illər ermənilərin azərbaycanlılara qarşı amansızcasına yürütdükləri qanlı soyqırımı siyasətinin qurbanı olan millətimiz baş verən ağrılı-acılı hadisələr ucbatından öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışdılar. Bu köçkün toplumlardan biri də Əliyevlər ailəsi idi. Onlar 1922-ci ildə Türkiyədə sığınacaq tapırlar, az sonra öz ailəsi ilə birlikdə yenidən İrəvana qayıdan Müseyib kişi ermənilər tərəfindən davam edən amansızlıqları görüb Bakıya köçür və ailəsi ilə Çəmbərəkənddə yaşamağa başlayır.
Elə bu zamandan etibarən İrəvan məfhumu 8 yaşlı Kamilin xəyalında və gələcəkdə toxuyacağı naxışlarda nağıl kimi yaşayır, həyatda isə onun gələcək taleyini müəyyən edən yeni duyğular baş qaldırır.

Nənəsi Gülsüm xanım və anası Xanımın toxuduğu xalçaların ecazkar təsir qüvvəsi Kamilin iç dünyasına hopur və onu ovsunlayır. Zümzüməsinin müşayiəti ilə gecə lampa işığında xalı-xalça toxuyan nənəsinin əllərinə baxmaq, əriş üzərində iti hərəkətlərlə düyün salan anasını izləmək Kamilin ən sevimli vərdişlərindən idi.
Atasını erkən itirən Kamilin ailəsinin yeganə qazanc mənbəyi onların evində toxunan xalçalardan gələn gəlir idi. Lakin bu gəlirdən daha dəyərlisi Kamilin gələcəkdə yiyələnəcəyi sənətə qazandığı sevgi oldu. Kamil Əliyev güclü insan idi. Onda istədiyinə çatmaq üçün bütün maneələri dəf etmək bacarığı, bütün çətinliklərə qatlaşmaq, ən ağır əməyi öz üzərinə götürüb yüksək səviyyədə həyata keçirmək istedadı var idi. Kamil Əliyevin böyük bacısı Mənzər gənc yaşlarından rəssamlığa və xalça sənətinə meyil etmişdi. Bu meyil onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Dekorativ-tətbiqi sənət şöbəsinə daxil olmasına gətirib çıxardı. Sonralar tanınmış xalça rəssamı olacaq bacısı Mənzərin püxtələşməsinə təsir edən müsbət cəhətlərdən biri də məktəbdə onun Lətif Kərimovdan dərs alması olmuşdu.

Bacısından örnək götürüb 1936-cı ildə Bakı Rəssamlıq Məktəbinin Dekorasiya şöbəsinə daxil olan Kamil üçillik təhsilini başa vurduqdan sonra “Azərxalça” Birliyinin eksperimental laboratoriyasında köçürücü rəssam kimi çalışmağa başlayır.


Burada o, Qəzənfər Xalıqov, Əmir Hacıyev, Lətif Kərimov, Kazım Kazımzadə, İsmayıl Axundov kimi böyük sənətkarlardan təcrübə qazanır və öz üzərində işləyir.
Kamil Əliyev 1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunan süjetli xalçaların toxunmasında çox fəal iştirak edir.
Ömrünü xalçalara, naxışlara həsr edən Kamilə dövlət tərəfindən etimad göstərilərək 1962-ci ildə Yerli Sənaye Nazirliyində İstehsalat şöbəsinə rəis, 1963-1971-ci illər arasında isə Bakı Zərgərlik Məmulatları fabrikinə direktor və incəsənətlə bağlı digər mühüm obyektlərə rəhbərlik həvalə edilir. Bütün qazandığı nailiyyətlərə baxmayaraq, Kamil Əliyev xalça sənətinə olan eşqinə sadiq qalır və bu sənətlə bağladığı əhdü-peymanı pozmur.

Kamil Əliyevin toxuduğu xalçalar üzərində mənəvi aləm, qədim tariximiz, zərif düzümlü bəzək elementləri, kalliqrafik yazılar, sonsuz və dərin rəng çalarları böyük ustalıqla təcəssüm edilib.

Təbiətən hövsələsiz olan bu insan çox böyük təmkinlə, müdrikcəsinə yaradacağı xalçanın hər kiçik detallarını düşünür, onların nazını çəkirdi. Kamil Əliyevin ilk toxuduğu xalça 1958-ci ildə nəinki Azərbaycan, bütün Şərq poeziyasının tanınmış dühası Məhəmməd Füzulinin 400 illik yubileyinə həsr edilir. Xalqımızın tarixi yaddaşından gələn rənglərin, naxışların, mifik obrazların vəhdəti, gücü-qüdrəti, kompozisiyanın bədiiliyi, estetik-fəlsəfi qayəsi, monumental ruhu xalçanı və xalçaçı rəssamı sənət zirvəsinə yüksəltmişdir.
Rəssam sehrli ornamentlərin öz təfəkkürünün ona diktə etdiyi yeni formalarını yaratmış, rəngləri təcrübədən keçirmiş, özünü dekorativ sənətin bu və ya digər sahələrində sınağa çəkmişdir.
Kamil Əliyev Azərbaycan xalçasını, bu sənətin inkişafda olan müasir vəziyyətini dünyanın hər yerində tanıtdı. O, Azərbaycan xalçasında tarixi yaratdı, dühalarımızı, şəxsiyyətlərimizi əbədiləşdirdi. İrqindən, coğrafi məkanlarından asılı olmayaraq, dünya miqyasında tanınmış simaları xalçalarına qəhrəman seçdi.
Bu növ ciddi çeşniləri işlədikcə bir qayda olaraq Kamil Əliyev məğrur, mübariz, humanist simaların ilmələrlə tam ifadəsi üçün bütün bacarığını sərf edirdi. Hər bir portretin özünə xas kompozisiyasını yaradırdı. Yaratdığı bütün xalçalarda fərqli, bir-birinə bənzəməyən təqdimat hökm sürürdü.
1973-cü ildə böyük ustad şair İmadəddin Nəsiminin 600 illik yubileyi münasibətilə yaratdığı portret xalçası nadir sənət abidəsi kimi fantastik zirvəyə ucalmışdır. Bu xalça üzərinə 700 mindən artıq ilmə vurulmuşdur.
1978-ci ildə “Nizami Gəncəvi” xalçasının bədii tərtibatı üzərində işləyərkən Kamil Əliyev qədim “Quran” əlyazması kitabında rast gəldiyi naxış elementlərindən istifadə edir. Rəssam öz aləmində dahi Nizamini peyğəmbərlik səviyyəsinə ucaldır.
Daha sonralar müxtəlif illərdə toxunmuş “M.F.Axundov” (1978), “ Aleksandr Serqeyeviç Puşkin” (1987), “ Şota Rustaveli” (1981), “İndira Qandi” (1985), “Rabindranat Taqor” (1987) kimi xalçaların hər birində Kamil Əliyev tərəfindən istifadə edilən fərqli medalyon məmulat üzərində təqdim edilən şəxsin dünyaya baxışları və fəlsəfəsi ilə uzlaşır.
Bu süjetlər qalereyasını zənginləşdirən, yeni ruh gətirən şəxsiyyətlər içərisində Azərbaycan xalqı üçün önəmli simalar və dünya miqyasında tanınan ictimai xadimlər və siyasətçilərdən Heydər Əliyev (1980, 1998, 2004), İlham Əliyev (1997), M.Rəsulzadə (1989), türk lideri Mustafa Kamal Atatürk (1991,1996), Süleyman Dəmirəl (1994) və digər tanınmış şəxsiyyətlər var.
Kamil Əliyevin həyatının hər anı, hər dəqiqəsi qiymətli və məhsuldar olmuşdur. Bu fitri istedad sahibinin ürəyində daşıdığı ən böyük arzularından biri gənclik illərindən tanıdığı, hər zaman ehtiram göstərdiyi, xalqımızın iftixarı, qürur mənbəyi olan ulu öndərimizin portretini xalça üzərində yaratmaq idi.
1980-2004-cü illər arasında rəssam “Ümummilli liderimiz Heydər Əliyev” xalçasının onlarla variantda layihəsini hazırlayır və bu layihələrdən üçünü ilmələr üzərinə köçürür. Birincisi 1980-ci ildə toxunan xalça olur. Bu xalça üzərində Kamil Əliyev müdrik dövlət başçısının, böyük siyasi xadimin portretini yüksək zövq və sənətkarlıqla yaratmışdır.
İkinci xalçada müəllif generalın ciddi baxışlarını, mühüm mövqe sahibi olduğunu ilmələrin köməyilə açıb göstərmişdir. Bu möhtəşəm sənət əsəri əvvəllər Naxçıvan Dövlət Xalça Muzeyində mühafizə olunub, hazırda isə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin ekspozisiyasında nümayiş etdirilməkdədir. Rəssam Azərbaycan xalçasının əsl fədaisidir, o öz sənəti ilə istədiyi hər bir uğura nail ola bilir.
Təxminən, altı il sonra Kamil Əliyev yenə də öz qəlbində ulu öndər Heydər Əliyev şəxsiyyətinin xalçada canlandırılmasına ehtiyac olduğunu duyur. Dahi rəhbərə həsr etdiyi üçüncü xalçasını hazırlayır. Bu xalçanı, həqiqətən də, Kamil Əliyevin şah əsəri saymaq olar. Xalçanın dəbdəbəli tərtibatı qəhrəmanın statusuna çox uyğundur.
Azərbaycan incəsənətində göstərdiyi xidmətlərə görə Kamil Əliyev ilk dəfə 1960-cı ildə fəxri fərmana layiq görülüb, respublikanın “Tətbiqi incəsənət ustası” fəxri adını qazanıb. 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə “Xalq rəssamı” fəxri adları ilə təltif edilib. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən rəssama dekorativ və tətbiqi sənət üzrə professor elmi adı verilib, 1999-cu ildə isə ümummilli lider tərəfindən “İstiqlal” ordeninə layiq görülüb.
Kamil Əliyevin özünün zövqlə kompozisiyasını tərtib edib, xalça üzərində böyük dəqiqliklə çalışdığı ən sevimli nümunə onun anasına ithaf etdiyi və 2003-cü ildə toxuduğu “Mənim anam” xalçasıdır. Xatirələrinin hamısında anasını dünyanın ən gözəl xanımı olduğunu deyən rəssam, sanki toxuduğu bu əsər vasitəsilə onu nəzmə çəkmişdir. Xalçanın toxunduğu zaman rəssam böyük həyəcan keçirir, tələsir və əlini obrazın örpəkli saçları, nurlu çöhrəsi üzərində gəzdirərək. “Bircə anamın xalçasının toxunub başa çatdığını görsəydim”, – deyərək xəyallara dalarmış.
Kamil Əliyevin xalça sənətinə gətirdiyi bir sıra yeniliklər olmuşdur. Onlardan biri bədii tərtibat baxımından portret üslubu ilə naxışı bir məkanda eyni səviyyədə yüksəltməkdir. Belə ki, o özündən əvvəl portret toxuyan xalçaçı rəssamlardan fərqlənir, müəllifin xalçalarında saya yerlik, hədd anlayışı yoxdur. Onun xalçalarında obrazla naxış bir-birinə qovuşub, biri digərini tamamlayır, onlar dağ çeşməsi kimi fərqli məcralardan olub, eyni mənbəyə tökülürlər.
Kamil Əliyevin sənəti xəlqidir. O, heç zaman xalq yaradıcılığından kənarda qalmamışdır. Məhz bu amalla rəssam yaradıcılığında klassik kompozisiyalara daha çox müraciət edirdi.
Ornamental xalçalar sırasında da Kamil Əliyev bir qisim xalçalar da yaratmışdır ki, onlar Azərbaycan xalçalarının bütün məktəbləri üzrə klassik çeşniləri əsasında toxunublar. Bunlardan “Qımıl”, “Qollu Çiçi”, “Xilə buta”, “Suraxanı”, “Mərəzə” və digərlərini göstərmək olar.
Xalq rəssamı, professor Kamil Əliyev Azərbaycan Respublikasının, onun milli-mədəni sərvətlərinin dünyada tanınmasında, sevilməsində əvəzsiz rol oynamışdır. Onun yaratdığı xalçalar respublika və dünya muzeylərinin, qalereyalarının, özəl kolleksiyalarının incilərindən sayılır. Onlar Azərbaycanımızın mədəniyyət salnaməsinin sənədli və canlı səhifələrinə çevrilmişdir.
Kamil Əliyevin yaratdığı hər bir əsər insanı özünün sehrinə salaraq valeh edir. İllər ötəcək, əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, lakin onun sənətinin zirvəsini, bəlkə də, fəth etmək mümkün olmayacaq.
Bu dünyada əbədi qalan, daim yaşar isə xalqımızın minilliklər öncə yaratdığı və bu gün yüksələrək inkişaf edən xalça sənətidir. Kamil Əliyev sənəti... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 12 oktyabr tarixli Sərəncamı, bu Sərəncama uyğun olaraq ölkəmizdə, eləcə də muxtar respublikamızda yubileyin dövlət səviyyəsində qeyd olunması böyük sənətkarın irsinə, eləcə də milli dəyərlərimizə verilən yüksək qiymətdir, Kamil Əliyev sənətinin həmişəyaşarlılığının təsdiqidir.

Ülviyyə MƏMMƏDOVA
Naxçıvan Dövlət Xalça Muzeynin direktoru

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR